Məhkəmə qərarları › İş №2(003)-170/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-170/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-170/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4462,54 manat əsas, 963,5 manat faiz, 67,27 manat cərimə olmaqla cəmi 5493,31 manat borcun və 75,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24% ödəmək şərtilə 4600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 iyul 2023, cümə tarixinə "xxxx" KB ASC-yə 4462,54 AZN əsas, 963,5 AZN faiz, 67,27 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5493,31 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Aytən Əzimova ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı vəə yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 4971nkMDKb/22 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə Cavabdeh arasında sonuncuya 36 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 19 faiz ödəmək şərtilə 4000 manat kreditin verilməsi haqqında bağlanmışdır. Həmin kredit müqaviləsindən görünür ki, bu Müqavilə üzrə Borcalana ayrılan kredit məbləği oferta çərçivəsində Borcalana verilən ödəniş kartına köçürülür. Ödəniş kartında olan kredit məbləği yalnız Borcalanın kartda olan şəxsi vəsaitindən sonra istifadə olunur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 147 manat, sonuncu ay isə 136,82 manat ödəniş etməklə yerinə yetirməsi barədə məsuliyyət götürmüşdür. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 4462,54 manat əsas, 963,5 manat faiz, 67,27 manat cərimə olmaqla cəmi 5493,21 manat məbləğində borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 74,94 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş kredit razılaşmadan olan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə iş üzrə tərəflər arasında 4971nkMDKb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixədək, illik 24%, ayda 181 manat ödəməklə 4600 manat məbləğində kreditin verilməsi barədə verilməsinə dair (sms vasitəsilə) razılıq əldə edilmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/4767 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4971 nKMDKb/22 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə limitin artırılması barədə xx.xx.2022-ci il tarixli (sms vasitəsilə bağlanmış) sazişə əsasən Cavabdeh tərəfindən istifadə edilmiş məbləğin kreditin təqdim edildiyi tarixlərdən xx.xx.2023-cü il tarixə iddiaçı "xxxx" KB ASC-yə olan borcu – əsas borc üzrə 4465,17 manat, faiz borcu üzrə 961,50 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixədək, illik 24%, ayda 181 manat ödəməklə 4600 manat məbləğində kredit verilmişdir. Cavabdeh, kredit müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi kredit müqaviləsinin şərtlərinə uyğun olaraq yerinə yetirməmişdir. İşin müəyyən edilmiş hallarından (ekspert rəyindən) görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçı qarşısında 4971nkMDKb/22 saylı kredit müqaviləsi 4465,17 manat əsas, 961,50 manat faiz borcu yaranmışdır. Məhkəmə, iddia tələbini, həmşinin iş üzrə müəyyən edilmiş halı nəzərə alaraq hesab edir ki, cavabdehdən 4462,54 manat əsas, 961,50 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. Həmçinin məhkəmə hesab edir ki, cavabdehdən, iddiaçı ilə aralarında bağlanmış kredit şərtlərin yerinə yetirmədiyinə görə yaranmış 67,27 manat cərimə məbləği də ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini, iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4462,54 manat əsas, 961,50 manat faiz borcu və 67,27 manat cərimə, cəmi 5491,31 manat məbləğində pul iddiaçının xeyirnə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasıbatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************).. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4462,54 manat əsas, 961,50 manat faiz, 67,27 manat cərimə olmaqla cəmi 5491,31 manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna görə 74,94 manat və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasıbatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar