Məhkəmə qərarları › İş №2(003)-1628/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1628/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1628/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5545,65 manat əsas, 297,91 manat faiz, 66,70 manat cərimə olmaqla cəmi 5910,26 manat borcun və ödənilmiş 79,10 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 09 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 6160 manat məbləğində kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il mart ayının 03-dək Cavabdeh banka 09 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5545,65 manat əsas borc, 297,91 manat faiz borcu, 133,4 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5976,96 manat borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə banka olan cərimə borcu 133,4 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 66,70 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi İsa Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini etiraf etməklə izahatında bildirdi ki, o, 09 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 6160 manat məbləğində kredit götürmüşdür. O, borcu ödəməkdən boyun qaçırmır. Belə ki, borcunun ödəməsi ilə bağlı gecikmələr olmuş və o, bankdan yeni qrafik açılmasını xahiş etmiş, lakin buna etiraz olunmuşdur. Himayəsində iki uşağı var, əri isə işləmir. Hazırda iddiaçıya 5545,65 manat əsas, 297,91 manat faiz, 66,70 manat cərimə olmaqla cəmi 5910,26 manat borcun olmasını etiraf edir, lakin həmin borcun ondan hissəhissə olmaqla tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-Y-3-0-1776-22 nömrəli nağd kredit verilməsinə dair Razılaşmadan (5 nömrəli Əlavədən) görünür ki, həmin Razılaşma əsasında Cavabdeh bank tərəfindən 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 6160 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kassa məxaric qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 6160 manat məbləğində pul verilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli Razılaşma üzrə 5545,65 manat əsas, 297,91 manat faiz borcu, 133,4 manat cərimə olmaqla cəmi 5976,96 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən iş üzrə cavabdehdən aralarında bağlanmış müqavilə əsasında yaranmış borcun bu bildirişi aldıqdan sonra 5 gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə yaranmış borcun məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 79,10 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ASC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə (Razılaşma) bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə bankdan 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 6160 manat məbləğində kredit götürmüşdür. Borcalan (cavabdeh) kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda iş üzrə cavabdeh də məhkəmə iclasında iddia tələbinə etiraz etməməklə tələbi mübahisələndirməmişdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5545,65 manat əsas, 297,91 manat faiz borcu, 66,70 manat cərimə olmaqla cəmi 5910,26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 79,10 manat alınaraq İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5545,65 manat əsas, 297,91 manat faiz borcu, 66,70 manat cərimə olmaqla cəmi 5910,26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 79,10 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar