Məhkəmə qərarları › İş №2(003)-159/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-159/2023

09.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-159/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17000,0 manat, faiz borcu üzrə 1500,0 manat, mənəvi zərərə görə 2000,0 manat olmaqla, cəmi 20500,0 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin may ayından Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə İdarəsində Mülki Müdafiə Xidməti üzrə mühafizəçi vəzifəsində xidmət keçir. 27 iyun 2020-ci il tarixdə saat 3 radələrində metronun Neftçilər stansiyasının yaxınlığında Makler bağı deyilən yerdə, dayanacaqda dayanıb işə getmək üçün avtobus gözləyərkən “Opel” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yanında saxlamış, bir nəfər polis kapitanı formasında olan cavan oğlan ona qarşı səmimiyyət göstərərək Daxili İşlər Nazirliyinin formasında yol kənarında gözləməyini özünə rəva bilmədiyini söyləyərək, onu maşınla aparmağı təklif etdi. İddiaçı da həmin şəxsin səmimiyyətinə inanaraq onun avtomobilinə əyləşmiş və onlar yol boyu söhbətləşərək tanış olmuşlar. Belə söhbətlərin birində Vüsal onu X5 “102” zəng xidmətinə işə düzəldə biləcəyini dedi və iddiaçı xeyli götür-qoydan sonra razılıq verdi. X9 Nazirliyinin “102” zəng xidmətinə polis nəfəri kimi işə düzəltmək üçün 17000,0 (on yeddi min) manat pul verməli olduğunu bildirdi. İddiaçı razılaşdı və qısa bir müddətdə həmin 17000,0 (on yeddi min) manat pul toplayaraq Cavabdeh verdi. Vüsal ona bildirdi ki, sentyabr ayı ərzində əmrini verəcəklər. Sonradan həmin vaxt heç bir əmr olmadığından o, dəfələrlə Vüsala zəng etdi və hər dəfə müxtəlif bəhanələrlə yaxın vaxtda düzələcəyini bildirdi. Lakin, sonradan iddiaçı anladı ki, Cavabdeh onu aldadaraq 17000,0 manat pul vəsaitini ələ keçiribdir. Bu günə qədər həmin pulu qaytarmamışdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1794/2021 saylı xx.xx.2021-ci il tarixli hökmün sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 182.2.1-ci, 182.2.2-ci, 182.2.4 cü, 210-cu və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azudlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayat Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X3 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir. İş materiallarında olan AA №370439 saylı Məcburi köçkün vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 X4 tərəfindən göndərilmiş məktubun surətindən görünür ki, məhkum Cavabdeh X1 iddia tələbinə münasibət bildirməkdən imtina etdi. Beləliklə, iddiaçının izahatı və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi halların həqiqiliyini güman etdirən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Yəni, hadisənin Cavabdeh tərəfindən digər şəxslərə qarşı da törədilməsi göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də Cavabdeh Azərbaycan Respublikası CM-nin müxtəlif maddəsi ilə təqsirli bilinərək, ona cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təqsiri digər şəxslərə qarşı da törədilmiş oxşar əməllər üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü və həmçinin hazırki iddia üzrə iddiaçının tələbinə münasibət bildirməkdən imtina etməsi, məhkəmə tərəfindən onun iddiaya etiraz etməməsi kimi qiymətləndirilir ki, bu da öz növbəsində hadisənin məhz Cavabdeh tərəfindən törədilməsi kimi qəbul edilir və göstərilənlər işin mübahisəsiz halı kimi qiymətləndirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2020-ci ildə iddiaçı tərəfindən cavabdehə pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı formada bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Hal-hazırda isə iddiaçı pulunu geri ala bilmir və bu səbəbdən cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərər tələbi ilə məhkəməyə müraciət edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1. maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1700,0 manat məbləğində maddi zərər vurulmasında təqsirlidir və ona görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddia tələbinin mənəvi zərər nəticəsində yaranmış 2000,0 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü biruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin mənəvi zərərlə bağlı təzminatı mənəvi və ya fiziki iztirablar kimi qeyri-maddi ziyanın maddi olaraq kompensasiya edilməsi üçün nəzərdə tutulmuşdur. Mənəvi zərər zamanı dəqiq hesablamaların aparılmasının qeyri-mümkünlüyü zərərin xarakterindən irəli gəlir ki, belə bir zərərin baş verdiyi müəyyən edilərsə və məhkəmə maddi təzminatın zəruri olduğunu hesab edərsə, o, bu təzminatın məbləğini öz presedent hüququndan irəli gələn standartlara uyğun olaraq ədalət prinsipi əsasında müəyyən edəcəkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mənəvi zərər vurmaqda, onun güvənindən sui istifadə etməkdə təqsirlidir və ona görə də iddiaçıya vurmuş olduğu mənəvi ziyana görə 500,0 manat məbləğində təzminat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1500,0 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İddiaçıların tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pulu özündə saxlamaqla faydalanması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə iddiaçının məcburi köçkün olduğunu və bununla da qanunla müəyyən edilmiş dövlət rüsumunu ödəməkdən azad olduğunu nəzərə alaraq hesab edir ki, dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 142,5 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1700,0 manat maddi zərər, 500,0 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı qızına, ödənilmiş dövlət rüsumuna görə 142,5 manat isə cavabdehdən tutularaq dövlət nəfinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1700,0 manat maddi zərər, 500,0 manat məbləğində mənəvi zərər, cəmi 17500,0 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməli olan dövlət rüsumuna görə 142,5 (yüz qırx iki manat, əlli qəpik) manat tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar