Məhkəmə qərarları › İş №2(003)-1885/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1885/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1885/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Mustafayeva Nigar Zaur qızının katibliyi ilə, İddiaçı1 ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK3316337A117 saylı kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə ilik 20% ödəmək şərtilə 10243,97 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2021-ci il tarixinə kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə 10138,28 əsas borc, 1448,19 manat faiz borcu olmaqla, cəmi 11586,47 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edillməsi barədə danışıqlar aparılmış (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və İddiaçı1 ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququnundan istifadə etmək qərarına gəlmişdir. Ona görə də cavabdehdən İddiaçı1 ASC-nin xeyrinə 10138,28 əsas borc, 1448,19 manat faiz borcu olmaqla, cəmi 11586,47 manat borcu və dövlət rüsumu olaraq ödənilmiş 124,75 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və saatı haqında bildiriş cavabdehə çatdırılması üçün Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə göndərilmişdir. Lakin, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə cavab olaraq cavabdehin həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı1 ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK3316337A117 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 83 ay müddətinə ilik 20% ödəmək şərtilə 10243,97 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İddiaçı1 ASC-yə cəmi 10243,97 manat əsas borc, 8750,89 manat faiz borcu, cəmi 18994,86 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı1 ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 10138,28 əsas borc, 1448,19 manat faiz borcu olmaqla, cəmi 11586,47 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı1 ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 124,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4999 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli RGTK3316337A117 saylı kredit razılaşması şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2021-ci il tarixədək (sualda göstərilən tarix) banka olan əsas borcu 10138,28 manat, faiz borcu 1448,19 manat, cəmi borcu 11586,47 manat məbləğində müəyyən olunur. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli RGTK3316337A117 saylı kredit razılaşması üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat olmadığı üçün cərimə borcu hesablanmadı. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə 83 ay müddətinə ilik 20% ödəmək şərtilə 10243,97 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 124,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa, iş materiallarından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi alınmış, ekspertiza üzrə müəyyən edilmiş məbləğ iddia tələbi ilə eynilik təşkil etmişdir. Məhkəmə ekspertizanın verdiyi xx.xx.2022-ci il tarixli, 9/4999 saylı rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin iddianın 124,75 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 124,75 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul cavabdehdən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10138,28 əsas borc, 1448,19 manat faiz borcu, ödənilmiş 124,75 manat dövlət rüsumu olmaqla, cəmi 11711,22 manat (on bir min yeddi yüz on bir manat, iyirmi iki qəpik) manat borc pul və tutularaq İddiaçı1 ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100,0 manat məbləğində pul cavabdehdən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar