Məhkəmə qərarları › İş №2(003)-1561/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1561/2022

17.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1561/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində AKX-02149xx/xx-2020 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə asasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********00281 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxləlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən saz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla resmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2020-ci il tarixli 0286166anat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 604,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manaf, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 216,0 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Yuxarıda göstərilənlərə əlavə olaraq bildirmək istəyir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 2369,2 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2585,2 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli rəkətləri nəficəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2585,2 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 300 manat və iddiaçı tərəfindən ödənilmiş 48,85 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2934,05 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə hesablanmış 2585,20 manat borcun 687,40 mantı əvvəlki illərə görə (2013-cü il tarixədək), 216,0 manatı akt əsasında, 1681,8 manatı isə abonentin qazdan istifadə etdiyi qaz sərfinə görə hesablanmış borcdur. Qeyd olunan borc abonentin sayğacı dəyişilərkən əvvəlki illərə görə olan sayğac göstəricisi əsasında hesablanmışdır. Belə ki, iddiaçının nümayəndəsi hesablanmış 1681,8 manat borcun hazırki yeni tariflə, yəni qaz sərfinin müəyyən limitə qədər 0,10 manat, həmin limiti keçdikdən sonra 0,20 manat hesabı ilə hesablandığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, ümumiyyətlə ona məlum deyilki 9509 kub. metr qaz sərfi hansı qaydada hesablanmışdır. Əvvəlki sayğac onun mərhum ərinin adına olmuşdur. İndi halhazırda qeyd olunan debitor borc ondan tələb edilir. O 9509 kub.metr qaza gğrə hər kub.metri 0,10 qəpikdən hesablamanmaqla 950,9 manat borcu ödəməyə razıdır. Belə ki, iddiaçı təşkilat ona əvvəlki illərə görə qaz sərfiyatına görə borc hesablasa da, həmin borcun hansı dövrləri əhatə etdiyi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli, AKX- 02149xx/xx-2020 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00281 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2021-ci ilin iyun ayınadək ümumilikdə 2585,2 ( 1681,8 debitor borc 216,0 akt əsasında hesablanmış borc, 687,40 əvvəlki illərə dair borc) manat zərər hesablanmışdır. İş materiallarında olan Gasrep proqramından görünür ki, verilən qaz xətti üzrə **********00281 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) ümumilikdə cəmi 2585,2 manat zərər hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacın çıxış plastmas borusunun kənar təsirlər nəticəsində deşilməsi” aşkar edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 216,0 manat (2160 m3 x 0,10 manat = 216,0 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 49,25 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 216,0 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə iddiaçı qarşısında məsuliyyət daşımır. Buna görə də iddiaçının tələb etdiyi 216,0 manat məbləğində borc silinməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçıya 2013-cü il tarixə olan dövrə 687,40 təbii qazdan istifadəyə görə borc hesablanmışdır. Əvvəlki illərə dair sənədi tapılmayan dövr üçün tələb edilən 687,40 manat zərərə aid hissəyə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə də, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Bundan başqa məhkəmə iddia tələbinin 2020-ci ilin yanvar ayına hesablanmış debitor borc hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonent tərəfindən sayğac üzrə istifadə etdiyi təbii qaza görə ümumilikdə 1681,8 (950,9 + 730,9) manat borc hesablanmışdır. İddiaçı təşkilatın nümayəndəsi qeyd olunan borcun əvvəlki illərdə qaz sərfinə görə hesablanmış sayğac göstəricisi olduğunu və həmin göstəricinin abonentin sayğacı dəyişərkən köhnə sayğacın göstəricilərinin hazırkı abonentin abonent saldosuna qeyd olunduğunu bildirmişdir. Lakin iddiaçının nümyəndəsi həmin göstəricilərin hansı illərə görə və aylar üzrə ayrı-ayrılıqda hesablanmasına dair məhkəməyə sübut təqdim edə bilmədi. Belə ki, iddiaçının nümayəndəsi hesablanmış 1681,8 manat borcun hazırki yeni tariflə, yəni qaz sərfinin müəyyən limitə qədər 0,10 manat, həmin limiti keçdikdən sonra 0,20 manat hesabı ilə hesablandığını bildirmişdir. Məhkəmə bununla bağlı bildirir ki, ümumiyyətlə qeyd olunan təbii qazın hansı illərdə və il ərzində hansı həcimdə istifadə olunması abonentə hesablanmış borcun hesablanması üçün mühüm əhəmiyyət kəsb edir. Birincisi, təbii qazın qiymət ayrı-ayrı illərədə bir neçə dəfə dəyişmişdir ki, bu da borcun həmin illərə görə hesablanması üçün müəyyən edilməli haldır. İkincisi, abonent tərəfindən il ərzində hansı həcmdə təbii qazdan istifadə olunması, istifadə olunan qazın həmin il üçün müəyyən edilmiş limiti keçməsi, keçmişdirsə hansı həcmdə olması borcun hesablanması üçün mütləq müəyyən olunmalı haldır. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş 950,9 manat borcu qəbul etməsini cavabdehin təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən məbləğ istisna olmaqla 730,9 manat məbləğində dəymiş zərərin ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni istifadə etdiyi təbii qaza görə 950,9 manat (debitor borca əsasən) məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda İddiaçı İB-nin pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddiaçın tələb etdiyi 300,0 manat nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcə dair hər hansı rəsmi sənəd iş materiallarında müəyyən edilmədiyindən iddia tələbinin bu hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin ödənilmiş 48,85 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 18,85 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki,Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 950,9 manat pul və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 980,9 (doqquz yüz səksən manat, doxsan qəpik) tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 48,85 (qırx səkkiz manat, səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun qalan 18,85 (on səkkiz manat, səksən beş qəpik) manatı İddiaçınə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar