Məhkəmə qərarları › İş №2(003)-1792/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1792/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1792/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Zaur Saadovun iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2238 manat ödənilməmiş hissə, 147.73 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, 0.4 manat xidmət haqqının alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” ilə Cavabdeh arasında bağlanmış Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2438 manat dəyərində nisyə aldığı malın 200 manatını ilkin olaraq ödəmiş, qalan 2238 manatı isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. “xxxxxxxxxxxxxx” MMC ilə “X1” arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “X1”-nin Cavabdeh qarşı olan 2238 manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Cavabdehin bugünə 2238 manat əsas borcu, 147.73 manat cərimə borcu yaranıb. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Zaur Saadov iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X1” ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə BSA000011 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 2438 manat olan mal Cavabdeh nisyə satılmış, cavabdeh 200 manat ödəniş etmiş və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 187 manat, sonuncu ay isə 181 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan faktor İddiaçı MMC ilə müştəri “X1” arasında xx.xx.2019-cu il tarixdə bağlanmış R-276/19 saylı faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tərləbini faktora güzəşt edir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 2238 manat ödənilməmiş borcu və 147.73 manat dəbbə borcu mövcuddur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə borcun ödənilməsinın təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 2238 manat ödənilməmiş əsas borcu qalmışdır. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 2238 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 2238 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 147.73 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 30 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2238 manat əsas, 30 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu 0.4 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ödənilməmiş 2238 manat borc, 30 manat cərimə, 30 manat dövlət rüsumu, 0.4 manat xidmət haqqı, cəmi 2298.4 (iki min iki yüz doxsan səkkiz manat qırx qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar