Məhkəmə qərarları › İş №2(003)-1827/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1827/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1827/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Mikayıl oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Mikayıl oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 11050 (on bir min əlli) manat, 22 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsəsən 10200 (on min iki yüz) manat, 22 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 31250 (otuz bir min iki yüz əlli) manat, 15 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 24 000 (iyirmi dörd min) manat olmaqla ümumlilikdə 76500 (yetmiş altı min beş yüz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 07 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 11 050 (on bir min əlli) manat, 22 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsəsən 10 200 (on min iki yüz) manat, 22 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 31 250 (otuz bir min iki yüz əlli) manat, 15 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 24 000 (iyirmi dörd min) mant olmaqla ümumlilikdə 76500 (yetmiş altı min beş yüz) manat məbləğində borc vermişdir. Aralarında bağlanmış kredit müqavilələrində göstərilən son icra müddətlərinin bitməsinə baxmayaraq cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ona görə də hazırda cavabdehin ona yuxarıda qeyd olunan kredit müqavilələri əsasında ümumlilikdə 76 500 (yetmiş altı min beş yüz) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Yuxarıda qeyd etdikləri kredit müqavilələri üzrə yaranmış və bu günə qədər ödənilməmiş 76 500 (yetmiş altı min beş yüz) manat məbləğində borcun ona geri qaytarılması xahişi ilə cavabdehə pretenziya qaydasında müraciət etsə də cavabdeh bu günə qədər həmin vəsaiti ona geri qaytarmamışdır. Göründüyü kimi müqavilə ilə razılaşdığı son icra müddətinin bitməsinə baxmayaraq, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bu günə qədər kredit müqavilələri üzrə aldığı borc məbləğini ona geri qaytarmamışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 16 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı Mikayıl oğlunun vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizə təqdim edərək Quliyeva (Manafova) Təbrizə Sucayət qızından ümumilikdə 65 000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 16 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmiş və məhkəməyə ərizə təqdim edərək iddia tələbini 65 000 manat hissədə qəbul etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 23 may 2024-cü il tarixdə İddiaçı Mikayıl oğlunun vəkili və nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəblərə görə iştirak etməkləri mümkün olmayacaqdır. Bu səbəbdən, məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia tələbini müdafiə edir və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddianın etirafı barədə ərizəni də nəzərə almaqla iddianı təmin etməyinizi xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına olan xx.xx.2022 –ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Mikayıl oğlu Cavabdeh 31250 manat pulu borc vermişdir. İş materiallarına olan xx.xx.2019 –cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Mikayıl oğlu Cavabdeh 11050 manat pulu borc vermişdir. İş materiallarına olan xx.xx.2019 –cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Mikayıl oğlu Cavabdeh 10200 manat pulu borc vermişdir. İş materiallarına olan xx.xx.2021 –ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Mikayıl oğlu Cavabdeh 24000 manat pulu borc vermişdir. İş materiallarına olan Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbini 65 000 manat pulun tutulması hissədə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2- ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 448.1 -ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kredit borcu üzrə ümumilikdə 65 000 manat pul tutularaq İddiaçı Mikayıl oğluna ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 65 000 (altmış beş min) manat pul vəsaiti tutularaq İddiaçı Mikayıl oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar