Məhkəmə qərarları › İş №2(003)-2023/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2023/2021

01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2023/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9510 manat ödənilmiş məbləğ, evin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 2500 manat və ev əşyalarını küçəyə atması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində yaşayan və tikinti işləri ilə məşğul olan usta kimi tanımış və 2017-ci ilin noyabr ayında Xaşa-Xuna bağ massivində 4 sot torpaq sahəsinin üzərində tikilmiş təmirsiz 1 otaqlı evin alqı-satqısına dair aralarında olan razılığa əsasən, ilkin olaraq 900 manat ödənilməklə, aylıq 300 manat ödəmək şərti ilə almışdır. Evin ümumi dəyəri aralarında 15000 manata razılaşdırılmış, lakin evin hüquqmüəyyənedici sənədi olmadığından, aralarında notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində hər ay 300 manat olmaqla, ümumilikdə 9510 manat ödəniş etmişdir. Evə dair ilkin olaraq 900 manat ödədikdən sonra evi onun istifadəsinə vermiş və o, həmin evdə təmir işləri apararaq, orada su çəni, hamam üçün qızdırıcı qoymuş, evin giriş qapısına 350 manat dəyərində qapı qoymuşdur. Ümumilikdə evin təmirinə və avadanlığa 2000-2500 manat məbləğində xərc çəkmişdir. 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək orada yaşasa da, sonradan cavabdehdən evin sənədlərini tələb etməyə başlamışdır. Cavabdeh isə müxtəlif bəhanələrlə evin sənədlərini verməkdən imtina etmişdir. 2020-ci ilin may ayında evi artıq başqa şəxsə satdığını bildirmiş və ondan evi boşaltmağını tələb etmişdir. O isə əvəzində evi boşaltmadığı halda evə görə ödədiyi məbləği və evin təmirinə görə çəkdiyi xərclərin ödənilməsini tələb etmişdir. Cavabdeh isə ödədiyi məbləği qaytarmaqdan imtina etmişdir. Daha sonra 2020-ci ilin dekabr ayının 3-də evdə heç kim olmadığı vaxt, cavabdeh evə basqın edərək, evin pəncərəsini və həyətdəki stulu sındıraraq evə qanunsuz daxil olmuş və ondan evi boşaltmağını tələb etməyə başlamışdır. O, bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və Xəzər RPŞ-nin 1-ci PB-də şikayəti üzrə araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Araşdırma zamanı cavabdeh onunla aralarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 4 sot torpaq sahəsinin üzərində tikilmiş təmirsiz 1 otaqlı evin alqı-satqısına dair aralarında olan razılıq olmasını etiraf etmiş və onda hər ay aylıq ödədiyi məbləğlərin ödənilməsini təsdiq edən qəbzlər mövcuddur. Cavabdehin onun əşyalarına maddi ziyan vurmasını təsdiq edən fotoşəkillər mövcuddur. Həmin fotoşəkillərdən də cavabdehin ona məxsus əşyaları çölə atarkən, maddi ziyan vurması aydın şəkildə görünür. Qeyd olunanlara əsasən, cavabdehdən 9510 manat ödənilmiş məbləğ, evin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 2500 manat və ev əşyalarını küçəyə atması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, o, iddiaçıya evi kirayə vermişdir. Sonradan evi satmaq qərarına gəlmiş və bu barədə iddiaçıya bildirəndə, sonuncu təklif etmişdir ki, evi ayda 300 manat ödəməklə satın alsın. O, iddiaçının təklifi ilə razılaşmışdır. Onların şifahi razılaşmasına əsasən, iddiaçı ona 7500 manat pul ödəmiş, lakin 8 ay ödəniş etmədiyi üçün o, iddiaçının evdən çıxmasını tələb etmişdir. Hal-hazırda iddiaçının ona 2400 manat borcu vardır. O, iddiaçıya evi verəndə evdə qapı var idi, lakin ondan icazəsiz özü qapını dəyişdirib. İddiaçı həmin evdə heç bir təmir işləri aparmayıb. Pulların verilməsi ilə bağlı siyahı tərtib olunub, oradakı oktyabrfevral aylarını əhatə edən 5 ay onun tərəfindən icra edilməyib. Ümumilikdə iddiaçı həmin evdə unitaz qoyub, qızdırıcı, seyf qapı, hamama metlax, su borusu qoyub, həmin əşyaları götürə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin həmin əşyalara dair hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidə 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək yaşamış, bu müddət ərzində aylıq pul vəsaiti ödəməklə, oraya əşyalar gətirmişdir. İddiaçı mübahisəli evə dair ödədiyi cəmi 9510 manat pulun, evin təmirinə çəkilən xərcin və əşyalarına dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı adlarından olan cədvəldə qeyd edilmişdir ki, 2017-ci ilin noyabr ayından 2020-ci ilin may ayınadək İddiaçı tərəfindən cəmi 9510 manat pul vəsaiti Cavabdeh verilmişdir. Cavabdeh iddia tələbinin ona pul vəsaitinin verilməsi hissəsinə münasibətdə, qeyd olunan siyahıda oktyabr-fevral aylarını əhatə edən 5 ayın onun tərəfindən imza edilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli 4/903 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 10-cu vərəqində Cavabdeh ilə İddiaçı adlarından olan cədvəlin “Cavabdeh” hissəsində “oktyabr, noyabr, dekabr, yanvar, fevral” ayları qarşısındakı “300” rəqəmləri və həmin rəqəmlərin qarşısındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə, ekspertizanın rəyinə, tərəflərin izahatına, iş üzrə tədqiq olunan hallara qiymət verərək, iddiaçı tərəfində aylıq ödənişlər şəklində ödənilən pul vəsaitinin (oktyabrfevral aylarında edilmiş 1500 manat çıxılmaqla) 8010 manatdan ibarət olduğu qənaətinə gəlir. İşin hallarından görünür ki, tərəflər arasında hər hansı bir müqavilə bağlanmamış, cavabdeh ona verilən pul vəsaitini evə dair kirayə haqqı olaraq qəbul etmişdir. Məhkəmə, həmin ərazidə əmlak kirayəsinə dair müxtəlif internet saytlarında yerləşdirilən elanlara əsasən (https://www.emlak.az və s.) evin aylıq kirayə haqqının 200 manat, iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaitinin 26 aya görə 5200 manatının həmin evdə yaşamağının haqqı olaraq qəbul edilməsini işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 2810 manat (8010-5200) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı mübahisəli ünvanda təmir işləri apardığını bildirsə də, öz tələbini həmin hissədə əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh evində təmir işləri aparılmadığını, iddiaçı tərəfində evdə unitaz, qızdırıcı, seyf qapı, hamama metlax, su borusu qoyulduğunu bildirmiş, həmin əşyaların aparılmasına etiraz etməmişdir. Məhkəmə, iddia tələbinin həmin hissəsinə münasibətdə hesab edir ki, mübahisəli ünvana quraşdırılmış unitaz, qızdırıcı, seyf qapı, hamama metlax, su borusu iddiaçıya qaytarılmalıdır. İddiaçı ev əşyalarının küçəyə atması nəticəsində dəymiş maddi ziyanın əvəzin cavabdehdən tutulmasını xahiş etsə də, bununla bağlı öz dəlilini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin məhkəmə iclasında araşdırılan halları ilə də öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2810 manat pul vəsaiti, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evindən unitaz, qızdırıcı, seyf qapı, hamama metlax, su borusu alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2810 (iki min səkkiz yüz on) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evindən unitaz, qızdırıcı, seyf qapı, hamam metlaxı, su borusu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar