Məhkəmə qərarları › İş №2(003)-2119/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2119/2023

11.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2119/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə baxış keçirməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə 03 may 2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan övladları yoxdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində cavabdehlərdən ayrıca fərdi yaşayış evi tikdirmişlər. Həyat yoldaşı X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 2023-cü ilin mart ayında qeyd olunan fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 31 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş və həmin notariat ofisi tərəfindən vərəsə kimi tanınmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair Dövlət Reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə müraciət etmişdir. Lakin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri qeyd olunan fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı həmin ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün gəlsələr də, mərhum həyat yoldaşı G.A.Ağayevin övladları olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssilərinin həmin əraziyə baxış keçirməsinə maneə yaratmışlar. Cavabdehlərin bu maneələri yaratmaqda əsas məqsədi onun miras payını özəlləşdirməsinin qarşısını almaq olmuşdur. ünvan 2 ünvanlanmış məktubundan da göründüyü kimi o, sözügedən əmlakla bağlı vərəsəlik işi üzrə vərəsə kimi tanınmışdır. Bununla da, sözügedən miras əmlaka dair vərəsəlik hüququ yaranmışdır. Lakin bu hüququnun həyata keçirilməsi cavabdehlərin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini həmin əmlaka baxış keçirməsinə maneə yaratması nəticəsində mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı onun mərhum atasının həyat yoldaşı, yəni analığıdır. Onun evi tamam ayrıdır. Atası sağlığında ev tikmməklə iddiaçı ilə birlikdə yaşamışlar. İddiaçı həyətin böyük hissəsinin ona məxsus olduğunu bildirir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirdi ki, yəni analığıdır. İddiaçı mübahisəli əmlakı sənədləşdirib satmaq istəyir. Mübahisəli torpaq və əmlak onun atasına məxsusdur. İstədiyi qədər orada yaşaya bilər. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İ seriyalı 371469 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar, bu barədə həmin tarixdə Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 242 nömrə ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 025397 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. -Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 191 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanında fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü) ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. Vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair dövlət reyestrindən çıxarış verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evi X4 məxsusdur. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehlər iddiaçının mərhum əri X5 övladlarıdırlar. X5 birinci növbə vərəsəsi olan iddiaçı mərhum ərindən miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 31 saylı notariat ofisində vərəsəlik işi açılmış, lakin X3 miras qalmış ünvan 5 ünvanında yerləşən 13 nömrəli fərdi yaşayış evinin çıxarışı olmadığından, notarius miras əmlaka dair çıxarış verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Eyni zamanda, iddiaçı miras əmlakın mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün yuxarıda adıçəkilən idarəyə müraciət etmişdir. Lakin cavabdehlər tərəfindən miras əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə maneəçilik törədildiyindən, əmlaka dair çıxarışın verilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, nəticədə iddiaçı mərhum ərindən miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında adına çıxarış ala bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İnsan hüquqları üzrə Avrpa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, «mülkiyyətə müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümlünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v. Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə baxış keçirmələrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə baxış keçirmələrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar