Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2024/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı “X3 LİMİTED” şirkətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «X3 LİMİTED” şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X3 LİMİTED” şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1434 manat məbləğində borcun, 90 gün gecikdirilmiş 734 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq “X3 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında 10.10.2018-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “X3 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 2245 (iki min iki yüz qırx beş) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 20.10.2018-ci il tarixinədək tam olaraq “X3 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnaməçıxqarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan «X3 LİMİTED” şirkəti ilə Cavabdeh arasında 10.10.2018-ci il tarixdə bağlanmış mövcud borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh 1434 manat məbləğində borcun olduğunu etiraf edir və borcu 20.10.2018-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürür. Göründüyü kimi işin materiallarına əlavə edilmiş müqavilənin məzmunu, onun formasına uyğundur və onlar bir-birini tamamlayır. Müqavilənin məzmunundan görünür ki, borclu müəyyən borcu etiraf edir və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qanunun mənasına görə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Borcun etirafı haqqında müqavilədə tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə müxtəlif müqavilələrdən (alqısatqı, kredit, podrat, icarə və s.) əmələ gələn borc etiraf oluna bilər. Mülki hüquqda “borc” anlayışı yalnız borc (kredit) müqaviləsindən əmələ gələn pul öhdəliyinə şamil edilmir. Bu anlayış ümumiləşmiş anlayışdır və öhdəlik münasibətində (hansı əqdə əsasən yaranmasından asılı olmayaraq) bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) qarşısında olan pul öhdəliyini ifadə etmək üçün istifadə olunur. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə Mülki Məcəllənin 385 və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən gecikdirilməsi də işin materialları ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1434 manat alınaraq iddiaçı «X3 LİMİTED” şirkətinə ödənilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1434 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 734 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 73 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1434 manat əsas borc, 73 manat məbləğində cərimə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1434 manat əsas, 73 manat dəbbə pulu olmaqla, cəmi 1507 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul alınaraq «X3 LİMİTED” şirkətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2024/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2024/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver