Məhkəmə qərarları › İş №2(003)-1917/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1917/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1917/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,4 manat pulun tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinadarlıq Agentliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xəzər Rayon Məhkəməsinin 1(003)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin göstərişi **.12.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə məhkum qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və həmin tarixdə ona “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Cavabdeh elektron nəzarət vasitəsinə baxış keçirilən zaman mobil qurğunun korpusunun bir-birindən aralandığı və bu səbəbdən onun qeyriişlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Bu barədə Cavabdeh izahat alınmış, o izahatında heç bir üzrlü səbəb göstərməmişdir. Həmin qurğu qeyri-işlək vəziyyətdə olduğundan Cavabdeh təhvil alınaraq yenisi ilə əvəz edilmiş və bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilərək şəxsi işə əlavə edilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli texniki rəydə X1 düzgün istifadə olunmaması nəticəsində ana platada elektron elementlərin sıradan çıxması nəticəsində yararsız vəziyyətə salındığı və təmirinin mümkün olmadığı, bu səbəbdən həmin cihazın istifadəyə tam yararsız olduğu bildirilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, məktubla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh göstərmişdir ki, tələbi qəbul etmir, Xəzər Rayon Məhkəməsinin 1(003)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Daha sonra ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Elektron nəzarət vasitəsi evdə olarkən yenidən həbs olunmuşdur, o müddət ərzində elektron nəzarət vasitəsinin enerjisi bitmiş ola bilər, amma özü elektron nəzarət vasitəsini yararsız hala salmamış və ya müdaxilə etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cavabdeh şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlanıldığı 1 gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 517/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişin surətindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə icra olunması üçün Bakı Probasiya İdarəsinə göndərilmişdir. İş materiallarına daxil olan “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli texniki rəydən görünür ki, X1 düzgün istifadə olunmaması nəticəsində ana platada elektron elementlərin sıradan çıxıb, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. İş materiallarına əlavə olunmuş “Attenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışının surətindən görünür ki, “Attenti” markalı ağıllı elektron qolbaq (sadə elektron qolbaq – 1 ədəd mobil nəzarət qurğusu – 1 ədəd elektrik adapteri – 1 ədəd klipsa – 1 cüt proqram lisenziyası) 2277,4 manat dəyərindədir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli xidməti məktubunun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri məhkumlardan Ədliyyə Nazirliyinin Dövlət Xəzinadarlıq Agentliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplektinə daxil olan mobil nəzarət qurğusu məhkum istifadəsində olan zaman zədələnərək yararsız hala düşmüşdür. Cavabdeh həmin nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması üçün öhdəlik daşıdığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinadarlıq Agentliyinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinadarlıq Agentliyinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar