Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1603/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Orucova Səidə Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi K.X2, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəməkə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 2055.53 manat, faiz borcu üzrə 1325.76 manat, cərimə borcu üzrə 853.26 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 301.31 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 1879/15 №-lı 29 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 36 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 29 mart 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.7-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödəniln borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 11.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********098 saylı 21.01.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfındən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 18.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 4.535,86 manat təşkil edir. Bundan 2.055,53 manat əsas, 1.325,76 manat faiz, 853,26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 301,31 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.X3 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf edərək, əsas və faiz borcunun, həmçinin müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun ödənilməsinə etiraz etmədiyini bildirdi. Lakin, cərimə məbləğinn silinməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərardadının surətindən görünür ki, Texnikabank ASC-yə ləğvedici qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İş materiallarında olan 29.03.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə borclu Cavabdeh1 ilə «Bank Technique» arasında borclu Cavabdeh1 36 ay müddətinə 29 faiz ödəmək şərtilə 2500 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 29.03.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 ilə «Bank Technique» arasında borclu Cavabdeh1 ilə bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərinə birgə cavabdehlik daşıması haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 18.02.2021-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə 2055.53 manat əsas, 1325.76 manat faiz, 853.26 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 5 faizlə 301.31 manat, cəmi 4535.86 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Cavabdehlər, yəni kreditalan və eyni zamanda zamin məhkəmə iclasından məlumatlı olmaqla məhkəmə iclasına gəlməmiş, həmçinin iddia tələbinə etirazlarını bildirməmiş bununla bağlı məhkəməyə heç bir sübut təqdim də etməmişlər. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, əsas borc üzrə 2055.53 manat, faiz borcu üzrə 1325.76 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış 301.31 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 2055.53 manat məbləğində əsas borca münasibətdə X1 853.26 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 iddiaçının xeyrinə 10 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 2055.53 manat, 1325.76 manat faiz borcu, 10 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 301.31 manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da tutulmasına münasibət də hesab edir ki, iddia təələbi təmin edildiyindən həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 2055.53 manat, 1325.76 manat faiz borcu, 10 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 301.31 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 3722.6 (üç min yeddi yüz iyirmi iki manat altmış qəpik) manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1603/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1603/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver