Məhkəmə qərarları › İş №2(003)-1757/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1757/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1757/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirak ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 60 manatın, ümumilikdə 4060 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 fevral 2023-cü il tarixdə tanışı Cavabdeh ilə birlikdə Bakı şəhəri 9 saylı Notariat ofisinə gedərək ona 16 mart 2023-cü il tarixədək qaytarması şərti ilə 3400 (üç min dörd yüz) manat məbləğində borc pul vermişdir. Belə ki, notariusun depozit hesabına 3400 manat pulu madaxil etmiş və onunla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və notarial təsdiq edilmişdir. Cavabdeh da həmin 3400 manat pulu bank vasitəsi ilə notariusun depozit hesabından çıxarmışdır. Həmin kredit müqaviləsinin surətini, notarial hərəkətlə bağlı dövlət rüsumunun ödənilməsi barədə və pulun notariusun depozit hesabına pulun mədaxil edilməsi barədə qəbzlərin surəti iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. Bundan 3 gün sonra, yəni 19 fevral 2023-cü il tarixdə Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə əlavə borca pul verməyini istəmiş, bunun üçün notariusa getməyi ona bildirsə də, Cavabdeh notariusa ehtiyac olmadığını, həmin 300 manat pulu onun **********680494 nömrəli Kapital Bank kartına göndərməyini, qəbzini isə sübut kimi özündə saxlamağını demişdir. Həmin gün 300 manat pulu Cavabdeh istifadəsində olan həmin bank kartına göndərmiş və 300 manat pulun Cavabdeh bank kartına göndərməsi ilə bağlı mobil tətbiqdən çıxarış etdiyi qəbzin surətini də iddia ərizəsinə əlavə etmişdir. Bundan sonra, 26 fevral 2023-cü il tarixdə Cavabdeh yenidən xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə əlavə borca pul verməyni xahiş etmiş və yenə də pulu onun həmin **********680494 nömrəli Kapital Bank kartına göndərməyini, qəbzini də yenə sübut kimi özündə saxlamağını demişdir. Həmin gün "PashaPay" ödəmə terminalı vasitəsi ilə 300 manat pulu Cavabdeh bank kartına mədaxil etmişdir. Bununla bağlı, ödəniş terminalının qəbzin surətini də iddia ərizəsinə əlavə etmişdir. 16 mart 2023cü il tarixdən bu günədək Cavabdeh borca götürdüyü ümumilikdə 4000 (dörd min) manat pulu dəfələrlə ondan tələb etsə də, cavabdeh zənglərinə və mesajlarına etinasız yanaşaraq və cavabsız qoyaraq indiyə kimi heç bir qəpik də ödəməmişdir. Ona görə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanan 16 fevral 2023-cü il tarixli kredit müqaviləsinin Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 3400 manat borcu borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Borcalan isə krediti 16 mart 2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür "xxxx" ASC tərəfindən verilən 16 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, kredit müqaviləsi üzrə 315 saylı, 16 fevral 2023-cü il tarixli məktuba əsasən İddiaçı 3400 manat vəsaiti Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 depozit hesabına təhvil vermişdir. Bundan başqa iş materiallarında olan qəbzlərdən görünür ki, 19 fevral 2023-cü il tarixdı 4169 7388 8168 0494 nömrəli hesaba 300 manat, 26 fevral 2023-cü il tarixdə isə 416973******0494 nömrəli hesaba 300 manat mədaxil edilmişdir. Həmçinin iddia tələbinin əsasının bir hissəsini borca verilmiş pulun 600 manatının cavabdehə məxsus bank hesabına köçürülməsi təşkil etdiyindən və həmin hesab barədə məlumatlar bank sirri olan məlumat olmaqla əldə edilməsi məhdudlaşdırıldığından iddiaçı tərəfin vəsatəti təmin edilməklə, "xxxx" ASC-də açılmış 4169 7388 8168 0494 nömrəli hesabın (bank kartının) kimə məxsus olması, həmin hesaba xx.xx.2023-cü il tarixdə saat 19:10 - 19 :15 radələrində və xx.xx.2023-cü il tarixdə saat 18:05 – 18:11 radələrində pul məbləğlərinin köçürülməsi, köçürüldüyü təqdirdə hansı məbləğdə pulun vəsaitinin köçürülməsi və mümkün olduğu halda pul vəsaitlərini köçürmüş şəxs barədə məlumatların "xxxx" ASC-dən əldə edilməsi üçün 04 may 2023-cü il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar olaraq "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlnmış 25 may 2023-cü il tarixli, 2023/111/4036 nömrəli məktubdan görünür ki, qərarda qeyd olunan tarixlərdə və saat aralıqlarında Cavabdeh istifadəsində olan 416973******0494 nömrəli plastik kart hesabına terminal vasitəsi ilə hər dəfə 300 manat olmaqla 2 dəfə (cəmi 600 manat) mədaxil olunmuşdur. Vəsaitlər terminaldan mədaxil olunduğuna görə şəxsiyyəti müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 16 fevral 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 3400 manat borcu borcalanın notariusun bankda olan depozit hesabı vasitəsilə verməyi, borcalan isə 16 mart 2023-cü il tarixədək borc verənə qaytarmağı barədə öhdəlik götürmüşdür. 3400 manat məbləğində pul iddiaçı tərəfindən müqaviləni təsdiq edən notariusun bankdakı depozit hesabına köçürülməklə, cavabdehə verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə saat 19:10 - 19 :15 radələrində və xx.xx.2023-cü il tarixdə saat 18:05 – 18:11 saat aralıqlarında Cavabdeh istifadəsində olan 416973******0494 nömrəli plastik kart hesabına terminal vasitəsi ilə hər dəfə 300 manat olmaqla 2 dəfə (cəmi 600 manat) mədaxil olunmuşdur. Hazırda iddiaçı həmin borc məbləğinin, yəni 4000 manat vəsaitin cavabdeh tərəfindən ona qaytarılmadığını, həmin borc məbləğini və yaranmış mübahisənin həlli üçün çəkdiyi xərcin əvəzini istəyir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri cavabdehə çatdırılsa da cavabdeh iddia tələbinə dair etirazını və ya mülahizəsini təqdim etməmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmənin mövqeyi ondan ibarətdir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, sübutetmə yükünün bölgüsü baxımından iddiaçı iddia tələbini əsası kimi istinad etdiyi halı sübut edir. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Həmçinin iddiaçı tərəfindən istinad edilən müqavilədən əlavə olaraq 600 manat vəsait də cavabdehə məxsus hesaba köçürülməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İddia tələbinin “600 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Göründüyü kimi Cavabdeh iddiaçı ilə aralarında müqavilə olmadan aldığı (kart hesabına göndərilmiş) 600 manat pulu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əssassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh kart hesabına köçürülmüş 600 manat məbləğində pulu vəsaitini iddiaçının hesabına əsassız varlandığına görə iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 3600 manat məbləğində borcu, eləcə də bank kart hesabına köçürülmüş 600 manat məbləğində vəsait olmaqla cəmi 4000 manat və 60 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 3600 (üç min altı yüz) manat məbləğində borc pul vəsaiti, eləcə də bank kart hesabına köçürülmüş 600 (altı yüz) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 60 (altımış) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar