Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-175/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və istifadə hüququna xitam verilməsi” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evindən istifadə üçün cavabdeh tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, fərdi yaşayış evimdən istifadə üçün cavabdeh tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, və cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir (mülkiyyət hüququnu təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunur). Cavabdeh şəxs onun oğlu X4 ona məxsus fərdi yaşayış evində onun hüquqlarını pozaraq fərdi yaşayış evinə onun daxil olmağına, yaşamağına icazə verməmişdir (cavabdeh məni təhqir edərək, hətta onun yaşayış evinə daxil olduğu təqdirdə onu vuracağını, ölümlə hədələməsini bildirmişdir). Bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, cavabdehə mülkiyyətçı olaraq (evi öz zəhmətimlə, qazancımla tikmişəm) fərdi yaşayış evindən istifadə etməyin onun ixtiyarında olmasını bildirsə də, buna o, məhəl qoymamışdır. Bunun nəticəsində isə iddiaçı ona məxsus olan fərdi yaşayış evində mülkiyyət hüquqlarını həyata keçirə bilmir, fərdi yaşayış evindən sahiblik və istifadə edə bilmir. Onun heç bir yaşayış yeri yoxdur (müvəqqəti qohumlara məxsus müxtəlif yaşayış evlərində qalır, 87 yaşı var, heç maddi imkanı yoxdur, bundan əlavə, beş əməliyyat olunmağına ehtiyac vardır, bunun üçün 3250 manat məbləğ toplamışdı, bu məvacib və şəxsiyyətini təsdiq edən sənədlər cavabdeh və onun həyat yoldaşı tərəfindən oğurlanmışdır, bununla bağlı polis orqanına müraciət etsə də, bunun nəticəsi olmamışdır). Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı evdən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi yaşayış evi münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, fərdi yaşayış evindən istifadə üçün cavabdeh tərəfindən щтф yaradılmış maneələrin aradan qaldırılması, və cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair istifadə hüququna cavadeh X2 tərəfindən 4000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, fərdi yaşayış evindən istifadə üçün cavabdeh tərəfindən mənə yaradılmış maneələrin aradan qaldırılması, və cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, cavadeh X2 tərəfindən 4000 manat kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair istifadə hüququna X1 və onun ailə üzvləri İsgəndərova Elzara, X5, X6 və X3 xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, oğluna 4000,0 manat məbləğində kompensassiya verməyə hazırdır. Buna görə də, iddiasının təmin olunmasını və oğlunun ailəsi ilə birlikdə mübahisəli evdə dair istifadə hüquqlarına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, bir torpaq sahəsində 2 ev var. Atası köhnə evə dair sənədləri təqdim edib. Yeni evin, yəni hazırda mübahisə edilən evin sənədi yoxdur. Hımin ev onun tərəfindən inşa edilmişdir. Ev 7 otaqdan ibarətdir və elə evi həmin ərazidə 250-300 manata tapmaq mümkün deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, həmin torpaq sahəsində 2 ev var. İddiaçının mülkiyyətində olan ev həmin torpaq sahəsində olan köhnə evdir, iddiaçı o evə aid sənədləri təqdim edib və cavabdehlər həmin evdə yaşamırlar. Hazırki mübahisəli ev isə özbaşına tikilidir və iddiaçının cavabdehin və ailə üzvlərinin istifadə hüququna xitam verilməsinə dair iddiası əsassızdır beləki, onun buna subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin sürətindən görünür ki, Azərbaycan Respublikası Əzizbəyov Rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli 2-376/99 saylı qətnaməsinə əsasən 0.12ha ölçülü sahə Binə qəsəbəsi ərazisindən fərdi yaşayış evi tikilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqularının qeydiyyatı idarəsi FM №010850 qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbəsi İ.Əhmədov küçəsində yerləşən 1 otaq 16,38 kv.m yaşayış sahəsindən 12 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki pasportu sürətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbəsi İ.Əhmədov küçəsində yerləşən 1 fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır və yaşayış evlərinin texniki göstəriciləri yaşayış otağı-16.38 kv.m, mətbəx 13.52 kv.m, giriş 15.64 kv.m ibarətdir. - Lex Fori hüquq və qiymətləndirmə şirkətinin xx.xx.2024-cü il tarixli LF№10 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4+mansard (3 otaqdan ibarət) olmaqla, kirayə haqqı xx.xx.2024-cü il tarixinə 1000,0 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 100-120 kv. metr olmaqla, kirayə haqqı xx.xx.2025-ci il tarixinə 250,0-300,0 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respubikasının MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7-ci maddəsinə əsasən, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə üçün cavabdeh tərəfindən iddiaçıya yaradılmış maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması hissəsində qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası Əzizbəyov Rayon məhkəməsinin xx.xx.1999cu il tarixli 2-376/99 saylı qətnaməsinə əsasən Binə qəsəbəsi ərazisindən 0.12 ha ölçülü sahə fərdi yaşayış evi tikilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı həmin sahədə 1 otaqdan ibarət fərdi yaşayış evi tikmiş və həmin əmlak İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra həmin sahədə yeni ev tikmişlər lakin həmin evə dair mülkiyyət hüququnu təstiq edən sənəd alınmamışdır. Beləliklə, tərəflərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, həmin fərdi yaşayış evində yaşadığını və ona ayrılmış torpaq sahəsində tikildiyini bildirir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sərbəst giriş-çıxışa maneələr yaradılması müəyyən edildiyindən, bununla da iddiaçının sərbəst şəkildə istifadə hüquqları pozulduğundan, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilərək, cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Həmçinin, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin faktiki halları ilə müəyyən olunur ki, mübahisə predmetinə aid olan ünvanda 2 ev var, onlardan biri sahəsi 16,38 kv. metrdən ibarət olmaqla 1 otaq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçmiş, sahəsi 100-120 kv.mertrdən ibarət olan digər ev üzərində isə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alıbnmamışdır. Cavabdeh ailə üzvləri ilə sahəsi 100-120 kv.mertrdən ibarət olan fərdi yaşayış evində yaşayır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmetinə aid olan ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçı mübahisəli evə və həmin ünvanda yerləşən evə mülkiyyət hüququ əmələ gəlməmişdir. Göründüyü kimi, mübahisə predmetinə aid olan ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun cavabdehin və onun ailə üzvlərini mübahisəli evə dair istifadə hüquqlarına xitam verilməsi tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisə predmetinə aid olan ev və həmin ünvanda yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətində deyildir. Belə ki, ev özbaşına tikilidir. Azərbaycan Respublikasının qanunvericiliyi isə mülkiyyətində olmayan cavabdehə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Bundan başqa iddiaçının cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün təklif etdiyi məbləğ də yetərsizdir. Belə ki, cavabdehin ailəsi 5 nəfərdən ibarətdir, iddiaçı isə yalnız oğlu Cavabdeh 4000,0 manat kompensassiya təklif edir. İddiaçı cavabdehin 4,000 manat kompensasiya ödəməsini və istifadə hüququna xitam verilməsini tələb etsə də, bu məbləğin az olub-olmaması mübahisəlidir və bir neçə amildən asılıdır: Belə ki, cavabdehin ailəsinin 5 nəfər olması onun yaşayış şəraitinə təsir edə bilər. Lakin kompensasiya məbləğinin müəyyən edilməsi təkcə ailə üzvlərinin sayına əsaslanmamalıdır. Cavabdehin bu mülkdən istifadə hüququ qanuni əsaslarla formalaşıbsa, ona uyğun kompensasiya təyin edilməlidir. Əgər uzun müddətdir istifadə edirsə və yaşayış yeri olaraq qeydiyyatdadırsa, daha ədalətli kompensasiya tələb oluna bilər. Əgər cavabdehin həmin məbləğlə ailəsinə yeni yaşayış yeri tapması çətindirsə, bu da nəzərə alınmalıdır. Əgər 4,000 manat ailənin yaşayış şəraitini əhəmiyyətli dərəcədə pisləşdirirsə və cavabdeh üçün uyğun alternativ təmin etmirsə, iddiaçının təklif etdiyi məbləğin az olduğu qənaətinə gəlmək olar. Belə ki, mütəxəssis rəyindən görünür ki, oxşar şəraitə sahib evlərin orta qiyməti 250-300 manat məbləğindədir. Həmin göstəricilərdən elə qənaətə gəlmək olar ki, cavabdehə ən azı 9000,0 manat kompensassiya ödənilməli idi. Əgər iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsini istəyirsə, o, real bazar dəyərinə uyğun məbləğ ödəməyə hazır olmalıdır. Beləliklə, göründüyü kimi, iddiaçının cavabdehə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia qaldırmaq hüququ olsaydı da təklif edilən kompensassiya məbləği “ədalətli kompensasiya prinsipi” baxımından yetərsiz hesab edilərdi. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır, qismən təmin edilməli, iddiaçıya cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır, iddia qalan hissədə isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə üçün yaradılan maneələr Cavabdeh və onun ailə üzvlərinə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-175/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-175/2025
04.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver