Məhkəmə qərarları › İş №2(003)-1663/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1663/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1663/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Rəfael oğlunun iştirakı ilə, İddiaçı Rəfael oğlunun cavabdehlər Cavabdeh1 və X4 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Rəfael oğlu cavabdehlər Cavabdeh1 və X3 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş daşınar əmlakın, **-LY-*** dövlət qeydiyyat nişanlı KİA Sorento markalı avtomobilin təmir dəyəri olan 14500,0 manat və 4 aya yaxın müddətə avtomobilsiz qalmaq və həmçinin avtomobilə vurulmuş zərərə görə dəyərinin düşməsi səbəbi ilə 3000,0 manat, ümumilikdə 17500,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Xətai rayonu, ünvan 1 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi Mercedes CLA markalı avtomobil ilə sol tərəfə manevr edən zaman X1 idarə etdiyi Volsvvagen Sirocco markalı avtomobil ilə toqquşması nəticəsində Volsvvagen Sirocco markalı avtomobil sürüşərək yolun sağ kənarında dayanmış X5 məxsus Hyundai İX-35 və ona, İddiaçı Rəfael oğluna məxsus **-LY-*** dövlət qeydiyyat nişanlı KİA Sorento markalı avtomobilə dəyərək zədələmişdir. Hadisədən sonra DİN Xətai RPİ tərəfindən aparılmış araşdırmalar zamanı Cavabdeh2 idarə etdiyi Mercedes CLA markalı avtomobilin qaydanı pozaması nəticəsində hadisənin baş verməsi məlum olmuşdur. Hazırda ona məxsus **- LY-*** dövlət qeydiyyat nişanlı KİA Sorento markalı avtomobil yararsız vəziyyətdədir və bərpası üçün 14500 manat xərc tələb olunur. (Avto servis xərclər siyahısı və foto şəkillər əlavə edilir). Hadisədən sonar cavabdeh şəxslərlə dəfələrlə danışıqlar aparılmışdır. Onlardan ona vurulmuş zərərin aradan qaldırılmasını tələb etmişdir. Lakin onlar hər dəfəsində müxtəlif vədlər verərək vurulmuş zərəri aradan qaldırmaqdan imtina edirlər. Hazırda maşın 4 aya yaxındır ki avtoservisdədir və cavabdehin avtomabilə vurulmuş zərəri qarşılamaması səbəbindən 4 aydır avtomobilsiz qalmışdır. Bu isə öz növbəsində ona dəymiş zərəri daha da artırmaqdadır. Həmçinin zərər görmüş digər avtomobil sahibləridə onun kimi aldadılır və onlarda eyni vəziyyətdədir. Bu səbəblərdən dəymiş zərərin ödənilməsini tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı Rəfael oğlu iddia tələbində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, avtomobilinin dəyəri 35 min manat olmuşdur, lakin hazırda həmin avtomobili təmir etdikdən sonra 25 min manat sata bilməyəcək. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər AvtoColors Avtoservisin avtomobilin təmiri üçün tələb onunan xərclər siyahısından görünür ki, İddiaçı Rəfael oğluna məxsus **-LY-*** dövlət qeydiyyat nişanlı KİA Sorento markalı avtomobil yararsız vəziyyətdədir və bərpası üçün 14430 manat xərc tələb olunur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu, ünvan 2 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etdiyi Mercedes CLA markalı avtomobil ilə sol tərəfə manevr edən zaman MX1 idarə etdiyi Volksvvagen Scirocco markalı avtomobil ilə toqquşması nəticəsində Volksvvagen Scirocco markalı avtomobil sürüşərək yolun sağ kənarında səki üzərində dayanmış X5 məxsus Hyundai İX-35 markalı avtomobilə və İddiaçı məxsus KİA Sorento markalı avtomobilə dəyərək zədələmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. TP ******* saylı qərarın sürətindən görünür ki, X6 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 140466 saylı sığorta aktının sürətindən görünür ki, PAT********** saylı sığorta müqaviləsinin sürətindən görünür ki, Cavabdeh1 məxsus avtomobil "xxxx" SŞ ASC-də sığortalanmışdır və xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində **-LY-*** dövlət qeydiyyat nişanlı KİA Sorento markalı avtomobilinə dəymiş ziyanla bağlı İddiaçı Rəfael oğluna 1300,0 manat ödəniş olunmuşdur. Qüsur aktından görünür ki, **-LY-*** dövlət qeydiyyat nişanlı KİA Sorento markalı avtomobilinə 23847,0 manat ziyan vurulmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən **-LY-*** dövlət qeydiyyat nişanlı KİA Sorento markalı avtomobilə ümumi 8230,0 manat dəyərində zərər dəymişdir. "xxxx" MMC-nin MB 18/1067 saylı rəyindən görünür ki, **-LY-*** dövlət qeydiyyat nişanlı KİA Sorento markalı avtomobilə dəymiş zərər üzrə görülməli olan işlərin bazar dəyəri 4150 (dörd min yüz əlli) manat, dəyişdirilməli olan hissələrin bazar dəyəri 19697 (on doqquz min altı yüz doxsan yeddi) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə Xətai rayonu, Babək prospekti 31a ünvanının qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh X6 tərəfindən idarə edilən “Mercedes CLA” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması nəticəsində üçüncü şəxs X1 idarə etdiyi “Volkswagen Scirocco” markalı nəqliyyat vasitəsi ilə toqquşma baş vermişdir. Toqquşmanın davamı olaraq “Volkswagen Scirocco” sürüşüb yol kənarında dayanmış “Hyundai İX-35” və iddiaçıya məxsus **-LY-*** dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobilə dəyərək sonuncuya maddi zərər vurmuşdur. Sığorta aktından görünmüşdür ki, hadisə üzrə iddiaçıya cəmi 1300 manat ödənilmişdir. Bu məbləğ real zərərin çox cüzi hissəsini təşkil edir. Sığorta ödənişi zərərvuran şəxslərin məsuliyyətini aradan qaldırmır, yalnız onların cavabdehlik həcmində azalmaya səbəb olur. Xətai Rayon Polis İdarəsinin təqdim etdiyi inzibati xəta materiallarına əsasən, cavabdeh X6 barəsində AR İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və onun yol hərəkəti qaydalarını pozması sübuta yetirilmişdir. Məhkəmə bu sənədləri mötəbər yazılı sübutlar hesab edir və hadisənin səbəb-nəticə əlaqəsini müəyyən edən mühüm hüquqi fakt kimi dəyərləndirir. İş materiallarındakı qiymətləndirmə rəyləri müqayisə edilərək müəyyən edilmişdir ki: “AvtoColors” avtoservisinin cədvəlinə əsasən zərərin məbləği — 14 430 manat, Qüsur aktına əsasən — 23 847 manat, "xxxx" MMC-nin rəyinə əsasən — 8 230 manat, "xxxx" MMC-nin MB 18/1067 saylı rəyinə əsasən isə — 23 847 manat təşkil edir (4150 + 19 697). İddiaçı tərəfindən təqdim olunmuş avtoservis sənədləri, qüsur aktları, qiymətləndirmə rəyləri və fotoşəkillər avtomobilə ciddi maddi zərərin dəydiyini təsdiqləyir. Zərərin məbləği müxtəlif ekspert rəylərində fərqli göstərilsə də, məhkəmə MPM-in 101.3 və 103.1-ci maddələrinə uyğun olaraq ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirmiş və onların hüquqi qüvvəsini təhlil etmişdir. Məhkəmə araşdırmasının gedişində müəyyən edildiyi kimi, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyin səlahiyyətli və sertifikatlaşdırılmış mütəxəssis tərəfindən tərtib edilməməsi faktı prosessual baxımdan ciddi pozuntu hesab olunur. Bu cür vəziyyət mübahisə predmeti olan faktların sübut olunmasına dair etibarlılıq meyarlarının pozulması ilə nəticələnir. Məhkəmə belə rəyə sübut qüvvəsi verməkdən imtina edir. Bu, həm mülki, həm inzibati, həm də cinayət proseslərində vahid prinsipdir — sübut yalnız qanuni yolla əldə edildikdə və lazımi peşə səlahiyyəti olan şəxs tərəfindən verildikdə hüquqi nəticə doğurur. Məhkəmə qiymətləndirmə rəylərindən "xxxx" MMC-nin rəyini üstün sübut hesab edir. Belə ki, həmin rəy zərər vurulmuş detalları tam əhatə edir, bazar şərtlərinə uyğun təhlil aparır, detalların dəyişdirilməsi və bərpası üzrə dəyəri əsaslandırılmış formada izah edir və texniki baxımdan ən dolğun sənəd kimi çıxış edir. Digər rəylərdə zərərin tərkib elementlərinin natamam verildiyi və ya orta bazar dəyəri ilə uyğunsuzluqlar müşahidə olunmuşdur. Məhkəmə "xxxx" MMC-nin rəyini əsas götürmüş, lakin iddia tələbinin həcmi ilə məhdudlaşaraq 14500,0 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını hüquqi cəhətdən əsaslı hesab etmişdir. Məhkəmə hesab edir ki, xüsusi biliyi olan orqan cavabdehlərin əsas borcunun iddia ediləndən borcdan artıq olduğunu müəyyən etsə də, məhkəmə verilmiş tələblər üzrə qətnamə çıxarmalı olduğundan, əsas borcu qeyd edilən rəylərlə müəyyən edilmiş həddə deyil, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən həddə, yəni 14500,0 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bundan başqa məhkəmə iddia tələbinin “4 aya yaxın müddətə avtomobilsiz qalmaq və həmçinin avtomobilə vurulmuş zərərə görə dəyərinin düşməsi səbəbi ilə 3000,0 manat manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarından aydın olur ki, nəqliyyat vasitəsinə dəymiş zərər nəticəsində onun əvvəlki texniki vəziyyəti və kommersiya dəyəri tam bərpa olunmamış, bu isə avtomobilin real bazar dəyərinin aşağı düşməsi ilə nəticələnmişdir. Zərərvurma ilə əlaqədar olaraq zərərin təkcə bərpa xərcləri deyil, həm də əmlakın dəyərdən düşməsi nəticəsində yaranan əlavə maddi itki zərər anlayışına daxildir və cavabdehlər tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, nəqliyyat vasitəsinin uzunmüddətli təmiri nəticəsində iddiaçının faktiki olaraq avtomobilsiz qalması onun istifadədən məhrum edilməsinə gətirib çıxarmışdır ki, bu da kompensasiya edilməli olan müstəqil zərər kateqoriyasıdır. Bu zərərin yaranması iş üzrə sübutlarla təsdiq edildiyindən onun həcminin cavabdehlərdən tutulması hüquqi baxımdan qaçılmazdır. Yuxarıda göstərilən hallar nəzərə alınmaqla, məhkəmə iddia tələbinin qeyd edilən hissəsinin əsassız olmadığı, əksinə, tam sübutlu və hüquqi cəhətdən əsaslandırılmış olduğu qənaətinə gəlir və göstərilən məbləğin cavabdehlərdən tutulması zərurətini müəyyən edir. Məhkəmə həmçinin iddianın digər Cavabdeh1 aid hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, belə halda Cavabdeh1 avtomobilin onun qanuni sahibliyindən Cavabdeh2 tərəfindən qanuna zidd şəkildə çıxamsını sübut etmək öhdəliyi daşıyır. Lakin buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdehlər – həm hadisəyə birbaşa səbəb olan Cavabdeh2, həm də hadisədə dolayı məsuliyyət daşıyan digər Cavabdeh1 – məsuliyyətdən yayınıb, dəfələrlə verdikləri vədlərə baxmayaraq zərərin ödənilməsindən imtina etmişlər. Mülki hüquqda zərərin əvəzinin ödənilməsi prinsipi pozulan hüququ bərpa etməyi nəzərdə tutur və zərərin qarşılanması borclunun üzərinə qoyulur. Hadisənin səbəb-nəticə əlaqəsi, zərərin məbləği, cavabdehlərin hüquqa zidd hərəkəti və onların təqsiri tam şəkildə sübuta yetirilmişdir. Buna görə də iddia tələbinin cavabdehlərə yönəldilmiş hissəsi əsaslı və qanunauyğundur, zərərin tam məbləğdə ödənilməsi ilə bağlı tələb isə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 150,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Buna görə də, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Həmçinin iş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış qiymətləndirmənin dəyəri 300,0 manat təşkil edir. Məhkəmə hesab edirki, iddia təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyərinin 300,0 (üç yüz) manat pulun cavabdehlər Cavabdeh1 və X2 birgə qaydada tutularaq "xxxx" MMC (VÖEN **********; H/h: №AZ33İBAZ**********792716216; ABB ASC Yasamal filialı, kodu 805562; VÖEN **********; Müxbir hesab AZ03NABZ********************; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına keçirilməlidir. Beləliklə məhkəmə iddiaya məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X2 birgə qaydada ümumilikdə 17500,0 manat məbləğində pul, 150,0 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17650,0 manat məbləğində pul tutularaq İddiaçı Rəfael oğluna ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 birgə qaydada ümumilikdə 17500,0 manat məbləğində pul, 150,0 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17650,0 manat məbləğində pul tutularaq İddiaçı Rəfael oğluna ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərinin 300,0 (üç yüz) manat pulun cavabdehlər Cavabdeh1 və X2 birgə qaydada tutularaq "xxxx" MMC (VÖEN **********; H/h: №AZ33İBAZ**********792716216; ABB ASC Yasamal filialı, kodu 805562; VÖEN **********; Müxbir hesab AZ03NABZ********************; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar