Məhkəmə qərarları › İş №2(003)-1963/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1963/2022

23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1963/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək ona vurulan ziyanın 1000 manat miqdarında qiymətləndirilməsi və ödənilmiş 30 manat dövlət rüsumu ilə birlikdə 1030 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində onun Zirə qəsəbəsi 241a, yeni 203 saylı mülkundən Babayevlər ailəsi məhkəmə qərarları əsasında məcburi çıxarılandan sonra mütəmadi olaraq mülkinə hasardan daxil olaraq müxtəlif ziyanlıqlar vurmuşlar. Ərazisinə zibil, təkər, müxtəlif tullantılar atıb, hətta oğurluqlar etmişlər. Darvazanı rənglədib üstünə Azərbayan Respublikası bayrağını bəkitmiş, səhər isə bayrağın parça-parça olmuş darvaza isə dərin cızıqlandığını görmüşdür. Mövsümü bağ evi olduğu üçün yaxınlıqda kirayədə yaşayan Babayevlər onun bağ evində olmadığı vaxtlarda ağlasığılmaz hərəkətlər etmişlər. Su quyusuna pampers-uşaq tullantıları, şüşə, zibil atmışlar. Hətta sanitar qovşağının anbarına pal-paltarla doldurmuşlar. Nəticədə küçə üfunət iyinə məruz qalmışdır. Həyətdə saxladıqları 3 itin yuvasından qazan, tavalar – itlərə yemək vermişlər, layka kurtkası itin altında olmuşdur. O, evini tərk edib, heç yana çıxa bilmir. Evdə olanda da evə gələn həkimə Cavabdeh2 həyətə daxil olaraq “sən bura niyə gəlmisən bura onlarındır” demişdir. Cavabdeh5 darvazanın üstünə “burada erməni yaşayır” yazmışdır (bu barədə qonşu görmüşdür). Cavabdeh4, Zamiq dəfələrlə qıfıllarını qırmışlar. Bütün bunlara başçılıq edən anaları Cavabdeh1dır. Babayevlərin ona qarşı yönəlmiş nəlayiq, qanunsuz hərəkətlərindən polisin qərarları var. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, Babayevlər ailəsi ona məxus bağ evindən çıxarıldıqdan sonra onlar 3 il ərzində ona mənəvi və maddi ziyan vurmuşlar. Belə ki, onlar həyətinə 12 ədəd köhnə təkər atmışlar, mütəmadi olaraq zibil atmışlar. Onun isə 73 yaş var və həmin zibilləri fəhlənin köməkliyi ilə təmizləmiş və bu məqsədlə həmin fəhləyə pul vermişdir. Evinin qıfıllarını qırdıqlarına görə evindən oğurluqlar olmuşdur. Darvazasının rəngini cızmaqla zərər vurmuşlar. Ona vurulmuş zərəri 1000 manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının iddiası şər və böhtandan ibarətdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərara əsasən iddiaçı tərəfindən onlara 28000 manat maddi təzminat verilməlidir. Həmin qərar qüvvəyə minmiş və icraya yönəlmişdir. Hazırda iddiaçının bildirdiyi ona məxsus Zirə qəsəbəsində olan 241a, yeni nömrəsi 203 saylı bağ evinə həbs qoyulmuş və həmin əmlak hərraca çıxarılmışdır. Bu səbəbdən iddiaçı ona və onun ailəsinə şər və böhtan atır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında iddiaçının iddiasının şər və böhtandan ibarət olduğunu, iddiaçının qeyd etdiyi bağ evindən 2 ildir çıxdıqlarını və həmin bağ evinə hər hansı bir ziyan vurmadıqlarını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iş üzrə Cavabdeh3 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri yalandır. O, hərbi xidmətdə gizir olmuş və onun tərəfindən bayrağa zərərin vurulması böhtandan ibarətdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iş üzrə Cavabdeh4 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında iddiaçının iddiasının şər və böhtandan ibarət olduğunu, iddiaçının bağ evindən oğurluq etmələri barədə iddiaçının qeyd etdiklərinin həqiqətə uyğun olmadığını və bu barədə onlar barəsində nə inzibati qaydada, nə də digər qaydada qərarın mövcüd olmamasını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh5 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, k hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı bağ evi Cavabdeh1 məxsusdur. İş materiallarında olan Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, onun Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə ünvanladığı müraciətinə cavab olaraq bildirmişdir ki, Cavabdeh2 və Cavabdeh1 izahatları alınmış, onlarla profilaktik söhbətlər aparılmış və gələcəkdə bu kimi halların baş verməməsi üçün xəbərdar edilmişlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması RPİ-nin 1-ci Polis şöbəsinin baş təhqiqatçısı polis mayoru Anar İsayev tərəfindən rədd edilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, hadisə yerinə baxış keçirilmiş və oğurluq faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən AR CMnin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan yuxarı olan məbləğdə ziyan vurulduğu halda yaranır. İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən və 100 manat maddi ziyan AR CM-nin 177.2.3-cü maddəsinin tərkibini yaratmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, lakin oğurluq hadisəsini törətmiş şəxs(lər) müəyyən edilərək barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı, iddiasını iş üzrə cavabdehlər tərəfindən ona məxsus bağ evinin həyətinə müxtəlif tullantılar atılması, həmin bağ evinin darvazasının boyasına zərər vurması halları ilə əsaslandırsa da, həmin hallar ilə bağlı (iş üzrə cavabdehlər tərəfindən zərərin vurulması ilə bağlı) mötəbər sübutlar məhkəməyə təqdim etməmiş və həmin halların mövcüdluğu barədə məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vurulmuş maddi ziyan tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar