Məhkəmə qərarları › İş №2(003)-1591/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1591/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1591/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-381/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tutulan 100 manat aliment miqdarının artırılaraq, hər ay, hər uşağa 200 (iki yüz) manat, cəmi 660 manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)-381/2021 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən ödənilən ayda 100 manat məbləğində aliment miqdarının artırılaraq hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində müəyyən edilməli, mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaiti cavabdeh X3 iddiaçının xeyrinə tutulması qət edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək xx.xx.2021-ci il tarixli 2(079)-381/2021 saylı qətnaməsi ilə İddiaçı arasında nikah pozulmuş və üç azyaşlı uşağının saxlanılması üçün hər birinə, hər ay 100 manat olmaqla ümumilikdə 300 manat miqdarında alimentin tutulmasının müəyyən olunduğunu qeyd etmiş və hazırki iddia tələbinin, yəni hər üç uşağa ümumilikdə 660 manat aliment ödənilməsinin onun üçün faciə ilə nəticələnəcəyini bildirmişdir. Belə ki, maddi imkanının buna yol verməməsi, müharibə veteranı olması, müxtəlif xəstəliklərdən, o cümlədən təzyiq, şəkər, psixoloji sarsıntı və sair ağır xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmiş və ona qarşı qaldırılan iddia tələbindən imtina etdiyini qeyd etmişdir. Həmçinin Cavabdeh təqdim etdiyi digər ərizə və iş yerindən arayışdan da görünür ki, o, "xxxx" MMC-də İstehsalat şöbəsində çalışır və aylıq əmək haqqı ümumi vergilər və digər tutulmalar daxil olmaqla 350 (üç yüz əlli) manat təşkil edir, hətta qardaşları tərəfindən ona dolanışıq xərclərinin qarşılanması üçün köməklik göstərildiyini də qeyd etmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)-381/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən hər ay, hər uşağa görə ayda 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. AA4678920 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə doğulmuşdur, atası X5r. AZ-İİ seriyalı 123308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İİİ seriyalı 100521 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən prosesin davam etdirilməsi mümkün olmamışdır. İş yerindən verilən arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də İstehsalat şöbəsində çalışır və aylıq əmək haqqı ümumi vergilər və digər tutulmalar daxil olmaqla 350 (üç yüz əlli) manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz) manat, ümumilikdə 660 (altı yüz altmış) manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə, cavabdehin maddi durumunun pis olması səbəbindən cəmi 660 (altı yüz altmış) manat məbləğində alimentin verə bilməsi dəlilinə münasibətdə qeyd edir ki, onun maddi durumunun pis olması və səhhəti ilə bağlı problemlərinin olması bir valideyn kimi uşaqlarının tələbatlarının qarşılamasından azad etmir. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, hazırki halda cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 120 ( yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bu qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmaqla Cavabdeh hər ay, hər uşağa görə 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(079)-381/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 120 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar