Məhkəmə qərarları › İş №2(003)-2072/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2072/2024

20.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2072/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi X9 döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin iki otağına uşaqlarının istifadə hüququnun tanınmasına, yaxud kompensasiya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi X9 döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində onun və uşaqlarının istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 27.11.21-ci ildə oğlan toyu olmuş, 22.02.22-ci ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Nikahları 22.02.22-ci ildə 842 nömrəli akt ilə qeydə alınmışdır. Bu nikahdan 01.07.22-ci ildə əkiz uşaqlar, X2 və X1 doğulmuşlar. Ailə qurduqları gündən etibarən Cavabdeh həmçinin bir yerdə yaşamadıqlarına rəğmən valideynləri X5 və X3 ilə münasibətləri pozularaq aralarında teztez mübahisələr baş vermiş, səbəbsiz yerə söz-söhbətlər yaradaraq evdə gərginlik yaratmışlar, bu da münasibətlərin daha da kəskinləşməsinə səbəb olmuşdur. Ər-arvad münasibətləri faktiki olaraq pozulmuş və hal-hazırda formal xarakter daşıyır. Münasibətlərin bərpası və tərəflərin barışması mümkün deyildir. Dəfələrlə onu və övladlarını evdən çıxarmış, qapının açarlarını dəyişmişlər, sonuncu dəfə noyabr ayının sonunda onun və övladlarının geyimə aid olan qış paltarlarını polis iştirakı və polis nəzarəti ilə götürmüş, qalan cehiz və digər əşyaları, geyimləri həmin evdədir. Ailə qurduqları vaxtdan etibarən Cavabdeh onu və ailə üzvlərini təhqir etmiş, davalar salmış, ona əl qaldırmışdır. Son davaların birində (oktyabr ayında) həyətdə əşyaları dağıdıb qonşuları narahat etdiyi üçün Sabunçu rayonundan polis gəlmiş və polis idarəsində izahat yazmışdır. Evləndikləri bir il müddətində ümumiyyətlə işləməmiş və heç bir ailədaxili onun hamilə olduğu, uşaqların dünyaya gəlməsi, uşaqların xəstəxanada yatdığı müddətlərdə heç bir xərcdə iştirak etməmişlər. Əkizlər vaxtından iki ay tez (Ayla doğularkən 900 qr, Leyla doğularkən 1500 qr) dünyaya gəldiyi üçün 50 gün kuvəzdə yatmışlar. Həmin müddətdə və sonrakı vaxtlarda valideynləri uşaqları görməyiblər. Hamiləlik dövründən indiyə qədər hər bir xərcləri valdeyinləri qarşılayıblar. Hal-hazırda ailə qurduqdan sonra Cavabdeh adına olan evdə qeydiyyatdadır. Onu evdən çıxarıb açarları dəyişdikdən sonra evi satmaq və Cavabdeh adından çıxarmaq istəyiblər, lakin birgə nikahları olduğu üçün mümkün olmamışdır. Bütün komunalları cavabdeh öz atası X4 adına keçirmişdir. Birgə olduqları müddətdə bütün olanlara dözmüş, ailənin birlikdəliyi üçün çalışmışdır. Cavabdeh və ailə üzvləri nə evə qoyur nə uşağa baxır nə dəki boşanmaq istəyir. “Mənə belə daha xoşdur” deyir. Cavabdeh boşanmaq istəmədiyini, o halda boşanar ki, alimentdən imtina edəsən, yaxud boşansa onu biyabır edəcəyi kimi sözlər ilə hədə qorxular, şantajlar irəli sürmüşdür. O, alimenti ödəməyəcəyini, birdən anansı və atasının maaşından alimenti tutarlar, bu evdən ona yaşamaq hüququ yaxud kompensasiya verməyəcəklər kimi ifadələr çox səsləndiriblər. O, məcburi köçkündür və məcburi köçkün statusu vardır. Hal-hazırda iki azyaşlı (1 yaş 7 aylıq) uşaqları ilə Sabunçu rayon Balaxanı qəsəbəsi təmir tikinti idarəsində valdeyinləri ilə birgə yaşayır. Göstərdiyi xüsusiyyətləri nəzərə alaraq, hesab edir ki, o və cavabdeh arasında bağlanmış 22.02.22-ci il tarixli birgə nikahlarından doğulmuş 01.07.22-ci il təvəllüdlü Aslanzadə Ayla və Aslanzadə Leyla, cavabdehin adına olan evdən övladları üçün yaşamaq hüququ yaxud həmin dəyərdə kompensasiya verməsini tələb edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi X9 döngə 1 ünvanında yerləşən evin sənədi yoxdur. Evi onun əmisi öz vəsaiti hesabına tikmişdir. Onun adına ev yoxdur. İddiaçı ilə rəsmi olaraq nikahları pozulmuşdur. Bu barədə məhkəmənin qətnaməsi mövcuddur. Evin yerləşdiyi torpaq sahəsinin bələdiyyə sənədi vardır. Lakin, bu da ev barədə hər hansı hüquqi əsas yaratmır. Bələdiyyə sənədləri əmisinin adınadır. Ev 2019-cu ildən əvvəl tikilmişdir. İddiaçı ilə 2021-ci il tarixdə faktiki nikaha daxil olmuş, 2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Hazırda Laçın rayonu, Qoçu kəndində rəsmi qeydiyyatdadır. Hal-hazırda həmin evdə yaşayış yoxdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 482504 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin fevral ayının 22-də 842 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər Aslanzadə, arvad Həziyeva soyadında qalmışdır. - 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 771741 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. - 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 771725 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, tərəflər 2021-ci il tarixdən qeyrirəsmi münasibətdə olmuş, 2022-ci il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Rəsmi nikaha daxil olduqdan sonra tərəflər bir müddət bir yerdə yaşamışlar. İddiaçı mübahisə predmeti olan evin cavabdehin mülkiyyətində olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Ümumiyyətlə, torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyəti təsdiq edən hər hansı sənədi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar