Məhkəmə qərarları › İş №2(003)-181/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-181/2023

28.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-181/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maneçiliyin aradan qaldırılması, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətində olan Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinə maneçiliklərin aradan qaldırılması və itirilmiş faydaya görə maddi və mənəvi zərərə görə cəmi 2850 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3801 nömrəli, 24 avqust 2023-cü il tarixli rəyi məhkəmə daxil olduğundan 13 sentyabr 2023-cü il tarixli qərardadla iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxışı 28 sentyabr 2023-cü il tarixə, saat 09:45-ə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmədə iştirak etməmiş, lakin 27 sentyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda mülki iş üzrə iddia tələbinin baxılmamış saxlanılması və məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması zərurəti yaranmasını bildirməklə mülki iş üzrə icraatın baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmdə iştirak edən cavabdeh mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və İddiaçı Cavabdeh qarşı “maneçiliyin aradan qaldırılması, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, mülki iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatının xərci olan 50 manat vəsait iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəf ərizə ilə məhkəməyə müaricət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdehin isə işin mahiyyəti üzrə baxılması barədə tələbi olmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maneçiliyin aradan qaldırılması, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat vəsait iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “maneçiliyin aradan qaldırılması, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci qismində 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22) köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar