Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1572/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya xərcinə görə ödənilmiş 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdehlə olan nikahı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1267/2019 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin dəyişdirilərək ayda 160 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda X3 16 yaşı vardır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın heç bir tələbatını ödəmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Hal-hazırda 10-cu sinifdə oxuyur, ali məktəbə hazırlaşır. Onun qəbul imtahanında yüksək nəticə göstərməsi üçün hazırlığa getməyi mütləqdir. Cavabdeh uşağı ilə ümumiyyətlə maraqlanmır. Hətta, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti 8 aydan çox müddətdə ödəməmiş, yalnız icraçının təkidindən sonra ödəməyə başlamışdır. Uşağın bütün ehtiyac və qayğıları tamamilə onun öhdəsindədir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, qardaşı Cavabdeh hal-hazırda Ukraynada yaşayır. Həmin ölkədə müharibə şəraiti olduğuna görə işləyə bilmir. İddiaçının tələb etdiyi mediasiya xərci ilə razı deyil. Hesab edir ki, mediasiya xərcini iddiaçı özü ödəməlidir. Qardaşı ölkəyə gələ bilmir. Ukraynada yenidən ailə qurub, övladı yoxdur. Qardaşının xəstəlikləri vardır və səhhətində problem olduğundan iş tapmaqda çətinlik çəkir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1267/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-2276/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh qətnamənin qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. -11 mart 2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiaya dair xərci ödəmişdir (Mediator: İ.Ə.Cəfərov). -Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 246412 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin noyabr ayının 16-da 267 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra qadına Abdullayeva soyadı verilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Eyni zamanda Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bu tələbində tamamilə haqlı olmuşdur. Belə ki, zaman keçdikcə uşağın ehtiyacları artır, ölkədə istehlak qiymətləri dəyişir və bunlarla səbəbli əlaqəli olaraq uşağın minimum təminatında da artım baş verir. Qeyd olunmalıdır ki, tərəflərin birgə nikahlarından olan uşaq hal-hazırda 16 yaşındadır və o, məktəbə gedir. Onun gündəlik xərclərini, məktəb ləvazimatlarını (kitab, dəftər və sair) almaq, ali məktəbə qəbul olmaq üçün hazırlıq xərclərini qarşılamaq maddi cəhətdən iddiaçıya çətindir. Cavabdehin hal-hazırda ikinci dəfə ailə həyatı qurması hazırkı alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Bütün bu sadalananlara əsasən məhkəmə hesab edir ki, hal-hazırda uşağın saxlanması üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı məbləğdə aliment kifayət etmir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1267/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh ödənilmiş mediasiya xərcinə görə 60 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi tarixdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1572/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1572/2023
07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver