Məhkəmə qərarları › İş №2(003)-1883/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1883/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1883/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 337/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və həmin nikahdan xx.xx.2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Cavabdeh birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün əlavə heç bir maddi kömək göstərmir. Uşaq artıq böyümüşdür. Nəticədə təbii olaraq onun xərcləri də artmışdır. Belə ki, uşaq autizm xəstəsidir. O, özünü sərbəst idarə edə bilmir. Xəstəliklə bağlı müxtəlif kursların (loqopediya, psixoloji, idman və s.) xərclərinin, eyni zamanda onun sağlamlığının qorunması üçün tez-tez tibbi xərclərinin ödənişinin, gündəlik qida, geyimin və s. kimi yaşayış məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Belə olan halda isə uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Hazırkı dövrdə uşağın xəstəliyi ilə məşğul olmaqla yanaşı, həm də digər gündəlik maddi tələbatlarını ödəmək isə tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də “aliment tələbinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxılması zamanı İddiaçı iddia tələbini dəqiqləşdirərək məhkəmədən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-337/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında əlavə olaraq bildirdi ki, hərbi qulluqçudur, zabitdir. Dövlət Sərhəd Xidmətinin mühafizəsində işləyir və 1200 manat maaş alır. Uşağının səhətində olan problemlərlə bağlı xərci çox çıxır. Uşağı reabilitasiya şöbəsinə aparır və ayda 800 manat pul ödəyir, uşağı aparılıb-gətirilməsi üçün ayda 300 manat taksi xidməti üçün xərci çıxır. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, onun əvvəlki nikahından da iki uşağı var və onun əmək haqqının 1/3 hissəsi məbləğində həmin uşaqlar üçün aliment tutulur. Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Nəqliyyatı Komandanlığının Rabitə şöbəsində növbə rəisi vəzifəsində işləyir. Əmək haqqından 1/3 hissədə tutulmalar aparıldıqdan sonra ona 560 manat pul qalır. Həmçinin kirayədə yaşayır. İddiaçı isə xidməti evdə qalır, yol haqqından pulsuz istifadə edir. Maddi imkanı artıq məbləğdə aliment vermək üçün yetərli deyil. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(003)-337/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X5 anası, X1 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X1 xeyrinə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyin surətindən görünür ki, X5 diaqnozu – uşaq autizmi F84.0-dır. İş materiallarında olan “Orvita” Psixoloji Reabilitasiya mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 valideyni İddiaçı Mərkəzinin nəzdində yerləşən “Autizm evi”nə müraciət etmiş və bu müraciətə əsasən xx.xx.2023-cü ildən aylıq 800 manat ödəyərək seanslara başlamışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 11 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, alimentin artırılması tələbi barədə mübahisə üzrə Cavabdeh mediasiya prosesində iştirak etməməsi səbəbindən ilkin mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh, xx.xx.2007-ci il təvəllüdlü X7 və X8, xx.xx.2007-cı il təvəllüdlü X9 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Səbail rayon İcra şöbəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanladığı xx.xx.2012-ci il tarixli məktubunun surətindən görününü ki, Culfa Rayon Məhkəməsinin 2(089)-97/2009 saylı xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X7 və X8, xx.xx.2007-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq X4 ödənilməlidir. Beləliklə, iddiadan və iş materiallarının görünür ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və s. dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Əlavə olaraq məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimumu ilə bağlı məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərindən göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər və ya aliment ödəməkdən azad edə bilər. Bu dəyişikliklər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə iddiaçı, müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Əksinə işin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdeh əvvəlki nikahından olan iki uşaq üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment ödəyir. Eyni zamanda məhkəmə nəzərə alır ki, uşağın valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi həmin uşağın himayəsində olan valideynin üzərinə düşür. Qeyd olunanları, həmçinin uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətlərinin və.s dəyişməsini, uşaq böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının artmasını, həmçinin cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, tutulmalı olan alimentin miqdarı müəyyən edilən zaman hər iki tərəfin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallarla yanaşı, uşağa münasibətdə hər iki valideynin bərabər vəzifələri də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-337/2021, xx.xx.2021-ci tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, tutulmalı olan alimentin miqdarı müəyyən edilən zaman hər iki tərəfin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallarla yanaşı, uşaqlara münasibətdə hər iki valideynin bərabər vəzifələri də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi ədalətlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-337/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələri nəzərə alınmaqla, iş üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin tutulmalı olan dövlət rüsumunun məbləğinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 30 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 360 (30x12) manat müəyyən edilməklə iddianın qiyməti 1000 manatadək olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-337/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar