Məhkəmə qərarları › İş №2(003)-2102/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2102/2022

17.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2102/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (X4 3-cü şəxs qismində işə cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2022-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” Müqaviləyə xitam verilərək 1350 manat məbləğin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh MMC-nin baş direktoru X4 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, bu yaxınlarda nəvəsi, autizm xəstəliyindən əziyyət çəkən X1 psixologiya mərkəzində tədrisə cəlb olunması niyyəti ilə təsadüfən seçdiyi “X8” MMC-nin Şamaxinka ərazisində yerləşən ofisinə müraciət etmişdir. Onunla danışıqları elə MMC-nin rəhbərliyi, Cəmilə Balayeva şəxsən özü aparmış, uşaqla bağlı məşğul olarkən günlük seans qiymətlərini açıqlamışdır. Onu maraqlandıran uşağın yemək və yatmaq məsələləri, əsas da mərkəzdə rus dilli müəllim olub-olmaması olmuşdur. Cəmilə Bayramova şəxsən onu əmin etmişdir ki, onların rus dilli işçiləri var. Lakin sonrakı gün cavabdeh tərəfindən bunların heç birinin təmin olmadığına şahid olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında “Xidmətlərin göstərilməsi haqqında’’ Müqavilə bağlanmışdır. Müqavilənin mətnini oxumağa belə şərait yaratmadan tələsik ona imzalatdırmışlar. Cavabdeh rəhbərliyi ondan xidmət haqqı olaraq cəmi 1350 azn məbləğində pul almışdır. Həmin pul vəsaitinin cavabdehə ödənilməsi barədə ona qəbzlər verilmişdir. Uşağı növbəti gün Mərkəzə gətirmişdir. Gün ərzində onlayn izləmə zamanı uşağın vəziyyətinin heç də yaxşı olmadığını görmüşdür. Halbuki cavabdehin işçiləri ona uşağın yaxşı olduğunu bildirmişlər. Nəvəsi Rusiyada rusdilli ailədə doğulmuş, azərbaycan dilində heç nə bilmir. Amma adı çəkilən Psixiloji Mərkəzdə nəvəsi ilə heç də düzgün davranmamışlar. Bundan sonra cavabdehə müraciət edərək müqaviləyə xitam verilməsini xahiş etmişdir. Bu barədə ərizə də yazaraq pulunun geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli ərizəsini cavabdeh tərəfindən verilən cavabda guya Müqavilənin 8.3-cü maddəsinə əsasən bu Müqaviləyə Mərkəzdən asılı olan səbəblərdən xitam verilərsə endirimlə hesablanmış seanslar cari qiymətlərlə hesablanıb geri qaytarıldığı, guya rus dilində xidmətin göstərilməsi barədə bəndin olmaması, uşağın yemək yeməməsi, yatmaması ilə bağlı qeyd edilənlərin əsassız olduğu bildirilmişdir. xx.xx.2022-ci il tarixli imtina məktubunda da xidmətin haqqının qaytarılmasından imtina edilmişdir. Bundan sonra məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Müqavilənin onun tərəfindən xitam edilərək pulunun geri qaytarılmasını tələb etmək hüququdur. Bunu məhdudlaşdıran hər hansı müqavilə şərti etibarsızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh MMC və 3-cü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 valideyni qismində İddiaçı ilə Cavabdeh MMC arasında xidmətlərin göstərilməsi haqqında 05 aprel 2022-ci il tarixli 223 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, 3 aylıq öncədən ödənişlə 1 aylıq 675 manatdan hesablanmaqla müqavilədə göstərilən xidmətlər üçün ödəniş məbləği 1350 manat olmuşdur. Müqavilənin 8.3, 8.4 və 8.5-ci bəndinə əsasən, müqaviləyə mərkəzdən asılı olan səbəblərdən xitam verilərsə endirimlə hesablanmış seanslar cari qiymətlərlə hesablanıb geri qaytarılacaq. Müqavilənin xitamı ilə bağlı tərəflər bir-birinə ən azı 10 iş günü əvvəl yazılı şəkildə xəbərdarlıq etməlidir. Xitam verilən müqavilənin ödənişi 14 iş günü ərzində geri qaytarılır. Həmin müqaviləyə 223 nömrəli əlavənin surətindən görünür ki, X3 psixoloq, psixopedaqoq, müalicəvi idman, duyu bütünləmə, qrup terapiya xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Seanslar həftə içi 5 gün olmaqla, hazırkı ödəniş 40 seans günü üçün həyata keçirilmişdir. Həmçinin, uşağı online izləmə imkanı nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2022ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC-yə 450 manat, Mərkəzin baş direktoru X2 hesabına 900 manat olmaqla, cəmi 1350 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin baş direktoru X4 tərəfindən İddiaçı ünvanlanmış 15 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, xidmətlərin rus dilində göstərilməsi ilə bağlı müqavilədə hər hansı müddəa nəzərdə tutulmamışdır. X1 yemək yeməməsi və yatmaması ilə bağlı qeyd edilənlər tamamilə əsassızdır. Müqavilə üzrə ödənilmiş xidmət haqqının qaytarılması üçün Mərkəzdən asılı olan heç bir səbəb mövcud olmadığından, ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin baş direktoru X4 tərəfindən İddiaçı ünvanlanmış 21 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 11 aprel 2022-ci il tarixdə ərizə ilə Mərkəzə müraciət edərək, müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını xahiş etmiş, həmin tarixdən də müqavilədə nəzərdə tutulmuş seanslarda iştirak etməsi üçün nəvəsi X6 gətirməmişdir. Ərizəyə yuxarıda qeyd olunan 15 aprel tarixli cavab məktubu göndərilmişdir. Bu səbəbdən hazırkı müraciətin alındığı gündən 5 iş günü ərzində müqavilə üzrə dayandırılmış seansların bərpa edilməsi üçün müqavilədə göstərilən günlərdə və saatlarda X5 gətirilməsi xahiş olunmuşdur. Beləliklə, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətləri vardır. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İddianın mahiyyətindən görünür ki, iddiaçı, cavabdehlə aralarında bağlanmış Müqaviləyə xitam verilərək ödəmiş olduğu 1350 manat pulun onun xeyrinə tutulmasını xahiş etmiş, öz tələbini cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin lazımi şəkildə yerinə yetirilməməsi, uşağın yemək, yatmaq və s. məsələlərinə mərkəzin lazımi diqqət göstərməməsi, uşaqla rusdilli müəllimlərin məşğul olacağına dair şifahi razılıqlarına əməl edilməməsi ilə əsaslandırmışdır. İddia tələbinin müqaviləyə xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” qərarına istinad etməklə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421- 424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Belə ki, Azərbaycan Respublikası MM-nin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, tərəflər arasında 05 aprel 2022-ci il tarixli müqavilə bağlanmış, tərəflər öz üzərinə öhdəliklər götürmüşlər. İddiaçının bildirdiyinə görə müqavilə bağlayarkən digər şərtlərlə yanaşı, tədrisin rus dilində aparılmasının mümkünlüyünü də əsas götürülmüşdür. Cavabdeh tərəf xidmətlərin rus dilində göstərilməsi ilə bağlı müqavilədə hər hansı müddəa nəzərdə tutulmadığını əsas gətirsə də, məhkəmə hesab edir ki, müqavilə tərəflərindən biri müqavilə üzrə qarşılıqlı öhdəliyin davam etdirilməsinin istəmədiyi halda da qabaqcadan müqavilə tərəfinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq etməklə müqavilənin ləğvini tələb edə bilər. Həmçinin iş materiallarından görünür ki, cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış cavab məktublarında ödənişin qaytarılmasından imtina olunmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən, müqaviləyə mərkəzdən asılı olan səbəblərdən xitam verilərsə endirimlə hesablanmış seanslar cari qiymətlərlə hesablanıb geri qaytarılacaqdır. Lakin Mərkəzdən asılı olan heç bir səbəb mövcud olmadığından, Müqavilə üzrə ödənilmiş xidmət haqqının qaytarılması mümkün deyildir. Məhkəmə cavabdehin etirazına münasibətdə bildirir ki, müqavilənin 8-ci bəndi ona başqa əsaslarla (mərkəzdən asılı olan səbəblərdən qeyri) xitam verilməsinin mümkün olmadığını, başqa əsaslarla xitam verilərsə ödənişin geri qaytarılmalı olmadığını ehtiva etmir. Müqavilənin 8.4 və 8.5-ci bəndləri müqavilənin xitamı ilə bağlı tərəflərin bir-birinə xəbərdarlıq etməsi və xitam verilən müqavilənin ödənişinin 14 iş günü ərzində geri qaytarılmasını müəyyən edir. Həmin bəndlərin müəyyən etdiyi hallar “müqaviləyə Mərkəzdən asılı olan səbəblərdən xitam verilməsi” ilə şərtləndirilmədən, hər iki tərəfin xitam üçün müraciət etməsi və müqavilə ödənişinin geri qaytarılması hüququnu ehtiva edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420.3.7-ci maddəsinə əsasən, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar etibarsız sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəm hesab edir ki, iddiaçı cavabdhlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqavilənin ləğv (xitam) olunmasını tələb etməkdə haqlıdır İddiaçı, həmçinin müqavilə üzrə ödənilmiş pul məbləğinin ona qaytarılmasını tələb edir. Bununla bağlı məhkəmə, qeyd edir ki, mülki qanunvericiliyə və tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının müqavilə bağlamaqla yanaşı, müqavilə üzrə öhdəliklərin lazımi şəkildə yerinə yetirilmədiyi təqdirdə ona vaxtından əvvəl xitam verilməsini və müqavilə ödənişini tələb etmək hüququ da vardır. Belə olan halda iddiaçı əvvəlcədən ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən pulun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyil. Belə ki, ödənilmiş 1350 manat pul vəsaiti həftə içi 5 gün olmaqla 40 seans günü üçün nəzərdə tutulmuşdur. Riyazi hesabla bir seans günü üçün 33.75 manat ödəniş nəzərdə tutulmuşdur. Cavidan Abdullayevin ilk dəfə xx.xx.2022-ci il tarixdə seansa getdiyini, xx.xx.2022-ci il tarixdən isə seanslara aparılmadığını, ilk seans gününün həftənin çərşənbə günü olduğunu əsas götürərək müəyyən edilir ki, iddiaçının nəvəsi çərşənbə, cümə axşamı və cümə günü olmaqla 3 gün Mərkəzin xidmətlərindən istifadə etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 101.25 manat (33.75 x 3 gün) pul vəsaitinin cavabdehdən tutularaq ona qaytarılması üçün əsas yoxdur. İddia tələbi həmin hissədə əsassız hesab edilərək, təmin edilməməli, 1248,75 manat (1350 – 101,25) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqaviləyə xitam verilməsini tələb etməkdə haqlıır. Ona görə də tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqavilə ləğv (xitam) edilməli, Cavabdeh MMCdən İddiaçı xeyrinə 1248.75 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqavilə ləğv (xitam) olunsun, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 1248,75 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar