Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1903/2024 07.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Kreditor nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Kreditor cavabdeh Borclu qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Kreditor cavabdeh Borclu qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu onun xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 32100 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Borclu aralarında 25 avqust 2021-ci il tarixdə Bakı şəhəri, 54 saylı notariat kontorunda kredit müqaviləsi imzalanmışdır. Əslində Notariat ofisinin borc müqaviləsini nədən kredit müqaviləsi yazması onun üçün başadüşülməzdir. Həmin müqaviləyə əsasən Borclu ondan 32100 (otuz iki min yüz) manat borc almışdır. İmzalanmış müqavilənin 2-ci bəndinə görə brc alan borcunu xx.xx.2021-ci il tarixinədək ona qaytarmalı idi. Lakin müqavilə imzalandığı gündən bu günədək borclu göstərilən borcu ödəməmişdir. Borclu borc məbləğini ödəməsini gecikdirməsini özünün hərbiçi olması və bu əsasla vaxtının olmaması ilə izah edirdi. Borclu hazırkı borc müqaviləsi üzrə göstərilən məbləği mübahisəsiz qəbul edir və guya tezliklə ödəyəcəyini bildirir. Lakin o, borclunun yalan vədlərinə inanmır və borclu vaxtı uzatmaqla borcu ödəməkdən yayınır. Borclu borc məbləğini mübahisəsiz olaraq qəbul edir. İddia tələbi üzrə Məhkəmə xx.xx.2023-cü il tarixli məhkəmə əmri qəbul etmişdir. Borclu (bundan sonra cavabdeh) etiraz ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3534/2023 saylı məhkəmə əmri ləğv edilmiş, iş materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iİddiaçı Kreditor nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Borclu iddia tələbini qismən qəbul edərək bildirdi ki, mövcud borc müqaviləsinə heç bir etirazı yoxdur. Lakin iddiaçı ondan çox pul tələb edir. O, iddiaçıya 44000 manat pul ödəmişdir. İddiaçıya borcu olmamış, pulu Sevdiyardan almışdır. Lakin borcunu ödəməsini təsdiq edəcək sübutlarını məhkəmə iclasında gətirəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında sadə yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Kreditor borc verən qismində borc alan Borclu 32100 manat borc verməyi, sonuncu isə həmin borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya olan 32100 manat borcunu 2021-ci ilin oktyabr ayının 31-dək qaytataracağını bildirmiş və bu barədə aralarında kredit müqaviləsi tərtib olunmuşdur. Cavabdeh məhkəmə hazırlıq iclasında iş üzrə iddiaçı ilə aralarında bağlanmış müqaviləyə etirazı olmadığını, lakin iddiaçıya olan borcunu tamamilə ödədiyini, məhkəmə iclasında borcunu ödəməsinə dair sübutlarını məhkəməyə təqdim edəcəyini bildirmişdir. Lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə üzürlü səbəb təqdim etməmiş, eyni zamanda borcunu ödəməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, o, iddiaçıdan 32000,0 manat borc almasını etiraf etsə də, borcunu ödəməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, cavabdehin borcunu ödəməsini sübut etmək məhz cavabdehin vəzifəsidir. Ona görə ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə verdiyi krediti geri tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Buna görə də, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, mülki işdən görünür ki, iddiaçı əmr qaydasında müraciət etmişdir. Lakin cavabdehin məhkəmə əmrinə etiraz etməsi səbəbindən, xx.xx.2024-cü il tarixli qərardadla iş materialları iddia icraatına keçirilmişdir. İddiaçı isə ərizə ilə müraciət edən zaman 100,0 manat rüsumu ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Həmin Qanununun 8.2-ci madəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi, mülki iş iddia icraatında keçdiyindən, iddia təmin olunduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı olan dövlət rüsumun məbləği 186,30 manat təşkil etdiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Odur ki, iddia təmin olduğundan ödənilmiş 100,0 manat rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun qalan hissəsi olan 86,3 manat kəsirinin dövlət büdcəsinə ödənilməsi təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Borclu 32100,0 manat borc və 100,0 manat dövlət rüsumu tutularaq iddiaçı Kreditor ödənilməli, həmçinin cavabdehdən 86,30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh Borclu 32100 manat borc və 100,0 manat dövlət rüsumu tutularaq iddiaçı Kreditor ödənilsin. Cavabdeh Borclu 86,30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1903/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1903/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver