Məhkəmə qərarları › İş №2(003)-2120/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2120/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2120/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ) 10000 (on min) manat məbləğində pulun və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında xx.xx.2013cü ildə bağlanmış şifahi borc müqaviləsnə əsasən 21000 manat pul vermişdir. Həmin borcun etirafı ilə bağlı isə 15 iyul 2013-cü il tarixdə Bakı şəheri 50 saylı notariat kontorunda borcun etirafı müqaviləsi bağlamışdır. Bu müqavilə ilə cavabdeh 21000 manat borc almağını etiraf etmiş və mütəmadi ödəniş etmişdir. Sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə Beynəlxalq bank (ABB) vasitəsilə 1000 manat ödəmişdir. Lakin sonuncu ödənişdən sonra ödəməni gecikdirmişdir. Dəfələrlə borcun ödənilməsini xahiş etsə də, bu gün, sabah ödəyəcəyini deyə-deyə heç bir ödəniş aparmamışdır. Beləliklə, cavabdeh onu aldadaraq aldığı borcdan 11000(on bir min) manatını ödəmiş, hal-hazıra isə 10000 (on min) manat ödənilməmiş borc qalmışdır. Cavabdeh 10000 manat pulunu qaytarmadığından, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, cavabdeh ona cəmi 11000 manat pul ödəyib və sonuncu ödəniş 2023-cü ildə olub. İddiaçı onun etibarından sui istifadə edib, qırıq-qırıq olsa da borcu ödəyirdi, sonradan heç ödəniş etmədi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, cavabdeh sonuncu ödənişi 2023-cü il tarixdə 1000,0 manat ödəniş etmişdir, həmin terminal cavabdehin yaşadığı ünvandan 1 küçə sonra yerləşən marketin terminalından ödənilib. Cavabdehin özünün ödəyib ödəməməsi önəm kəsb etmir, əsas odur ki, pul ödənilib. Təqdim edilə biləcək bütün sübutları təqdim edib. Məhkəmənin iclasında Cavabdeh iddianı qəbul etmədi, bildirdi ki, iddiaçı onun yoldaşına lombarddan qızıl verib. Daha sonra yoldaşı rəhmətə gedib, sonra iddiaçı onunla hazırki müqavilə bağlayıb. Ödənişləri 2013-2014-cü illərdə edib. 2023-cü il tarixdə iddiaçıya pul ödəməyib. İddia ərizəsinə etiraz Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia nüddətinin tədbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.000 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2013cü il tarixli borcun etiraf müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixdə cavabdehdən 21.000 manat məbləğində borc pul aldığını etiraf etmiş və xx.xx.2014-cü il tarixədək 21.000 manat pulu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının ərizəsindən görünür ki, guya sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə olmuşdur. Lakin həmin məbləğinin məhz cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəf ötürülmüş üç illik iddia müddətini 10 ildən sonra bu üsulla bərpa edəcəyini zənn edərək məhkəməni aldatmağa cəhd etmişdir. İddiaçıya sonuncu ödənişi 2014-cü ildə olmuşdur. İddiaçı isə 11 il sonra məhkəməyə müraciət edərək cavabdehdən pul tələb edir. İş materiallarına əlavə olunmuş sənədlər 15 iyul 2013-cü il tarixdə Bakı şəheri 50 saylı notariat kontorunda borcun etirafı müqaviləsinin sürətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2013-cü ildə 21000 manat pul vermişdir. Hesabdan çıxarışın sürətindən görünür ki, İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 1000,0 manat köçürülmüşdür. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində, İddiaçı "xxxx" ASC-də olan AZ681BAZ******************** nömrəli hesabınıza 1000 AZN (bir min yüz manat) məbləğində vəsait "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) aid olan “4965” nömrəli ödəniş terminalı vasitəsilə mədaxil edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 23098 saylı qəbzindən görünür ki, 4965 saylı terminalın ünvanı Mərdəkan qəsəbəsi, Məedəkan yolunun üstüdür. xx.xx.2023-cü il tarixli yanğın haqqında aktın sürətindən görünür ki, baş vermiş yanğın zamanı İddiaçı fərdi yaşayış evinin pəncərələri və içindəki əşyaları qismən yanmış, qarajda olan avtomobili isə yararsız vəziyyətə düşmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixdə iddiaçı ilə cavabdehin arvadı arası qızıl alış-verişi olmuş və borc münasibəti yaranmış və cavabdehin arvadı öldüyündən həmin münasibət iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda tərtib edilmiş “borcun etirafı müqaviləsi” ilə rəsmiləşdirilmişdir. Müqavilənin məzmunundan görünür ki, Cavabdeh 21.000 (iyirmi bir min) manat məbləğində borc aldığını etiraf etmiş və xx.xx.2014-cü ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq borcun etirafı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin, cavabdeh həmin müqavilə əsasında borclarını ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış borcun tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdeh və nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh və nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə yazılı vəsatət təqdim olunmuşdur. İddiaçı isə cavabdehin sonuncu dəfə ödənişi 2023-cü il tarixdə etdiyini bildirmişdir və tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1000 manat ödənişinə dair ABB arayışı və MPAY terminal qəbzi iş materiallarına əlavə olunmuşdur. Lakin həmin ödənişin məhz cavabdeh tərəfindən həyata keçirilməsini təsdiq edən qəti sübut mövcud deyildir. Bank sənədlərində yalnız ödənişin həyata keçirildiyi terminal və məbləğ əks olunmuşdur, lakin ödənişi edən şəxsin kimliyi barədə məlumat yoxdur. Qanunvericiliyin sistemli şərhi göstərir ki, iddia müddətinin kəsilməsi yalnız borclunun hərəkəti ilə mümkündür. Əgər ödəniş digər şəxs tərəfindən edilmişdirsə və bu ödəniş cavabdehin razılığı, göstərişi və ya iştirakı ilə sübuta yetirilmirsə, bu halda həmin ödəniş iddia müddətini kəsə bilməz. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, tərəflər iddia və etirazlarını sübutlarla təsdiqləməyə borcludur. Cavabdehin iştirakı olmadan və ya onun adından hər hansı digər şəxsin ödəməsi iddia müddətini bərpa edən hal hesab edilə bilməz. Belə ki, borcun qismən ödənilməsi öhdəliyin tanınması kimi qiymətləndirilə bilər və iddia müddətinin axımını kəsə bilər. Lakin bu yalnız o halda mümkündür ki, ödənişin məhz borclu tərəfindən edilməsi sübuta yetirilsin. Hal-hazırda təqdim edilmiş sübutlar xx.xx.2023-cü il tarixdə edilmiş 1000 manat ödənişin Cavabdeh tərəfindən edildiyini təsdiqləmir. Beləliklə, sübutetmə yükünü daşıyan iddiaçı öhdəlikləri tam icra etməmişdir və təqdim olunmuş sənədlər iddia müddətinin kəsilməsi üçün yetərli hesab edilə bilməz. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il qərarında deyilir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.” Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə icra müddəti xx.xx.2014-cü il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, xx.xx.2025-ci il tarixdə, yəni 03 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətini buraxmışdır. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar