Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1888/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı X5, Cavabdeh iştirakları ilə, İddiaçı X6 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı X9 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 23 000 (iyirmi üç min) ABŞ dolları (bu günkü məzənnə ilə, 39 100 (otuz doqquz min yüz manat) məbləğində pul vəsaiti və ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı olan Cavabdeh xx.xx.2022-ci il tarixində özünə iş qurmaq adı ilə xx.xx.2022-ci il tarixində 23 000 (iyirmi üç min) ABŞ dolları (bu günkü məzənnə ilə 39 100 (otuz doqquz min yüz manat) pul almış və 2022-ci ilin yanvar ayının sonuna qədər qaytaracağına söz vermişdir. Cavabdeh ona 23 000 ABŞ dolları borcu olduğunu iddiaçı bildirmişdir. Cavabdeh borcu 2023-cü ilin iyun ayının sonuna qədər, hissə-hissə qaytaracağını xx.xx.2023-cü il tarixli müqavilədə yazılı şəkildə bildirmiş, lakin xeyli vaxt keçməsinə baxmayaraq borc hələ də qaytarılmamışdır. Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh borcu bu günə kimi ödəməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş, cavabdeh öhdəliyini icra etməmiş və nəticədə öhdəliyin tələbləri pozulmuşdur. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında tanışlıq münasibətləri olmuş, iddiaçı cavabdehin özünə iş qurması ilə əlaqədar borc pul vəsaitini ona vermişdir. Cavabdeh bu barədə müqavilə hazırlamış və borcunu 2023-cü ilin iyun ayının sonuna qədər müddətinə qaytaracağına dair söz vermişdir. Həmçinin cavabdeh ötən məhkəmə iclasında da borc müqaviləsini şəxsən imzaladığını və imzanın ona məxsus olduğunu etiraf etmişdir. Cavabdeh iddiaçıdan borc pul vəsaiti əldə etsə də borcunu vaxtında qaytarmamış və öhdəliyi pozmuşdur. Həmin müqavilə xx.xx.2022-ci il tarixində tərtib edilmiş və 2023-cü ilin avqust ayına qədər borcun qaytarılmalı olması şərtləşdirilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş “borc müqaviləsi” adlı ərizədə mövcud olan imza ona məxsusdur, özü yazıb imzalamışdır, lakin 8000 ABŞ dolları miqdarında pul vəsaitini almışdır, digər hissədə olan borc məbləğini isə 23 000 ABŞ dolları faiz borcu ilə bərabər hesablanmış məbləğdir.
Şahid ifadələri.
5. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Əlif Baxşıyevi işlə bağlı tanımış, Cavabdeh isə daha əvvəl tanımışdır. X9 ilə Cavabdeh müqavilə bağladığı zaman orada iştirakı etməmişdir, lakin birgə görüş zamanı məlumatı olmuşdur. Raufun əvvəldən Əlif Baxşıyevə borcu mövcud idi. Borc haqqında dekabr aylarında “20 yanvar” adlanan ərazidə Vüqar, Rauf və Əliflə görüşüblər və Cavabdeh Əlif Baxşıyevə 23 000 ABŞ dollar borcu olması barədə danışıqları olub. Danışıq zamanı Cavabdeh X3 borc aldığını təsdiq edib.
İş materialları.
6. Cavabdeh adından borc müqaviləsi başlığı altında tərtib edilmiş əlyazmadan görünür ki, cavabdeh X3 ona borc pul kimi 23 000 (iyirmi üç min) ABŞ borcunun verilmiş, həmin pul vəsaitini 2023-cü ilin iyun ayının sonuna qədər müddətinə qaytaracağını qeyd etmişdir.
İşin faktiki halları.
6. Cavabdeh iddiaçı Baxşıyev Əlifdən 23 000 (iyirmi üç min) ABŞ dolları məbləğində borc pul almasına və həmin pulu 2023-cü ilin iyun ayının sonuna qədər ərzində qaytaracağına dair əlyazma ərizə tərtib etmişdir.
Tətbiq edilən hüquq.
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
9. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
10. Belə ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır. Bu müqavilənin bağlandığını təsdiq edən sənəd kimi məhkəməyə cavabdehin adından tərtib edilmiş əlyazma təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ruslan Fərəcov bu əlyazmanın özü tərəfindən yazılıb imzalandığını qəbul etmişdir. Hansı ki, həmin əlyazmada cavabdehin iddiaçıdan 23 000 (iyirmi üç min) ABŞ dolları məbləğində borc aldığı, bu borcu 2023-cü ilin iyun ayının sonuna qədər ə qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin əlyazma tərəflər arasında borc müqaviləsi bağlanmasının, bu müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 23 000 (iyirmi üç min) ABŞ dolları məbləğində borc pul verilməsinin sübutu kimi qəbul olunmalıdır.
11. Bu vəziyyətdə mülki mühakimə icraatında sübutetmə yükünün tərəflər arasında bölünməsi prinsipi baxımından cavabdehin üzərinə düşən iddiaçıdan aldığı borcu qaytardığını, yaxud bu pulu qaytarmasını istisna edən bir halın mövcudluğunu sübut etməkdir. Hansı ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatda əlyazmanın özü tərəfindən yazıldığını qəbul etmiş, iddiaçının onu buna məcbur etməsi, hədələməsi kimi hallara da istinad etməmişdir.
12. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə pul vəsaitini borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq borc müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı 208 (iki yüz səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
16. Belə olan halda, ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23 000 (iyirmi üç min) ABŞ dolları (qətnamənin icra edildiyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində borc, ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə ödənilməlidir.
18. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 23 000 (iyirmi üç min) ABŞ dolları (qətnamənin icra edildiyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) manat məbləğində borc və ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı X7 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mələk Hüseynova