Məhkəmə qərarları › İş №2(003)-1821/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1821/2023

18.04.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1821/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın (xəbərsiz itkin düşmə faktının) müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın (xəbərsiz itkin düşmə faktının) müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Ərizə isə yalnız onunla əsaslandırılmışdır ki, ərizəçi, həyat yoldaşından 2014-cü ildən xəbər almamış, sonuncunun nə işlə məşğul olduğundan xəbərdar deyildir. Ərizəçi, şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin ona nə məqsəd üçün lazım olduğunu, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən halları göstərməmişdir. Bundan əlavə, ərizədən görünür ki, ərizəçi məhkəməyə “iddia ərizəsi” ilə müraciət etdiyini göstərərək, şəxsin itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddiasının hansı cavabdehə qarşı olduğunu, yaxud müəyyən edilməli olan hüquqi fakt üzrə maraqlı şəxsi göstərməmişdir. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi qaytarılır. Sadalanan qanunvericilik aktı normasına əsasən hesab edirəm ki, xüsusi icraat qaydasında baxılan ərizələrin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizələrinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin ərizəsi qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna dair tələblərə riayət edilmədən tərtib edildiyindən, iddia ərizəsinin geri qaytarılmasını müəyyən edən normaların tətbiq edilməsi ilə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar