Məhkəmə qərarları › İş №2(003)-2016/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2016/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2016/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbini təmin edilərək onunla Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göründüyü kimi, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən də görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cəlb etsədə tələb konkret olaraq Cavabdeh4 ilə iddiaçının arasında bağlanmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin yönəldiyi şəxs Masallı rayonunda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, digər cavabdehlərə isə hər-hansı bir tələb yönəlmədiyindən ərazi aidiyyatı üzrə də hazırki iddia tələbinə Xəzər rayon məhkəməsində baxılmalı deyil. Bunla bağlı məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya iddia tələbinin dəqiqiləşdirilməsi təklif edilərək, Azərbaycan Respublikası MPM-nin 53-cü və 259.0.12-ci maddələrinin tələbləri diqqətinə çatdırılmışdır. Lakin, iddiaçı yenə də tələbinin dəqiqləşdirməmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Sadalanan qanunvericilik aktı normalarına məhkəmə hesab edir ki, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda, iddiaçının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar