Məhkəmə qərarları › İş №2(003)-2097/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2097/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2097/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 11 saylı alqı-satqı müqaviləsinə əsasən sahibkar İddiaçı 10 ay müddətinə kredit üsulu ilə 480 (dörd yüz səksən) manat məbləğində X3 4 mobil telefon Cavabdeh1 satılmışdır. Alqısatqı müqaviləsi əsasında satılmış mobil telefon zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Cavabdeh2 İddiaçı qarşısında alqı-satqı müqaviləsi və ona əlavə edilmiş bütün əlavələrdən irəli gələn öhdəlikləri ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu Cavabdeh1 müəyyən olunmuş cədvəldən xeyli kənara çıxaraq, kredit üzrə ümumiyyətlə ödəniş etməmiş və borcu ödəməsindən boyun qaçırır. Alqı-satqı müqaviləsinin şərtlərini pozulması və ödənişlərin vaxtı vaxtında edənilməməsi səbəbindən borclu və zaminə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməklə borcun dərhal ödənilməsi tələb edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri İddiaçı qarşısında tam icra etməyən borclunun və zaminin bu günə qədər iddiaçıya 480 (dörd yüz səksən) manat əsas borcu, gün hesabı cərimə borcu 240 manat, cəmi 720 manat borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 11 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 ümumi dəyəri 480 manat olan İMEİ kodu **********351562 olan X3 4 markalı telefon satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Məlikova X1 Akif Vəli oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrası üzrə Cavabdeh1 alıcı qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən borclulara ünvanlanmış xəbərdarlıq və bildirişdən görünür ki, cavabdehlər borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ümumi dəyəri 480 manat olan İMEİ kodu **********351562 olan X3 4 markalı telefon satmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuş, nəticədə cavabdehin müqavilə üzrə ümumilikdə 750 manat borcu yaranmışdır. Həmçinin Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 alıcı qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə digər cavabdehin (zaminin) mülki məsuliyyətini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 480 manat məbləğində əsas borc, 240 manat məbləğində cərimə borcu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 480 manat məbləğində əsas borc, 240 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. Cavabdehlər qətnamənin onlara rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilərlər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar