Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1767/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2014-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq hər ay 220 manat və müalicəsi üçün əlavə xərclərə görə hər ay 100 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin, habelə, ilkin mediasiya prosesinə görə ödədiyi 50 manat, vəkilə ödədiyi 120 manat, ümumilikdə 170 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında olan nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 iddiaçının yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı ilə cavabdehin ailəsində mütəmadi konfliktlər baş verir. İddiaçı 2020-ci ilin iyul ayında oğlu ilə birlikdə kirayədə yaşayan qardaşının yanına köçmüşdür. İddiaçının övladı Qala qəsəbəsində yerləşən 92 saylı tam orta məktəbin 3-cü sinfində oxuyur. Aliment təyin edilənə kimi iddiaçının maddi problemlərini tam olaraq qardaşı qarşılamış və hal-hazırda da kömək edir. İddiaçı səhhəti ilə bağlı özünə münasib iş tapa bilmir. Övladına qarşı biganə olan və son bir ildə övladı ilə demək olar ki, əlaqə saxlamayan cavabdehin hal-hazırda 1300 manat aliment borcu vardır. Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı iddiaçının övladının daim artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil. Bundan əlavə iddiaçının övladı xroniki tonzillit, sağ tərəfli ocaqlı pnevmaniya xəstəliyi ilə bağlı uzun müddət müalicə almışdır. Hal-hazırda kəskin oksigen çatışmazlığı ilə müşayiət olunan allergiya mənşəli bronxial astma xəstəliyindən əziyyət çəkdiyinə görə mütəmadi olaraq müalicə alır və müalicə həkiminin bildirdiyinə görə bu proses uzun müddət davam edəcəkdir. Onun müalicəsi ilə bağlı iddiaçı hər ay müəyyən vəsait xərcləyir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili A.B.Babayev iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında olan nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 iddiaçının yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamə ilə aliment təyin edildikdən bu yana ödənişləri vaxtlı-vaxtında həyata keçirmişdir. Cavabdeh 220 manat aliment məbləğini ödəyə bilər. Lakin, iddia tələbinin uşağın xəstəliyinə görə cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsi əsassızdır. Belə ki, xəstəliklə bağlı xərclər icbari sığorta hesabına da qarşılana bilər. Eyni zamanda iddiaçı tərəf xəstəlik xərcləri ilə bağlı hər hansı sənədi təqdim edə bilməmişdir. Cavabdeh hal-hazırda aşağı miqdarda əmək haqqı alır. İddia tələbində qeyd edilən məbləğin ondan tutulması onun özünün təminatı üçün çətinlik yaradacaqdır. Məhkəmə, iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2318/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilərək Cavabdeh ilə X4 arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 838 qeyd nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cı il təvəllüdlü X1 anasının yanında saxlanması, Cavabdeh X2 xeyrinə xx.xx.2014-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. -“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “inşaat fəhləsi” vəzifəsində işləyir və aylıq əmək haqqı 669,71 manat təşkil edir. -06 aprel 2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh təyin edilmiş vaxtda mediasiya prosesində iştirak etmişlər, lakin Cavabdeh prosesin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı 50 manat məbləğində mediasiaya dair xərci ödəmişdir (Mediator: R.T.Qardaşov). -xx.xx.2023-cü il tarixli 1360 saylı qəbzin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürmüşdür. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2014-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 nömrəli qərarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İş materiallarından görünür ki, cavabdeh hal-hazırda rəsmi olaraq əmək müqaviləsi bağlamaqla işləyir və əmək haqqı 669,71 manat təşkil edir. Əvvəlki qətnamə ilə tutulan alimentin üzərindən 2 ilə yaxın vaxt keçmişdir. Keçən müddət ərzində uşağın tələbatları da artmışdır. Uşağın müalicə xərcləri üçün cavabdehin əlavə xərclərə cəlb edilməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəf müalicə xərclərini təsdiq edəcək hər hansı sübutu təqdim edə bilməmişdir. Məhkəmə əvvəlki qətnamə ilə tutulan alimentin məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Belə ki, bu məbləğdə alimentin tutulması cavabdehin aylıq əmək haqqına və maddiməişət şəraitinə tam uyğundur. Eyni zamanda, cavabdehdən mediasiya xərcinə görə 50 manat və hüquqi xidmət üçün ödənilmiş 120 manat məbləğində pul da cavabdehdən tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2318/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 manat məbləğində mediasiya xərci və 120 manat məbləğində hüquqi xidmət xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi tarixdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1767/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1767/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver