Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1825/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-14574/2023 nömrəli 18 may 2023-cü il tarixli qətnaməsi üzrə Cavabdeh 11 iyun 2019-cu il təvəllüdlü X1 və 20 noyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulmalı olan aliment miqdarının hər bir uşağa görə 200 (iki yüz) manatdan 235 (iki yüz otuz beş) manat məbləğinədək artırılması, Cavabdeh 11 iyun 2019-cu il təvəllüdlü X1 və 20 noyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə rüsum qismində ödənilmiş 61 (altmış bir) manat məbləğində pul vəsaitinin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 1457/2023 nömrəli 18 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında 05 sentyabr 2019-cu il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 389 saylı qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 11 iyun 2019-cu il təvəllüdlü X1 və 20 noyabr 2020-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışlar. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh 06 mart 2023cü il tarixdən başlayaraq 11 iyun 2019-cu il təvəllüdlü X1 və 20 noyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh əvvəlki kimi valideynlik öhdəliyini yerinə yetirməyərək uşaqların hansı şəraitdə yaşaması ilə maraqlanmır, maddi yardım göstərmir, alimentin ödənişlərindən yayınır. Hər iki övladı körpədi, anadangəlmə ayaqlarından fiziki qüsurludurlar və müalicələri üçün kifayət qədər vəsait tələb olunur. Hal-hazırda Xəzər rayonu Şüvəlan Bağlar qəsəbəsində atasının evində 2 fiziki qüsurlu uşaqları ilə yaşayır. Atası vəfat etmiş, digər dəstəyi yoxdur. Halbuki uşaqların saxlanılmaları, onlara lazımi səviyyədə təhsil verilməsi və sair zəruri tələbatlarını ödəmək üçün daha artıq xərclər tələb olunur. Himayəsində isə həm yetkinlik yaşına çatmayan övladları, həm də yaşlı anası vardır. Bu səbəblərdən da uşaqları təkbaşına saxlamaq onun üçün bir qədər çətindir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə hər biri ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək bildirdi ki, onun gücü çatsa 400-500 aliment ödəyər. Lakin o, işləmir, işi daimi deyildir. Sürücüdür, 1 gün işləyir 3 gün işləmir. Onun artıq aliment ödəməyə gücü çatmır. Ona valideynləri kömək edir. Özü tək öhdəsindən gələ bilmir. Alimentin artıqılmasına etiraz edir. Uşaqların səhətində olan problemlərdən məlumatı var. Həkimlərin dediyinə görə uşaqlar əməliyyat olunmalıdırlar. Onun hazırda da ödəyə bilmədiyi, alimentlə bağlı qalır borcu var. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(003)-1457/2023 saylı qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 389 saylı qeyd ilə rəsmiləşdirilmiş nikah pozulması, hikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanıması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü-X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200,0 manat, cəmi 400,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 100,0 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 337261 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2019-cu il tarixdə nikahları bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 389 nömrə ilə qeyd edildmişdir. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 293 N-ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İbrahimova Yağmura sol bud-çanaq oynağının displariyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İbrahimov Uğura sağ bud-çanaq oynağının displariyası diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş iki uşağının müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1457/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 1000 manatdək olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 40 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 960 manat (40x2x12=960) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. İş materiallarında görünür ki, mediasiya ilə bağlı İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1457/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1825/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1825/2024
10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver