Məhkəmə qərarları › İş №2(003)-1808/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1808/2023

05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1808/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-84/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2016-cı il təvəllüdlü Karapınar X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 193 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-ci ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 adlı bir uşaqları olmuşdur. Ailə həyatlarının ilk illərində cavabdeh ilə münasibətləri normal olmuşdur. Lakin, sonradan onlar cavabdehin qeydiyyatda olduğu Türkiyə Respublikasına getmişlər. 2 il 6 ay bir yerdə yaşayandan sonra Bakıya qayıtmışlar. Cavabdeh heç bir səbəb olmadan evdə söz-söhbət yaratmış, heç bir səbəb olmadan onu azyaşlı uşağı ilə qoyub çıxıb getmişdir. Aralarında olan nikah Xəzər Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və məhkəmənin 01 iyun 2022-ci il tarixli, 2 (003)-84/22 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay 193 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda cəmi 193 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 600 manata qədər xərci çıxır. Bundan əlavə o, kommunal ödənişlər etmək, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətində qalır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazımatları tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hissə edərsə bu zaman uşaqlarını daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. İşə baxılması zamanı İddiaçı iddia tələbinin həcmini artıraraq məhkəmədən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-84/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü Karapınar X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada iş üzrə cavabdehə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və üzürlü səbəbdən iştirak etməməsinə dair məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(003)-84/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X2 anası, İddiaçı yanında saxlanılması və uşağın saxlanılması üçün xx.xx.2021ci il tarixdən başlayaraq 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 846756 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı 17 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 17 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2020-ci il tarixədək olan müvqqəti yaşamaq üçün icazə verilmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İMM-nın yataqxanası ünvanına qeydiyyata alınmışdır. Beləliklə, iddiadan və iş materiallarının görünür ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2(003)-84/2022 saylı iş üzrə xx.xx.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, uşağın tərbiyəsində və saxlanmasında himayəsində olan ananın (iddiaçının) üzərinə daha çox yükün düşməsi nəzərə alınmaqla iddia tələbi əsaslı hesab edilməli və cavabdehdən tutulan alimentin miqdarı artırılaraq tələb olunan miqdarda, yəni 220 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 84/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələri nəzərə alınmaqla, iş üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin tutulmalı olan dövlət rüsumunun məbləğinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 27 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 324 (27x12) manat müəyyən edildilməklə iddianın qiyməti 1000 manatadək olduduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-84/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar