Məhkəmə qərarları › İş №2(003)-2208/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2208/2023

26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2208/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8200 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 102 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 2022-ci ilin iyun ayında sosial şəbəkədə “tap.az” saytı vasitəsilə qızı Ülkər Əliyevaya həyətyanı torpaq sahəsi axtararkən diqqətini Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 12 ha sahədən ibarət torpaq sahəsinin satışı üçün elan yerləşdirilmişdir. Həmin elanla maraqlanmaq üçün elanı paylaşan Elmir adlı şəxsin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayaraq onunla danışmış və həmin torpaq sahəsinə gedib baxdıqdan sonra torpaq sahəsinin yalnız 500 kv.m sahəsini almaq istədiyini bildirmişdir. Elmir adlı şəxs ona torpaq sahəsinin Orxan adlı şəxsə məxsus olduğunu deyərək sonuncu ilə görüşməli olduğunu bildirmiş və ona Orxanın nömrəsini vermişdir. Daha sonra o, Orxanla danışaraq torpaq sahəsində görüşmüş və torpaq sahəsini 7000 manata almaq istədiyini bildirmişdir. Orxan onun təklifi ilə razılaşdı və onlar birlikdə Binəqədi rayonu Azadlıq prospekti 183 A ünvanında yerləşən 27 saylı notariat ofisinə alqı-satqı etmək məqsədi ilə getmişlər. X3 Əliyevanın adına Elşən adlı şəxsin adından etibarnamə veriləcəyini bildirmiş, bunu da torpaq sahəsinin tanışı Elşənin adına rəsmiləşdirilməsi ilə əlaqələndirmişdir. O, Orxanın sözünə inanmış və Elşən adlı şəxsin adına olan 12 ha torpaq sahəsindən 500 kv.m hissəsinə dair qızına etibarnamə verilmişdir. Daha sonra həmin notariat ofisinin qarşısında qızı Ülkər Əliyevanın idarə etdiyi “Toyota Prius” markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 7000 manat pulu Orxan adlı şəxsə vermişdir. Beş gündən sonra yenidən Orxan adlı şəxslə əlaqə saxlayıb sözügedən torpaq sahəsinin qalan 700 kv.m hissəsini hissə-hissə ödəmək şərti ilə almaq istədiyini bildirmişdir. Orxan onunla razılaşdıqdan sonra Elşən adlı şəxslə Bakı şəhəri 27 saylı notariat ofisinə gedərək 700 kv.m torpaq sahəsinə dair onun adına etibarnamə verilmiş, daha sonra Orxana həmin ərazidə həmin avtomobildə 1500 manat pul vermiş, qalan pulu isə 18 ay müddətinə hissə-hissə hər ay 500 manat olmaqla ödəməyi barədə razılığa gəlmişlər. Bir müddət sonra isə həmin torpaq sahəsində tikinti işləri aparmaq istədikdə torpaq sahəsinin öncədən başqa şəxslərə satıldığı ona məlum olmuşdur. Bundan sonra Orxan adlı şəxslə əlaqə saxlayaraq ona verdiyi pulu qaytarmasını tələb etmiş, lakin o, pulunun olmadığını, buna baxmayaraq qısa müddət ərzində qaytaracağına söz vermişdir. Orxan söz versə də vədinə əməl etməmiş və bu günədək pulu ona qaytarmamışdır. Orxan pulu qaytarmadığına görə o, xx.xx.2022-ci il tarixdə polis şöbəsinə müraciət etmişdir. Şikayət ərizəsi üzrə təhqiqat aparılmış və Orxan ondan 8500 manat pul aldığını etiraf etmişdir. Həmçinin o, həmin puldan 800 manatını qaytardığını və ona 7700 manat borclu qaldığını bildirmişdir. Lakin, Orxan adlı şəxsin ona hazırda 8200 manat borclu qalmışdır. Belə ki, Orxanın qaytardığı 800 manat pulun 400 manatı daş və quma verilmiş pul, 100 manat isə maklerə ödənilmiş puldur. Qalan 300 manatı isə 8500 manat borcuna aid hissədir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, o, iddiaçının qızıdır. Həmin elanı saytda özü tapmışdır. Daha sonra həmin torpaq sahəsinə baxmaq üçün getmişlər. Torpaq sahəsini bəyəndikdən sonra torpağın Cavabdeh məxsus olmasını öyrənmişlər. Orxan bildirmişdir ki, torpaq onundur, lakin sənədlərdə xalası oğlu Elşənin adına rəsmiləşdirilmişdir. Alqı-satqı barədə razılaşdıqdan sonra notariusa getmişlər. Torpaq sahəsinin 5 sotu onun adına, 7 sotu isə anasının adına etibarnamə ilə verilmişdir. Pul məbləğini öz avtomobilində Orxan adlı şəxsə vermişdir. Sonradan həmin torpaq sahəsinin ba.qasına məxsus olduğunu bilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -5 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 036228 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X1 adını “Ülya” adına dəyişdirmişdir. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh izahatı alınmış və o, verdiyi izahatında iddiaçıdan torpağın satışı üçün 8500 manat aldığını təsdiq etmişdir. Daha sonra isə, həmin məbləğin 800 manatını geri qaytardığını, hal-hazırda 7700 manat borcunun qaldığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsası olmadan iddiaçıya məxsus pul vəsaitini özündə saxladığından iddia ərizəsi əsaslıdır ona görə də təmin olunmalıdır. İddiaçı qaytarılan pul məbləğinin 400 manatının daş və qum xərci olmasını, 100 manatının isə maklerə verilən xərc olmasını, bu səbəbdən cavabdehdən alınmalı məbləğin 8200 manat olmasını bildirərək həmin məbləğdə pulu tələb etsə də, həmin xərclərin həqiqətən iddiaçı tərəfindən çəkilməsini sübut edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Sübutetmə yükü də bu məqamda iddiaçıda olduğundan məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh 7700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 102 manat olmaqla, ümumilikdə 7802 manat məbləğində pul İddiaçı Məzahir qızının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 7700 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 102 manat olmaqla ümumilikdə 7802 (yeddi min səkkiz yüz iki) manat məbləğində pul İddiaçı Məzahir qızının xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar