Məhkəmə qərarları › İş №2(003)-2124/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2124/2022

18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2124/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “X5” Məhdud Məsuliyyətli Cəmiyyətdən müştərək qaydada 1500 (bir min beş yüz) manat məbləğində pulun və onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, yəni etibarnamə üçün 19 manat, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin təsdiqi üçün 6 manat və dövlət rüsumu üçün ödənilmiş 35 маnаt, ümumilikdə 60 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 oktyabr 2021-ci ildə “X7" MMC ilə aralarında əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh1 həmin MMC-nin rəhbəridir. Hələ işə düzələrkən 24 sentyabr 2021-ci ildə Cavabdeh1 ona bildirmişdir ki, 1500 manat məbləğində pul ödədikdən sonra 1 ay müddətində kadr hazırlığı kursuna cəlb ediləcəkdir. Həmin kursu keçməsə, işə düzələ bilməyəcəkdir. Buna görə də o, ödənişin 400 manat məbləğini 24 sentyabr 2021-ci ildə cavabdehin "xxxx" ASC-də olan kart hesabına nağdsız formada ödəmiş, qalan hissəsini 27 sentyabr 2021-ci ildə nağd formada cavabdehlərə ödəmişdir. 1500 manat pulun onlara verilməsi ilə bağlı 27 sentyabr 2021-ci il tarixli qeydiyyat vərəqəsi ona verilmişdir. Həmin qeydiyyat vərəqəsi Cavabdeh1 imzası ilə tərtib edilmişdir. Qeydiyyat vərəqəsindəki, kadr hazırlığının başlama və bitmə tarixi xx.xx.2021 xx.xx.2021-ci il göstərilmişdir. Cavabdehlərə 1500 manat ödəməsinə baxmayaraq o, 1 ay müddətində kadr hazırlığı kursuna cəlb edilməmişdir. Kurs keçməsinə dair heç bir qeydiyyat aparılmamış, heç bir sənədə imza etməmiş və ona kurs keçməyinə dair sertifikat verilməmişdir. Bundan əlavə, o, Cavabdeh2 MMC-də 1 ay işlədikdən sonra ona əmək haqqı da verilməmişdir. O, başa düşmüşdür ki, cavabdehlər onu aldatmışlar. Buna görə də o, ərizə yazaraq işdən azad edilmiş və onlara ödədiyi 1500 manat pulu geri tələb etmişdir. Lakin onlar pulu geri qaytarmaqdan imtina etmişlər. Bundan sonra o, əvvəlcə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6, sonra da Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət edərək Cavabdeh1 barəsində tədbir görülməsini və ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin Nəsimi rayon polis idarəsindən bildirmişlər ki, bu məsələ mülki xarakterlidir. Odur ki, mülki qaydada məhkəməyə müraciət edir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdir ki, o, işə qəbul üçün “X7" MMC-yə müraciət etmişdir. Ona bildirilmişdir ki, 1500 manat ödəniş etdikdən sonra MMC tərəfindən ona “filial direktoru” peşəsi ilə bağlı hazırlıq kursları keçiriləcək və həmin hazırlıq kursları bitəndən sonra müvafiq sertifikat veriləcəkdir. Hazırlıq kusrları bitəndən sonra isə o, MMC-nin filiallarının birinə direktor vəzifəsinə təyin ediləcək və müvafiq əmək müqaviləsi onunla bağlanacaqdır. O da hazırlıq kursları ilə bağlı MMC-də qeydiyyatdan keçmiş, 1500 manat ödəniş etdikdən sonra ona qeydiyyat vərəqəsi verilmişdir. Hazırlığın müddəti xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olmuşdur. Hazırlığın keçməsi ilə bağlı ilkin olaraq 400 manat Cavabdeh1 bank hesabına ödəmiş, qalan 1100 manat pulu Cavabdeh1 özünə vermişdir. Lakin buna baxmayaraq qeydiyyat vərəqəsi verildikdən qısa müddət sonra onunla əlaqə saxlanılmış, MMC-yə dəvət olunaraq onunla əmək müqaviləsi bağlanılmış və o, MMC-nin filialında direktor vəzifəsində çalışmağa başlamışdır. Bir ay həmin filialda işlədiyi müddətdə digər işçilərinin onun kimi işə qəbul olunmasını və aylıq əmək haqqının ödənilməməsinin müəyyən etmişdir. Bununla da başa düşmüşdür ki onu aldatmışlar və hazırlıq kursları ilə bağlı ödədiyi 1500 manat pulu MMC-dən tələb edərək işdən könüllü olaraq azad olunması barədə ərizə yazmışdır. Həmin ərizəsi əsasında o işdən azad olunmuş və əmək müfəttişliyinə müraciət edəndən sonra ona işədiyi bir ay üçün 250 manat əmək haqqı ödənilmişdir. Lakin hazırlıq kursları ilə bağlı ödədiyi 1500 manat pulu ona geri qaytarmamışlar. O heç bir hazırlıq kurslarına qatılmamış və ona MMC tərəfindən heç bir kurs keçirilməmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaəsn işə cavabdehlərin və ya onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 MMC-nin "xxxx" qeydiyyat vərəqəsinin surətindən görünür ki, həmin qeydiyyat vərəqəsi MMC-də təcrübəçi, İddiaçı, ixtisas proqramı “filial direktoru” ilə bağlı kadr hazırlığına qeydiyyatdan keçməsi üçün verilmiş, kadr hazırlığınının ödəniş məbləği 1500 manat olmaqla, həftə içi 3-4 dəfə olmaqla keçirilir və müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədəkdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 bank hesabına 400 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan işəgötürən Cavabdeh2 MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünü ki, həmin əmək müqaviləsi əsasında İddiaçı xx.xx.2021-ci il tarixdən “filial direktoru” vəzifəsinə, aylıq 250 manat əmək haqqı olmaqla işəgötürən tərəfindən işə qəbul edilmişdir. Müqavilənin müddəti müddətsizdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli əmrin surətindən görünür ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdən “filial direktoru” vəzifəsinə işə qəbul edilməsi barədə əmr verilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, İddiaçı Böyükağa qızı, xx.xx.2021-ci il tarixdən Cavabdeh2 MMC-də filial direktoru vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 edilmiş xx.xx.2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, X1 şikayət edərək Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 onun kadr hazırlığı kursu keçməsi ilə bağlı 1500 manat və bir aylı əmək haqqı mənimsəmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı ona kömək göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh2 MMC-nin direktoru X3 tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, sonuncuya bildirilmişdir ki, onun xx.xx.2021-ci il tarixli işdən azad edilməsinə dair ərizəsi əsasında xx.xx.2021-ci il tarixli əmrlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin surəti ona göndərilməklə, son haqq-hesabın aparılması və əmək kitabçasının ona təhvil verilməsi üçün MMC-yə gəlməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, Cavabdeh2 MMC-nin filial direktoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2021ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, sonuncunun polis şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsi araşdırılmış və ərizədə göstərilən xüsusatların mülkü xarakterli olması nəzərə alınmaqla toplanmış material 19-cu Polis şöbəsinin dəftərxanasında işə tikilmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh2 MMC (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotunda qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh1dır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı, Cavabdeh2 MMC-də 1500 manat ödəməklə “filial direktoru” vəzifəsinə kadr hazırlığı kurslarına qeydiyyatdan keçmiş, bu barədə ona müvafiq qeydiyyat vərəqəsi verilmişdir. Kadr hazırlığının müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək olmuşdur. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış və iddiaçı MMC-yə filial direktoru vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının (işçinin) ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü bəndinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Həmin maddənin 5-ci bəndinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. İşin hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmazdan əvvəl qarşılıqlı razılıq əsasında ixtisas proqramı “filial direktoru” olan kadr hazırlığı ilə bağlı kursun keçirilməsi barədə razılıq əldə edilmiş, lakin yuxarında qeyd olunan Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada müvafiq müqavilə bağlanmamış, ya da bu məsələ tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmazdan əvvəl qarşılıqlı razılıq əsasında ixtisas proqramı “filial direktoru” olan kadr hazırlığı ilə bağlı kursun keçirilməsi barədə razılıq əldə edilsə də, lakin Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada bununla bağlı müvafiq müqavilə bağlanmamış və ya bu məsələ tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənməmişdir. Eyni zamanda həmin məbləğin əldə edilməsi ilə bağlı hər hansı qanuni əsasda müəyyən edilməmişdir. Sözügedən ixtisas proqramı “filial direktoru” ilə bağlı kadr hazırlığının qeydiyyat vərəqəsindən göstərildiyi müddətdə və qaydada Cavabdeh2 MMC tərəfindən keçirilməsi halı iş üzrə müəyyən edilmir və bu halın mövcudluğu barədə iş üzrə cavabdehlər tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 MMC iddiaçıdan alınmış pul məbləğini hər hansı bir hüquqi əsas olmadan əldə etməklə əsassız varlanmış şəxs hesab edilməli və əldə etdiyi 1500 manat pulu iddiaçıya geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh1 da iş üzrə cavabdeh kimi qeyd edilməklə göstərilən məbləğin həmçinin ondan da tutulması qeyd edilsə də, ona münasibətdə iddia tələbi təmin edilə bilməz. Belə ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olmaqla alınan məbləği məhz Cavabdeh2 MMC-nin adından hər hansı fəaliyyətin həyata keçirilməsi üçün almışdır. Yəni, nəticə etibarı ilə iddiaçıya münasibətdə əsasssız varlanan Cavabdeh2 MMC olmuşdur. Məhkəmə, iddia tələbinin çəkilmiş məhkəmə xərclərinin, yəni etibarnamə üçün ödənilmiş 19 manatın, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin təsdiqi üçün ödənilmiş 6 manatın və dövlət rüsumu üçün ödənilmiş 35 manatın, cəmi 60 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun görə Cavabdeh2 MMC-dən 35 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC-dən 1500 manat və dövlət rüsumunun ödənilməsinə görə 35 manat məbləğində pul tutularaq iddiaçıya ödilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 1500 (bir min beş yüz) manat və dövlət rüsumunun ödənilməsinə görə 35 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar