Məhkəmə qərarları › İş №2(003)-1528/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1528/2024

22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1528/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə vurulmuş maddi zərərin əvəzi kimi- 2550 manat, əlavə dəymiş zərər olan 600 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində ona məxsus avtomobili ilə (Reno Megane **-RP-***) Heydər Əliyev prospekti ilə hərəkət edərkən, Cavabdeh, KİA RİO markalı **-KL-*** qeydiyyat nişanlı avtomobil ilə onun avtomobilinə zərər yetirmişdir. Göstərilən tarixdə yol hadisəsi baş verən zaman 3-cü şəxs də zərər çəkmişdir. Onun avtomobilinə dəymiş zərər “Sənaye sığortası” tərəfindən qiymətləndirilmiş və 5240 (beş min iki yüz qırx) manat məbləğində zərər dəyməsi təsdiq edilmişdir. Yol hadisəsi zamanı 3-cü şəxs də zərər çəkdiyinə görə, sığorta şirkətinin maksimum ayrılan məbləğ 5000 (beş min) manat olduğuna görə ödəniş mütənasib bölünmüşdür. Yəni ona 5240 (beş min iki yüz qırx) manat məbləğində zərər dəymiş, lakin “Sənaye Sığortası” tərəfindən ona 2690 (iki min altı yüz doxsan) manat məbləğində pul ödənilmişdir. Zərərin aradan qaldırılmasının qalan qismini, yəni 2550 (iki min beş yüz əlli) manatını təqsirkar şəxs Cavabdeh isdəyərkən onun pulu olmadığını bildirir. Avtomobilini öz vəsaiti ilə (yerdə qalan hissəsi “Sənaye sığorta”-sının ödədiyi məbləğlə) təmir etdirmişdir. Avtomobilsiz qaldığı müddət, təxmini 1 aydan çox olmuş və bu müddət ərzində taksi xidmətindən yararlanaraq iş yerinə gedib gəlmişdir. Ən azı günə 20 manat olmaqla 600 manat ona əlavə zərər gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədi və izahatında bildirdi ki, qəza zamanı qarşıdan gələn maşından yayınmaq üçün iddiaçının avtomobili ilə toqquşmuşdur. Sığorta şirkəti zərərin müəyyən hissəsini ödəmiş, qalan hissə ödənilməmişdir. Borcu hissə-hissə ödəməyə razıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD seriyalı 368520 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, xx.xx.2023-cü il tarixində sürücü Cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində (sürücü həmin vaxt ayıq olmuşdur) İddiaçı idarə etdiyi “Renault Megane” minik markalı avtomobilə ziyan dəymişdir. - xx.xx.2024-cü il tarixli 1-1344/23 saylı sığorta ödənişi aktından görünür ki, hadisə zamanı dəymiş zərərin məbləği 5240 manat hesablanmışdır. Digər zərərçəkən də olduğuna görə məbləğ mütənasib qaydada bölünmüşdür. İddiaçı 2690,21 manat məbləğ köçürmə yolu ilə göndərilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Renault Megane” markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilə 5240 manat zərər dəymişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh idarə etdiyi avtomobillə iddiaçıya məxsus olan avtomobillə toqquşmuş və nəticədə sonuncuya məxsus avtomobilə maddi zərər dəymişdir. Sığorta şirkəti "xxxx" ASC tərəfindən zərərin yarısı qarşılanmış, digər hissəsi isə başqa zərərçəkmişə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh hüquqa zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. Dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən aparılmış qiymətləndirmə hazırkı iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün əsas götürülməlidir. Bu səbəbdən sığorta ödənişi çıxıldıqdan sonra geriyə qalan 2550 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin əlavə maddi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı avtomobilinin təmir olunduğu müddət ərzində taksi xidmətindən istifadə etdiyini, şəxsi avtomobilindən istifadə edə bilməməsi səbəbindən digər bu kimi xərclərə məruz qalmasını bildirsə də, bu halları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2550 (iki min beş yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar