Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-186/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 07 iyun 2021-ci il tarixli 358/SM-21 saylı kredit müqaviləsi üzrə 28871.46 manat əsas borc, 1448.38 manat faiz borcu, ümumilikdə 30319.84 manat, 09 iyun 2021-ci il tarixli 572/SM-21 saylı kredit müqaviləsinə əsasən 48768.29 manat əsas borc, 2446.54 manat faiz borcu olmaqla, ümumilikdə 51214.83 manat, hər iki müqavilə üzrə cəmi 81534.67 manat kredit borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2021-ci il tarixli 358/SM-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 270000 manat məbləğində, 09 iyun 2021-ci il tarixli 572/SM-21 saylı kredit müqaviləsinə əsasən 570000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə düşən öhdəliyi vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 07 iyun 2021-ci il tarixli 358/SM-21 saylı kredit müqaviləsi üzrə əsas borc 28871.46 manat, faiz borcu 1448.38 manat, 09 iyun 2021-ci il tarixli 572/SM-21 saylı kredit müqaviləsinə əsasən əsas borc 48768.29 manat, faiz borcu 2446.54 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə, 81534.67 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikas MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2021-ci il tarixli 358/SM-21 saylı və 09 iyun 2021-ci il tarixli 572/SM-21 saylı kredit müqavilələri üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 42 %-lə hesablanır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən borc öhdəliyinin icra edilməməsinin “Borc verən” tərəfindən vaxtından əvvəl tələb edilməsi aşağıdakı hallarda mümkündür: əlverişsiz şəraitin yaranması nəticəsində “Borc alanın” lazımi qaydada borc ödəmək qabiliyyəti olmadıqda, kreditin qaytarılması ilə bağlı “Borc verənə” maddi zərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə, bu Müqavilənin müddəaları Borc alan tərəfindən yerinə yetirilmədikdə. Həmin müqavilənin 8.1ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borcalan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 84 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulan hallarda kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. Həmin müqavilənin 13.7-ci bəndinə əsasən “Borc Alan” razılaşdırılmış ödəniş şərtlərini pozduqda, krediti və ondan istifadəyə görə faizlərin ödənilməsi gecikdirildikdə “Borc verən” “Borc alan”a qarşı borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü ödənilməli olan, lakin ödənilməmiş məbləğin 0.5% (sıfır tam onda beş) miqdarında dəbbə pulu tətbiq edə bilər. Həmin müqavilənin 15.2-ci bəndinə əsasən bu müqavilə “Borclu”nun “Kreditor” qarşısında öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Həmin müqavilənin 17-ci bəndinə əsasən tərəflər mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Qeyd olunanlara əsasən, cavabdehdən 07 iyun 2021-ci il tarixli 358/SM-21 saylı kredit müqaviləsi üzrə 28871.46 manat əsas borc, 1448.38 manat faiz borcu, ümumilikdə 30319.84 manat, 09 iyun 2021-ci il tarixli 572/SM-21 saylı kredit müqaviləsinə əsasən 48768.29 manat əsas borc, 2446.54 manat faiz borcu olmaqla, ümumilikdə 51214.83 manat, hər iki müqavilə üzrə cəmi 81534.67 manat kredit borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, borcunun əvəzində qızıl vermişdir. Lakin iddiaçı ona həddindən artıq faiz hesabladığına görə qızılları borca çıxmışdır. Hesab edir ki, tələb olunan məbləğ düzgün hesablanmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07 iyun 2021-ci il tarixli, 358/SM-21 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə 270000 manat məbləğində kredit verilmişdir. Eyni tarixli girov müqaviləsindən görünür ki, cəmi 121448 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları "xxxx" MMC-nin borcalana verdiyi 270000 manat məbləğində kreditin təminatı olmuşdur. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09 iyun 2021-ci il tarixli, 572/SM-21 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə 570000 manat məbləğində kredit verilmişdir. Eyni tarixli girov müqaviləsindən görünür ki, cəmi 200009.5 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları "xxxx" MMC-nin borcalana verdiyi 570000 manat məbləğində kreditin təminatı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi və girov müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən ünvanlanmış bildirişlərin surətindən görünür ki, Cavabdeh 07 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 27 iyul 2021-ci il tarixə yaranmış 229.446.66 manat məbləğində olan kredit borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq və girov predmetinin satılacağı barədə hərrac bildirişi göndərilməsinə baxmayaraq, kredit borcu ödənilmədiyindən, girov predmeti satılmış, satışdan əldə edilmiş 201.545.20 manat məbləğində pul vəsaiti borcun ödənilməsinə yönəldilmiş, lakin borca kifayət etməmişdir. Artıq qalan 28.871.46 manat borcun 10 gün ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, Cavabdeh 09 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 27 iyul 2021-ci il tarixə yaranmış 371330 manat məbləğində olan kredit borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq və girov predmetinin satılacağı barədə hərrac bildirişi göndərilməsinə baxmayaraq, kredit borcu ödənilmədiyindən, girov predmeti satılmış, satışdan əldə edilmiş 322561.80 manat məbləğində pul vəsaiti borcun ödənilməsinə yönəldilmiş, lakin borca kifayət etməmişdir. Artıq qalan 48768.29 manat borcun 10 gün ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarında olan arayışlardan görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan borcu 07 iyun 2021-ci il tarixli 358/SM-21 saylı kredit müqaviləsi üzrə 28871.46 manat əsas borc, 1448.38 manat faiz borcu, ümumilikdə 30319.84 manat, 09 iyun 2021-ci il tarixli 572/SM-21 saylı kredit müqaviləsinə əsasən 48768.29 manat əsas borc, 2446.54 manat faiz borcu olmaqla, ümumilikdə 51214.83 manat kredit borcu təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi verildiyi vaxt qüvvədə olan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinın xeyrinə Cavabdeh 07 iyun 2021-ci il tarixli 358/SM-21 saylı kredit müqaviləsi üzrə 28871.46 manat əsas borc, 1448.38 manat faiz borcu, ümumilikdə 30319.84 manat, 09 iyun 2021-ci il tarixli 572/SM-21 saylı kredit müqaviləsinə əsasən 48768.29 manat əsas borc, 2446.54 manat faiz borcu olmaqla, ümumilikdə 51214.83 manat, hər iki müqavilə üzrə cəmi 81534.67 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinın xeyrinə Cavabdeh 07 iyun 2021-ci il tarixli 358/SM-21 saylı kredit müqaviləsi üzrə 28871.46 manat əsas borc, 1448.38 manat faiz borcu, ümumilikdə 30319.84 manat, 09 iyun 2021-ci il tarixli 572/SM-21 saylı kredit müqaviləsinə əsasən 48768.29 manat əsas borc, 2446.54 manat faiz borcu olmaqla, ümumilikdə 51214.83 manat, hər iki müqavilə üzrə cəmi 81534.67 (səksən bir min beş yüz otuz dörd manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləği tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-186/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-186/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver