Məhkəmə qərarları › İş №2(003)-1791/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1791/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1791/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC borclu Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2043.19 manat əsas, 72.3 manat cərimə borcu, həmçinin 0.40 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə fiziki şəxs «X3» arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 3204 manat dəyərində nisyə aldığı malın 500 manatını ilkin olaraq ödəmiş, qalan 2704 manatı isə müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə fiziki şəxs «X3» arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs «X3»-nin Cavabdeh qarşı olan 2704 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh bu günə qədər sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmişdir. Cavabdehin bu günə 2043.19 manat əsas borcu, 72.3 manat cərimə borcu yaranmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh 2043.19 manat əsas, 72.3 manat cərimə borcu, həmçinin 0.40 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, MC000004 nömrəli müqavilənin surətindən görünür ki, “X3” dəyəri 3204 manat olan avadanlığı alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi avadanlığın dəyərinin 500 manatını ilkin olaraq ödəmiş, qalan 2043.19 manatı isə müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcunu müqavilənin bağlandığı gündən bir ay sonra – xx.xx.2019-cu il tarixdən başlayaraq, 12 ay müddətinə hər ay 226 manat (sonuncu ay 218 manat) ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli R-92/19 saylı faktorinq müqaviləsi və ona əlavə edilmiş R-xx/xx-0003 saylı sazişin surətindən görünür ki, fiziki şəxs “X3”-in Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcunun tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC-yə olan əsas borcu 2043.19 manat, cərimə borcu 72.3 manat olmaqla, cəmi 2115.49 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş 72.3 manat məbləğində cərimənin azaldılaraq 7 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 29 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 2043.19 manat əsas borc və 7 manat cərimə olmaqla, ümumilikdə 2050.19 manat məbləğində pul vəsaiti və 29 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 2043.19 (iki min qırx üç manat on doqquz qəpik) manat əsas borc və 7 (yeddi) manat cərimə və 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar