Məhkəmə qərarları › İş №2(003)-1694/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1694/2022

13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1694/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 12.05.2012-ci il tarixli, 4/737 saylı "Qaz aylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB–nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********01130 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzerində G4 markalı, 1202AQ**********80 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı |Bin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri–qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2019-cu il tarixinden başlayaraq 31.07.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafıq aktlara əsasən, “Azəriqaz" İstehsalat Birliyinə cəmi 1017 manat ziyan dəymişdir (aktlar və abonentin saldosu işə əlavə edilmişdir). Bundan əlavə, elektron sayğan quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2100,60 manat məbləğində dəymiş ziyan hesablanmışdır (dəymiş ziyanın hesablanması barədə aktlar işə əlavə edilir). Cavabdehə Birliyin nümayəndələri tərəfındən 3117,60 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 3117,60 manat məbləğində əsas borc, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 3447,60 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1209/2020 saylı, 28 avqust 2020-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 3117,60 manat məbləğində pulun, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3447,60 (üç min dörd yüz qırx yeddi manat on beş qəpik) manat məbləğində pul tutularaq (ABB Sabunçu filialı kod:805573, VÖEN:**********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB VÖEN:**********, İBAN: AZ72İBAZ********************) hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1209/2020 saylı, 28 avqust 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1694/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1209/2020 saylı, 28 avqust 2020-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 30.11.2018-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,2 manat borcu və 28.12.2018-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,2 manat məbləğində borc tələbini qəbul edir, belə ki, həmin ilin qışı çox soyuq keçdiyindən məcburiyyət qarşısında bu yola əl atmışdır. Lakin iddia ərizəsində göstərilən digər aktlarla razı deyildir. İş üzrə yalnız yuxarıdakı iki aktın həqiqiliyini qəbul edir. Digər aktları həqiqətə uyğun hesab etmir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməklə yuxarıda qeyd edilmiş akt əsasında hesablanmış 284,4 manat məbləğində borcun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin zahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçıilə Cavabdeharasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 12.05.2012-ci il tarixli, 4/737 saylı müqavilənin surətindən aydın olur ki, müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin edir, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan abonentin saldosundan və Gasrep proqramından görünür ki, abonent Cavabdehtəbii qazdan istifadəsi nəticəsində cəmi 3117,60 manat borcu yaranmışdır. İş materiallarında olan aktlardan görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.06.2018-cı tarixli ******* saylı akt əsasında 399,6 manat, 31.07.2018-cı tarixli ******* saylı akt əsasında 66,6 manat, 24.09.2018-cı tarixli ******* saylı akt əsasında 115,2 manat, 31.10.2018-ci tarixli ******* saylı akt əsasında 66,6 manat, 31.11.2018-ci tarixli ******* saylı akt əsasında 142,2 manat, 28.12.2018-ci tarixli ******* saylı akt əsasında 142,2 manat, 31.01.2019-cu tarixli ******* saylı akt əsasında 142,2 manat, 28.02.2019-cu tarixli ******* saylı akt əsasında 142,2 manat, 29.03.2019-cu tarixli ******* saylı akt əsasında 142,2 manat, 29.03.2019-cu tarixli ******* saylı akt əsasında 142,2 manat, 29.03.2019-cu tarixli ******* saylı akt əsasında 142,2 manat, 30.04.2019-cu tarixli ******* saylı akt əsasında 142,2 manat, 30.05.2019-cu tarıxli ******* saylı akt əsasında 32,4 manat borcu yaranmışdır. Aktların tərtibində aktları imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, yaranmış borc məbləğini ödəməsi cavabdehə təklif edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı İB-nin pozulmuş hüquqlarının bərpası ilə bağlı 300,0 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan qəbzindən aydın olur ki, iddiaçı hazırkı tələb üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 07 mart 2014-ci il tarixdə “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə 3117,6 manat məbləğində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda iddiaçı tərəf həmin aktlara görə, habelə onlardan əvvəl hesablanmış borcun ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinəəsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən, onun tərəfindən qəbul edilmiş 30.11.2018-cı il tarixli, ******* saylı akt əsasında 142,2 manat və 28.12.2018-cı il tarixli, ******* saylı akt əsasında 142,2 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasına iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tələb olunan 2863,2 (3117,60-284,4) manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Məhkəmə eyni zamanda İddiaçı İB-nin pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300,0 manat xərcin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddiaçın tələb etdiyi 300,0 manat nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcə dair hər hansı rəsmi sənəd iş materiallarında müəyyən edilmədiyindən iddia tələbinin bu hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30, manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq idiaçının xeyrinə tutulmalı, qalan 20,0 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 284,4 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 294,4 (iki yüz doxsan dörd manat, qırx qəpik) manat tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 284,4 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 294,4 (iki yüz doxsan dörd manat, qırx qəpik) manat tutularaq İddiaçı (ABB Sabunçu filialı kod: 805573, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB VÖEN; **********, İBAN; AZ72İBAZ********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatı İddiaçınə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar