Məhkəmə qərarları › İş №2(003)-1742/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1742/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1742/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank "xxxx" ASC-dən götürdüyü kredit öhdəliyinə görə tərəfindən ödənilmiş 1979.06 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bank "xxxx" ASC-nin Əcəmi filialı ilə bağladığı 10.06.2013-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq onunla zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh bank qarşısında öhdəliklərini icra etmədiyi üçün zamin olaraq tərəfindən Bank "xxxx" ASC-yə 10.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1979.06 (bir min doqquz yüz yetmiş doqquz ABŞ dolları altı sent) ABŞ dolları ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank "xxxx" ASC tərəfindən verilmiş HASF- 2018/00076 nömrəli, 28.02.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə bağlanmış 10.06.2013-cü il tarixli, MK-01592-14/13U saylı kredit müqaviləsinə əsasən 5000.00 (beş min) ABŞ dolları məbləğində kredit götürülmüşdür. Kredit 28.02.2018-ci il tarixdə ödənilmişdir. Göstərilən müqavilə üzrə müştərinin borcu yoxdur. Hal-hazırda İddiaçı həmin kredit üzrə zaminlik öhdəliyi yoxdur. İş materiallarında olan Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı tərəfindən verilmiş 28.02.2018-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 1970.43 ABŞ dolları Bank "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı zamin kimi götürülmüş öhdəliyi yerinə yetirərək Bank "xxxx" ASC-yə 1970.43 ABŞ dolları məbləğində pul vəsaiti ödəmiş, nəticədə Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanılmış 10.06.2013-cü il tarixli, MK-01592-14/13U saylı kredit müqaviləsi üzrə olan borc tam şəkildə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh 10 iyun 2013-cü il tarixli, MK-01592-14/13U saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə 1970.43 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı tərəfindən Bank "xxxx" ASC-yə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 1979.06 ABŞ dolları məbləğində pul vəsaiti (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) və həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən götürdüyü kredit öhdəliyinə görə zamin olaraq İddiaçı tərəfindən ödənilmiş 1979.06 (bir min doqquz yüz yetmiş doqquz ABŞ dolları altı sent) ABŞ dolları pul vəsaiti ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar