Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-210/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 11350 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 avqust 2021-ci il tarixdə axşam saat 18.00 radələrində öz şəxsi «Audi» markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomaşını ilə Mərdəkan qəsəbəsi ərazisində «Xalça» restoranının yanında Dənizkənarı istiqamətində hərəkət edərkən «Opel» markalı OO-877-OX Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh1 onun avtomobilinin qabaq tərəfinin sağ tərəfindən vurmuş, nəticədə avtomobilinin qabaq buferi, kapotu, qabaq sağ qanadıvə qabaq sağ qapı buferi, nikel arxa bufer sol qanadı, arxa penaplast buferi və digər hissələri zədələnərək ona maddi ziyan dəymişdir. Qəza nəticəsində onun avtomobilinə ümumilikdə 11.350 manat ziyan dəymişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Hadisədən sonra cavabdeh ona bildirmişdir ki, narahat olmayın, avtomobilinizə dəymiş ziyanı tam ödəcəyəm. Lakin, sonra o, cavabdehdən maşınına dəymiş ziyanın ödənilməsini tələb etsə də cavabdeh ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin o, bildirdi ki, cavabdeh qəza zamanı ona avtomobilinin sığortalı olduğunu bildirsə də, sonradan məlum olmuşdur ki, həmin avtomobil sığorta olunmamışdır. Onun avtomobilinə dəyən ziyanın məbləği 11350 manat təşkil etsə də, cavabdeh ona cəmi 2200 manat məbləğində pul vermiş, qalan məbləği hələ də ödəməkdən yayınır. Hazırda o, avtomobilini özü təmir etdirib. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddianı qəbul etmir. O, Mərdəkandan çimərlik istiqamətində hərəkət edərkən yolu işıqforun qırmızı işığında keçən zaman qarşısındakı “Toyota” markalı avtomobil olmuş, işıqforun yaşıl işığı yananda “Toyota” markalı avtomobil onun yolu keçməsini gözləmiş, amma İddiaçı onu gözləmədiyindən onların avtomobilləri toqquşmuşdur. Hadisə vaxtı onun idarə etdiyi avtomobildə uşaqları da olmuş, o özü isə xəsarət aldığından onu təcili tibbi yardımla xəstəxanaya aparmışlar. İddiaçıya atomobilinə dəymiş ziyana görə 2300 manat pul vermişdir. Hesab edir ki, törədilmiş yol nəqliyyat hadisəsində həm özü, həm də iddiaçı təqsirlidir. Belə ki, o, yolu işıqforun qırmızı işığında keçmiş, iddiaçı isə sürət həddini aşmışdır. Həmçinin bildirmişdir ki, hadisə zamanı onun da avtomobilinə ziyan dəymişdir. Eyni zamanda qeyd etmişdir ki, sözügedən hadisədən sonra onun avtomobili işlək vəziyyətdə deyildir. Maddi imkanı olmadığından ekspert rəyində əks olunan ziyanı ödəmək iqtidarında deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək cavabdehlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, ekspert rəyi qüsur aktına əsasən hazırlayıb, ekspert rəyində 17 adda ehtiyat hissələrinin zədələnməsi qeyd olunsa da, əslində hadisə zamanı avtomobilin 6 adda ehtiyat hissəsi zədələnib. Həmçinin rəydə hesablanmış məbləğ şişirdilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər RPİ–nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və toplanmış material üzrə “Opel” markalı OO-877-OX Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtiomobilin sürücüsü Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibinin yarandığından, Cavabdeh1 barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qərarın surətinin Xəzər DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Avtomobillərin Texniki Xidmət mərkəzi tərəfindən verilən 25 avqust 2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, 2011-ci il buraxılışlı “Audi 6” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci cəmi 11350 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, nəzəri hesablama yolu ilə, Texniki ekspertiza şöbəsi tərəfindən verilən avqust 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Audi 6” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8968,0 manat müəyyən edilir. İddiaçı cavabdehdən özünün xeyrinə 11350 manat pulun tutulmasını tələb etsə də, iş üzrə keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, iddiaçıya 8968,0 manat məbləğində zərər dəymişdir. Məhkəmə hesab edir ki, ekspertin dəymiş zərər üzrə müəyyən etdiyi 8968,0 manat məbləğdə pulun iddiaçının cavabdehdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 8968,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, cavabdeh iddiaçıya həmin məbləğdə pul vəsaitini ödəməli idi. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçıya dəymiş zərər əvəzi üzrə 2300 manat məbləğində pul ödəmiş və məhkəmə tərəfindən qətnamə çıxarılan zaman bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıya 2300 manat məbləğində pul ödəməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin həmin dəlilləri yanaşı yoxlanmış sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə, cavabdehin ona dəymiş zərərə görə 2200 manat pul verdiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır və hesab edir ki, zərərin əvəzinin ödənilməsinə dair mübahisə həll edilərkən cavabdehin iddiaçıya 2200 manat məbləğində pul ödəməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin məbləğinin 8968,0 manat olduğundan və eyni zamanda cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyana görə 2200 manat məbləğində pul ödənildiyindən dəymiş zərərin ödənilməsi barədə iddia təmin edilərkən ekspert rəyi ilə müəyyən edilmiş 8968,0 manat məbləğindən 2200 manat məbləği çıxılmalı (yəni 8968,0-2200=6768 manat) və “Audi 6” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin əvəzi 6768 manat pul Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehin iddiaya etirazı və dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh dəymiş zərərin iddiaçının özünün də hüquqazidd hərəkətləri nəticəsində vurulması ilə əsaslandırsa da, məhkəmə həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və eyni zamanda inzibati tənbeh vermə haqqında qərardan görünür ki, zərərin vurulması cavabdehin hüquqazidd hərəkətləri nəticəsində baş vermişdir. Odur ki, cavabdeh dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 6798 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçının iddia tələbinin ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 6768 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 6798 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 6768 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 6798 (altı min yeddi yüz doxsan səkkiz) manat tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(003)-210/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-210/2022
04.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver