Məhkəmə qərarları › İş №2(003)-1925/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1925/2020

14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1925/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili X1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İsrail qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2002.60 manat məbləğində əsas borcun, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2332.60 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB tərəfindən ona əsassız hesablanmış 2002.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-cu il tarixli, AKX-00417xx/xx-2018 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə Müqavilə" əsasında X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB- nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********01890 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalan”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri- qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıda göstərikən aktlar tərtib edilmişdir: xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 4860 m3, dəyəri 483 manat; xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 7992 m3, dəyəri 1598,40 manat. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 2002,60 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İstehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia tələbi təmin edilərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2002.60 manat məbləğində əsas borcun, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2332.60 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə İddiaçı İB tərəfindən ******* və 02091756 saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştirakı olmadan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə yerləşən yaşayış sahəsində quraşdırılmışdır. O, istifadə etdiyi qazın borcunu hər ay vaxtında ödəmişdir. Sonradan qaz sayğacına pul yükləmək istədiyi zaman onun 2002 manat borcu olduğunu bildirmişlər. Bununla bağlı İddiaçı İB-nin əməkdaşlarına müraciət etdikdə ona sayğaca müdaxilə edildiyi üçün cərimə hesablandığı bildirilmişdir. Qaz sayğacına müdaxilə onun tərəfindən edilməmişdir. O, həmin evdə yaşamamış, yaşaması üçün evi imkansız xanıma vermişdir. Sayğaca müdaxilə həmin xanım tərəfindən 2019-cu ildə olmuşdur, digər akt isə əsassızdır. Müdaxilə onun tərəfindən edilmədiyi üçün yazılmış borcu da o ödəməli deyil. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdıraraq, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Bakı X5 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2018-ci il tarixdə AKX-00417xx/xx-2018 saylı müqavilə bağlanmışdır. Göstərilən hallar təsdiq edir ki, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********01890 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı aktlar tərtib edilmiş, həmin aktlar əsasında müvafiq olaraq 7992 kub metr və 4860 kub metr zərər hesablanmışdır. İşin məhkəmə iclasında baxılması zamanı, cavabdeh ona məxsus ünvanda kirayə qalan şəxs tərəfindən 2019-cu ildə qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarına qiymət verərək, Cavabdeh məxsus qaz xəttinə qanunsuz qoşulma halının mövcudluğunu təsdiq edilmiş hesab edir. Cavabdehizahatından göründüyü kimi, 2019-cu il təbii qazdan qeyri-qanuni istifadə edilmiş və xx.xx.2019-cuil tarixdə tərtib edilmiş akta əsasən, iddiaçı tərəfindən ona 483 manat məbləğində borc hesablanmışdır. Lakin hazırda İddiaçı cavabdehdən xx.xx.2018-ci il tarixli akt əsasında 1598,40 manat məbləğində pul tələb etməsinə baxmayaraq, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı İddiaçı İB Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini cavabdeh tərəfindən 2018-ci ildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia tələbi üzrə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni 2019-cu ildə istifadə etdiyi təbii qaza görə yaranmış 483 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməli, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, İddiaçı İB tərəfindən Cavabdeh əsassız hesablanmış 1598.40 manat məbləğində borc silinməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən hüquqi yardım göstərilməsi üçün iddiaçı tərəfindən vəkil üçün ödənilmiş 300 manatın 72 manatı, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 7 manat məbləği iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 483 (dörd yüz səksən üç) manat məbləğində borc, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş xərcə görə 72 (yetmiş iki) manat və ödənilmiş dövlət rüsumuna görə 7 (yeddi) manat məbləğində pul vəsaiti tutulsun. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh əsassız hesablanmış 1598.40 (bir min beş yüz doxsan səkkiz manat qırx qəpik) manat borc silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar