Məhkəmə qərarları › İş №2(003)-2132/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2132/2020

06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2132/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Baladayı qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Baladayı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli 2(003)-3558/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək, cavabdehdən onun xeyrinə xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Baladayı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2015-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 adlı üç uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-3558/2018 saylı qətnaməsi ilə onların aralarında olan rəsmi nikah qeydiyyatı pozulmuşdur. Həmçinin, həmin qətnamə ilə nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 uşaqların onun yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh müəyyən olunmuş alimenti hər ay vaxtında ödəyir. Buna baxmayaraq, uşaqlar böyüdükcə onların tələbatı da artır, ərzaq mallarının və digər əşyalarının qiymətlərinin və uşaqlarının ehtiyacının artması səbəbindən hazırda ödənilən aliment uşağın saxlanması üçün yetərli deyildir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-3558/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək, cavabdehdən onun xeyrinə xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının vəkili X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh onun oğludur və heç bir yerdə işləmir. Oğlu hazırki alimenti belə çətinliklə ödəyir, artırılmış alimenti ödəməyə imkanı yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı Baladayı qızı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı Baladayı qızı ilə Cavabdeh xx xxxx 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları – xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-3558/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı Baladayı qızı arasında bağlanmış nikah pozulmuş, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Baladayı qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-3558/2018 №-li qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşaqların, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üçün onun minimum xərclərini ödəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-3558/2018 №-li qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən uşaqların saxlanması üçün ayda hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə alimenti ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-3558/2018 №-li qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı Baladayı qızının xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatadan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)- 3558/2018 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı Baladayı qızının xeyrinə xx xxxxxx 2016-cı il təvəllüdlü X5 və xx xxxxxx 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə rəddedilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar