Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1975/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 7513.80 manat əsas borc, 839.09 manat faiz borcu, ümumilikdə 8352.89 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını və cavabdehlə “xxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh fiziki şəxslərə ödəniş kartının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən “xxxx” Bank olmayan Kredit təşkilatından illik 19 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşdür. “xxxx” Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC (Nikoyl İKB ASC) arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 07 may 2019-cu il tarixli müqaviləyə 1 saylı əlavə sazişə əsasən Cavabdeh ilə “xxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı (Nikoyl İKB) ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19 mart 2021-ci ilədək Cavabdeh banka 06 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7513.80 manat əsas borc, 839.09 manat faiz borcu və 61.48 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8352.89 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən, borcludan 7513.80 manat əsas borc, 839.09 manat faiz borcu, ümumilikdə 8352.89 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını və cavabdehlə arasında bağlanmış fiziki şəxslərə ödəniş kartının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, həqiqətən “xxxx” Bank olmayan Kredit təşkilatından illik 19 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşdür. Maddi imkanı pis olduğuna görə borcunu ödəyə bilməmişdir. Lakin imkanı olanda borcunu ödəyəcəkdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında 17 sentyabr 2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartının və kreditlərin verilməsi üzrə Standart Şərtlər bağlanmışdır. Məhkəmə hesab edir ki, “xxxx” MMC ilə Cavabdeh arasında 17 sentyabr 2019-cu il tarixli fiziki şəxslərə ödəniş kartının və kreditlərin verilməsi üzrə Standart Şərtlər bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Qeyd edilən sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş illik 19 faizlə 36 ay müddətinə götürdüyü 9000 manat krediti və kreditdən istifadəyə görə faizləri sonuncunun hesabında qalıq yarandığı gündən bir ay sonra – 17.10.2019-cu il tarixdən başlayaraq, hər ay banka 329.90 manat ödəməklə qaytarmalıdır. İş materiallarından görünür ki, “xxxx” Bank olmayan Kredit təşkilatı ilə İddiaçı (Nikoyl İKB) ASC arasında 07 may 2019-cu il tarixdə Tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. İş materiallarında olan Tələbetmə hüququnun güzəşt olunmasına dair 07 may 2019-cu il tarixli müqaviləyə 27 dekabr 2019-cu il tarixli 1 saylı Sazişdən görünür ki, Cavabdeh ilə “xxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı (Nikoyl İKB) ASC-yə ötürülmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən ünvanlanmış 12.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh Banka olan borcunun 5 gün ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarında olan 19 mart 2021ci il tarixli arayışdan görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun banka olan əsas borcu 7513.80 manat, faiz borcu 839.09 manat olmaqla, cəmi 8352.89 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin olaraq iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 7513.80 manat əsas borc, 839.09 manat faiz borcu olmaqla, ümumilikdə 8352.89 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutulmalı, Cavabdeh ilə “xxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartının və kreditlərin verilməsi üzrə Standart Şərtlər ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 7513.80 manat əsas borc, 839.09 manat faiz borcu olmaqla, ümumilikdə 8352.89 (səkkiz min üç yüz əlli iki manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh ilə “xxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartının və kreditlərin verilməsi üzrə Standart Şərtlər ləğv edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1975/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1975/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver