Məhkəmə qərarları › İş №2(003)-219/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-219/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-219/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17516 (on yeddi min beş yüz on altı) manat məbləğində borcun, 875.80 manat faizin və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanılmış 14.06.2019-cu il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən cavabdeh ona 17516 (on yeddi min beş yüz on altı) manat borcu olduğunu etiraf etmiş və bu borcu 30.08.2019cu il tarixə qədər ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin həmin tarixdən artıq 1 il keçməsinə baxmayaraq cavabdeh borcunu ödəməmiş və hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdehin 30.08.2019-cu ildən 18.08.2020-ci ilədək ödəməni gecikdirdiyi (bir) il üçün 17516 manat borcun illik 5 faizi 875.80 manat təşkil edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh 17516 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnaməçıxqarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 14.06.2019-cu il tarixdə bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, Cavabdeh 17516 (on yeddi min beş yüz on altı) manat məbləğində borcun olduğunu etiraf edir və borcu 30.08.2019-cu il tarixədək ödəyəcəyini öhdəsinə götürür. Göründüyü kimi işin materiallarına əlavə edilmiş müqavilənin məzmunu, onun formasına uyğundur və onlar bir-birini tamamlayır. Müqavilənin məzmunundan görünür ki, borclu müəyyən borcu etiraf edir və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qanunun mənasına görə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Borcun etirafı haqqında müqavilədə tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə müxtəlif müqavilələrdən (alqısatqı, kredit, podrat, icarə və s.) əmələ gələn borc etiraf oluna bilər. Mülki hüquqda “borc” anlayışı yalnız borc (kredit) müqaviləsindən əmələ gələn pul öhdəliyinə şamil edilmir. Bu anlayış ümumiləşmiş anlayışdır və öhdəlik münasibətində (hansı əqdə əsasən yaranmasından asılı olmayaraq) bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) qarşısında olan pul öhdəliyini ifadə etmək üçün istifadə olunur. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə Mülki Məcəllənin 385 və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən gecikdirilməsi də işin materialları ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17516 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17516 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar