Məhkəmə qərarları › İş №2(003)-1826/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1826/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1826/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5005,7 manat əsas, 520,96 manat faiz, 24,28 manat cərimə borcu olmaqla cəmi 5550,94 manat borcun və 75,91 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 28,75% ödəmək şərti ilə 5800 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 5005,7 manat əsas, 520,96 manat faiz, 24,28 manat cərimə, 0 komisyon haqqı borcu olmaqla cəmi 5550,94 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, ailə ehtiyacları üçün o, kredit götürmüşdür. Hazırda isə maddi imkanı pis olduğundan ödəniş edə bilmir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilə "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 7343nkMDKb/23 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixinədək illik 28,75 faiz ödəmək şərtilə 5800 manat kreditin verilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 2 bəndinə əsasən (ödəniş cədvəlinə) Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək 295 manat komissiyası haqqı olmaqla hər ay 184 manat ödəniş etməklə yerinə yetirməsi barədə məsuliyyət götürmüşdür. İş materiallarında olan 07 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 7343nkMDKb/23 saylı müqavilə üzrə "xxxx" KB ASC-yə 5005,7 manat əsas, 520,96 manat faiz, 24,28 manat cərimə, 0 manat komisyon haqqı olmaqla cəmi 5550,94 manat məbləğində borcu vardır. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair 07 mart 2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 75,51 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə 75,91 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında kredit verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 7343nkMDKb/23 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən xx.xx.2028-ci il tarixinədək illik 28,75 faiz ödəmək şərti ilə 5800 manat məbləğində kredit verilmişdir. Kreditalan (cavabdeh) kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında iştirak etməklə ona qarşı yönəlmiş tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5005,7 manat əsas, 520,96 manat faiz, 24,28 manat cərimə borcu olmaqla cəmi 5550,94 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 75,91 manat alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 5005,70 (beş min beş manat yetmiş qəpik) manat əsas, 520,96 (beş yüz iyirmi manat doxsan altı qəpik) manat faiz, 24,28 (iyirmi dörd manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5550,94 (beş min beş yüz əlli manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 75,91 (yetmiş beş manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar