Məhkəmə qərarları › İş №2(003)-1772/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1772/2021

15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1772/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-30/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək cavabdehdən onun xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxx 2009-cu ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehin müraciətinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-30/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və cavabdehdən onun xeyrinə uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək hər ay sabit pul 103 manat məbləğində aliment tutulmuşdur. Hazırda Məhkəmə qətnaməsi əsasında təyin edilmiş 103 manat aliment uşağın saxlanılmasına çatmır və buna görə də alimentin məhkəmə qaydasında artırılmasını tələb edir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-30/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək cavabdehdən onun xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh oğlunun nümayəndəsi X3 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, oğlu ikinci dəfə ailə həyatı qurub və bu nikahdan da xx xxxxxxxx 2019-cu il təvəllüdlü X5 doğulub. Uşaq körpə olduğu üçün onun xərcləri də çoxdur. Oğlu günəmuzd fəhlə kimi işləyir ancaq 103 manat aliment ödəyə bilər. Onu da valideynləri ona maddi dəstək edirlər. İddiaçı özü də işləyir, yaxınları da, özünə avtomaşın belə almışdır. İddiaçının maddı durumu ondan daha yaxşıdır, sadəcə olaraq oğlunun daha pis vəziyyətə düşməsinə çalışır. Tələb olunan alimenti ödəməyə maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuş, bu nikahdan bir uşaqları xx xxxxxx 2010-cu il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 180076 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah ləğv olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-30/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-30/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşağın, xx xxxxxx 2010-cu il təvəllüdlü Qəniyev X2 üçün onun minimum xərclərini ödəmir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq olaraq 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia tələbindən görünür ki, cavabdehdən xx xxxxxx 2010-cu il təvəllüdlü Qəniyev X2 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş və cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşağın minimum xərclərinə kifayət etmədiyi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, qanununvericiliyin yuxarıda qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxxxxx 2010-cu il təvəllüdlü Qəniyev X2 üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-30/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq İddiaçı xeyrinə, xx xxxxxx 2010cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar