Məhkəmə qərarları › İş №2(003)-1620/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1620/2023

18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1620/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahdan uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 var. Cavabdehlə ailə qurduqdan sonra ilk vaxtlar ailədə münasibətlər normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaları qeyri mümkün idi. Bu səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə nikahın pozulması, uşaqların iddiaçının himayəsinə verilməsi və aliment tələbi ilə müraciət edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, uşaqların iddiaçının himayəsinə verilməsi, hər bir uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat alimentin təyin edilməsi qət edilmişdir. İddiaçı qətnamə ilə razılaşmadığı üçün apellyasiya şikayəti vermişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə alimen tələbi ilə bağlı hissədə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 üçün ümumi olaraq 350 manat aliment təyin edilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir, həmçinin respublikamızda bütün məhsullara tətbiq edilmiş qiymət artımı övladlarının saxlanılmasını daha da çətinləşdirmişdir. Belə olan halda iddiaçı çıxılmaz vəziyyətdə qaldığını, onların gündəlik tələbatını tam ödəyə bilmədiyini bildirərək bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9921/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaga görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9921/2021 saylı qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Lakin həmin vaxtdan istehlak qiymətlərinin artmasını və uşaqların böyüməsini nəzərə aldıqda 350 manat aliment uşaqların saxlanmasına kifayət etmir. İddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 3000 manata yaxın əmək haqqı alır. Lakin onun əmək haqqısı 518,0 manatdır. Həmçinin bildirdi ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Bundan başqa o uşaqlar ilə görüşür və hər görüşəndə uşaqlarına əlavə xərc çəkir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2822/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı ”aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2822/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9921/2021 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Cavabdeh ilə İddiaçı birgə nikahında dünyaya gələn xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. İşdə olan 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən hal-hazırkı tarixə kimi 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-stomatoloq vəzifəsində çalışır, aylıq vəzifə maaşı ştat cədvəlinə əsasən 518,0 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.20211-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2822/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarında dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçının xeyrinə hər ay hər uşaga görə 140,0 (yüz otuz) manat sabit pul məbləgində aliment tutulması qət edilmişdir. Daha sonra İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq xx.xx.2021-ci il tarixli 2(103)-9921/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2822/2021 saylı qətnaməsi dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçının xeyrinə hər ay hər uşaga görə 175,0 (yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat sabit pul məbləgində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqğını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, həmçinin Yeganə Rzayevanın hazırda işsiz olması, eləcə də uşaqların böyüdüyü nəzərə alındıqda, iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi, alimentin tutulması ilə bağlı qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay tutulan alimentin artırılmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyil. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9921/2021 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 9921/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar