Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2006/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və sair” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 olmaqla Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyin icra edilməməsi nəticəsində ona dəymiş 18500 manat məbləğində zərərin cavabdehdən tutulması, cavabdeh barəsində xüsusi qərardad çıxarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, dələduzluq yolu ilə onun 29500 manat pulunu ələ keçirən Cavabdeh barəsində hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsi ilə istintaqda qərar qəbul edilmişdir. Sonradan cinayət işi baxılması üçün məhkəməyə verilmiş və məhkəmə gedişində cavabdeh ona olan borcundan 11000 manat qaytararaq, yerdə qalan 18500 manat məbləğində pulun notariat qaydada borc müqaviləsi bağlanılması yolu ilə qaytarılacağı haqqında söz verərək, məhkəməyə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Belə bir ərizə ilə məhkəməyə onun anası X1 da müraciət etmişdir. Lakin, onlar verdikləri sözlərinə əməl etməmiş, bir il müddətində onlara vaxt verilməsi üçün mütəmadi olaraq, ona xahişlər etməklərinə baxmayaraq, sonradan naməlum istiqamətdə yoxa çıxmışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdeh barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hökm çıxarılmışdır. Ona olan zərər cəmi 29500 manat olmuşdur. Cavabdeh zərərdən 11000 manat ödəniş etmişdir. Daha sonra da 530 manat və ondan sonra da 546 manat ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh və üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)- 315/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh həbsdə saxlanıldığı (22 fevral-23 dekabr 2021-ci il) 10 ay 1 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla (1 il 8 ay 2 gün), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq ona 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - X1 tərəfindən verilmiş ərizədən görünür ki, o, 11000 manat məbləğində pulu iddiaçıya geri qaytardığını bildirərək, 18000 manat borclarının qalmasını etiraf etmişdir. - Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, 11000 manat məbləğində pulun anası tərəfindən iddiaçıya geri qaytarıldığını bildirərək, 18000 manat borclarının qalmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya qarşı dələduzluq cinayətini törətməsi və bununla da iddiaçıya maddi zərər dəyməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut edilmişdir. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh iddiaçıya xaricdən avtomobil gətirmək adı ilə ilə onun etibarından sui-istifadə edərək 29500 manat məbləğində pulunu ələ keçirib dələduzluq etməklə maddi zərər vurmuşdur. Sonradan həmin məbləğin 12076 manat hissəsini geri qaytarmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh 17424 (on yeddi min dörd yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh barəsində xüsusi qərardad çıxarılması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, cavabdehin əməllərinə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə qiymət verilmişdir. Və şəxs eyni bir cinayət əməlinə görə təkrarən məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 146 manat dövlət rüsumundan ibarətdir. İddia ərizəsi qismən təmin edildiyindən 143 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 17424 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 143 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2006/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2006/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver