Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1890/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X11, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 iyul 2012-ci il təvəllüdlü X5, 26 dekabr 2015-ci il təvəllüdlü X3 və 01 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün aylıq qazancının və gəlirlərinin ½ hissəsi və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna uyğun olaraq 117,05 manat sabit pul məbləğində, cəmi 400 (282,95 +117,05=400) manat məbləğdə alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 29 iyun 2011-ci ildə evlənmiş və onların nikahı Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(003)- 1377/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarından 10 iyul 2012-ci il təvəllüdlü X8, 26 dekabr 2015-ci il təvəllüdlü X7 və 01 sentyabr 2017-ci il təvəllüdlü X9 olmuşdur. Məhkəmə qətnaməsinə əsasən 10.07. 2012-ci il təvəllüdlü X8, 26.12. 2015-ci il təvəllüdlü X7 və 01.09.2017-ci il təvəllüdlü X9 onun yanında saxlanmaqla, uşaqların saxlanılması üçün 10 mart 2020-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının (və ya başqa gəlirlərinin) yarısı miqdirında aliment tutulması qərara alınmışdır. O məhkəmə qətnaməsinin alimentin tutulması hissəsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30.11.2020-ci il tarixli 2(103)-8637/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Xəzər Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli 2(003)- 1377/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçının tələbi yalnız cavabdehin qazancının və başqa gəlirlərinin ikidə birinin tutulması barədə olduğundan, aliment tutularkən yaşayış minimumunun nəzərə alınması barədə tələb olmamışdır. Cavabdehin "xxxx" ASC-də işləməklə aylıq əmək haqqı 565,90 manat olmuşdur. Lakin tutulan alimentin miqdarı uşaqlar üçün qanunla nəzərdə tutulan yaşayış minimumuna münasibətdə yetərli olmadığına görə aliment məbləğinin artırılması barədə iddia qaldırmağa məcbur olmuşdur. Azərbaycan Respublikasında yaşayış minimumu haqqındaşp Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir.Həmin Qanun 01 yanvar 2021-ci il tarixdən qüvvəyə minmişdir. Qanuna əsasən uşaqlar üçün müəyyən edilən yaşayış minimumuna uyğun olaraq hər uşağa görə hər ay tutulan alimentin miqdarı 175 manat, cəmi 525 manat (3 uşaq x 175 manat = 525) olmalıdır. Cavabdehdən isə hazırda qazancının ½ hissəsində, yəni 282,95 manat aliment tutulur ki, bu da uşaqların saxlanılması üçün yetərli deyildir. Belə ki, hər uşağa hər ay 94,32 manat (282,95 : 3 = 94,32) aliment hesablanır ki, bu da 80,68 manat (175- 94,32=80,68) azdır. X5, 26 dekabr 2015-ci il təvəllüdlü X3 və 01 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün aylıq qazancının və gəlirlərinin ½ hissəsi və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna uyğun olaraq 117,05 manat sabit pul məbləğində, cəmi 400 (282,95+117,05=400) manat aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və iddiaya qarşı etirazını məhkməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2(003)- 1377/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29 iyun 2011-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 614 nömrəli akt qeydli nikah pozulması, birgə nikahdan doğulmuş 10 iyul 2012-ci il təvəllüdlü X8 26 dekabr 2015-ci il təvəllüdlü X7 və 01 sentyabr 2017-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə,10 iyul 2012-ci il təvəllüdlü X8, 26 dekabr 2015-ci il təvəllüdlü X7 və 01 sentyabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 10 mart 2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında aliment tutulması qət edilmişdir. İşdə olan Cavabdeh İddiaçı iddia ərizəsinə etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı iddiasını qəbul etmir. 2020-ci ilin mart ayında cavabdeh İddiaçı nikahın pozulmasına dair iddia ilə müraciət etmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 sentyabr 2020ci il tarixli, 2(003)- 1377/2020 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş 10 iyul 2012ci il təvəllüdlü X8, 26 dekabr 2015ci il təvəllüdlü X7 və 01 sentyabr 2017ci il təvəllüdlü X9 anaları İddiaçı himayəsində saxlanılmış, eyni zamanda uşaqların yetkinlik yaşınaçatanadək saxlanılmaları üçün 10 mart 2020ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutulması qət edilmişdir. Aliment hissəsində qətnamə dərhal icraya yönəldilmişdir. Cavabdeh İddiaçı Əliçan qızı həmin qətnamədən apellyasiya şikayəti vermiş, alimentin məbləğinin artırılması ilə bağlı, alimentin 510 manat tutulması ilə bağlı müraciət etmiş, lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdir. Hazırkı iddia ilə razı deyil. İddiada qeyd edilir ki, iddiaçı cəmi 400 manat alimentin tutulmasını istəyir. Aylıq qazancının və gəlirlərinin ½ hissəsi və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna uyğun olaraq 117 manat sabit pul şəklində cəmi 400 manat aliment tələb edir. İddianı qəbul etmir. O uzun illərdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir. Alimentlə bağlı icra vərəqəsi icra edilməsi üçün onun iş yerinə göndərilmişdir. İcra vərəqəsi artıq icra edilir. Məhkəməyə müraciət edilən andan onun aylıq maaşının və gəlirlərinin yarısı manatla tutularaq, iddiaçıya ödənilir. Hətta bəzən isə ezamiyə xərci də onun aylıq məvacibinə daxil edirlər. Bu da maaşının miqdarını artırır. Nəticədə 50 faiz maaşından tutulmalar aparılarkən həmin ezamiyə xərcləri də daxil olur. Güründüyü kimi maaşının yarısı alimentə görə ödənilir. Onun aylıq məvacibi 660 manatdir. Bu məvacibin yarısı 330 manat edir. Hər ay da əlavə xərclər, komündirovka pulu da daxil edilir. Bu zaman isə həmin məbləğ dörd yüz manat da keçir, Onda iddianın təmin edilməsi üçün hansı əsaslar yaranır? İddiaçının marağı ondan əlavə pullar almaqdır. İş yerindən arayışdan da görünür ki, onun aylıq məvacibinin 660 manat olsa da, 400 manatdan da çox aliment alır. Stabil olaraq 330 manat qalır, əlavə gəlirlər isə 400 manatı da ötür. Uşaqları saxlamaq vəzifəsi hər iki valideynin üzərinə düşür. O dövlət müəssisəsində Azərişıq ASC-də işləyir. Hər gün saat 08.00-dan saat 21.00-dək işdə peşə borcunu icra edir. Maaşı manatla, vaxtı-vaxtında verilir. Hazırda isə ona əmrək haqqı verilmir, yarı hissəsi alimentə, yarı hissəsi isə iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi 7000 manat kredit borcuna ödənilir. Əvvəllər ailə üzvü 5 nəfər idi, o, arvadı və uşaqlar. Yəni 5 baş ailə 500 manat ilə dolanırdıq. 3 uşaqdan başqa 2 böyük adamın da xərci 500 manata daxil idi. Əlavə qazancı və başqa iş yeri yoxdur. Maaşın yarı hissəsi alimentə, yarı hissəsi isə birgə nikah dövründə 7000 manat məbləğində aldığı kreditin ödənişinə ödənilir. Faktiki olaraq o həm aliment, həm də birgə nikah dövründə əldə etdiyi kredit məbləğinə pul ödəyir. Bundan başqa əlavə olaraq atasının pensiyasından 150 manat götürüb, hər ay kredit borcumun yarımçıq hissəsini ödəyir. İşdə olan olan "xxxx" ASC-nin 28.12.2020-ci il tarixli 01/05-06/3755 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh iş rejimi 5 günlük saat 9-dan 18:00-a kimidir. Orta aylıq əmək haqqı 660 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” 20.11.1989-cu il tarixli Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır. Məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2(003)-1377/2020 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 10 iyul 2012-ci il təvəllüdlü X8, 26 dekabr 2015-ci il təvəllüdlü X7 və 01 sentyabr 2017-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında qalması və onların saxlanılması üçün Cavabdeh oğlundan İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərin) yarısı hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Cavabdeh "xxxx" ASC-də işləyir və onun iş rejimi 5 günlük saat 9-dan 18:00-a kimidir. Orta aylıq əmək haqqı 660 manat təşkil edir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən görünüdüyü kimi uşaqların qayğısına qalmaq və onların dolanacaq xərclərinin təmin edilməsi valideynlərin borcudur. Həmçinin qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki mülki iş üzrə iş materiallarından görünür ki, iddiaçının əmək haqqı 660 manatdır. Həmin məbləğin yarı hissəsi isə 330 manat təşkil edir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qətnamə ilə cavabdehdən tutulacaq aliment üç uşağa münasibətdə ayrı-ayrılıqda götürülərsə (330:3=110 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən aşağı olur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin miqdarı dəyişdirilməli və cavabdehdən tutulan alimentin miqdarı ondan aliment həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi miqdarında müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2(003)-1377/2020 nömrəli qətnaməsi ilə 10 iyul 2012-ci il təvəllüdlü X8, 26 dekabr 2015-ci il təvəllüdlü X7 və 01 sentyabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirlərək, hər ay qazancının (başqa gəlirlərin) yarısı miqdarında və hər ay 30 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli Qərarının 8.14cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan (30x3x12=1080) cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2(003)-1377/2020 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 10 iyul 2012-ci il təvəllüdlü X8, 26 dekabr 2015-ci il təvəllüdlü X7 və 01 sentyabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında və hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1890/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1890/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver