Məhkəmə qərarları › İş №2(003)-2221/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2221/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2221/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi olmaqla cavabdeh Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi olmaqla cavabdeh Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 3 saylı evin 5 saylı mənzilindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 1**2-ci il tarixli 572/11 saylı sərəncamı ilə İddiaçı1 əri X6 anası X2 verilmişdir. Mənzil verilən anda o, yəni İddiaçı1 X11 ilə ailə qurmuş və onlar X1 razılığı ilə həmin mənzilə köçüb birgə yaşamış və onunla birgə təsərrüfat aparmışlar. X12 və onun anası X5 vəfat etmişlər. Otuz ildən yuxarı həmin mənzildə yaşamaqlarına baxmayaraq bu günə kimi onlar oraya pasport qeydiyyatına alınmamışlar. 1**2-ci ildən onların həmin mənzildə yaşamaqlarını 130 saylı MKİS tərəfindən tərtib edilmiş aktla və arayışla təsdiq edilir. Daimi yaşadıqları mənzilə qeydiyyata alınması ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmişlər. Həmin mənzilə aid sənədi və 130 saylı MKİS tərəfindən verilmiş arayışı ərizəyə əlavə etmiş və hesab edir ki, yaşadıqları ev Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı mənzil anlayışına aiddir. Lakin, xahişi təmin edilməmişdir. Xəzər RPİ-nə qarşı qeydiyyata alınma tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Həmin məhkəmənin 0*.02.2024-cü il tarixli qərarı ilə iddiaları təmin edilməmişdir. Həmin qərarın əsaslandırma hissəsində məhkəmə qeyd etmişdir ki, “mənzilə istifadə hüququ əldə edib-etməməsinin müəyyən edilməsi inzibati deyil, mülki mühakimə icraatının araşdırma predmetinə aiddir”. Bu səbəbdən hazırkı iddia ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçıların vəkili A.İ.Rəfixanov iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər RPİ-nin rəis müavini xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı İnzibati Məhkəməsinin 0*.02.2024-cü il tarixli 2-1(112)-3246/2124 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər RPİ-nə (üçüncü şəxs Xəzər rayon MKTB) qarşı “qeydiyyata alınma” tələbinə dair iddialarının təmin edilməməsi qərara alınmışdır. -Həmin qərarda göstərilmişdir ki, iddiaçıların mübahisəli mənzilə köçməsi, orada icarədarla ümumi təsərrüfat aparıb-aparmamasının, nəticədə isə həmin mənzilə istifadə hüququnun əldə edib-etməməsinin müəyyən edilməsi inzibati deyil, mülki mühakimə icraatının araşdırma predmetinə aiddir. Çünki, iddiaçıların mübahisəli mənzilə hüquqlarının olması ilə bağlı hazırkı tələbin faktiki əsasını mülki mübahisə təşkil edir. -Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 18.11.1**2-ci il tarixli 572/11 saylı sərəncamının surətindən görünür ki, Mərdəkan qəsəbəsi Köhnə Bolşevik küçəsi 3 saylı evin sahəsi 25 kv.m olan 2 otaqlı 5 saylı mənzili X1 ailəsinin mənzil növbəsində və əvvəlki ünvanda pasport qeydiyyatında saxlamaqla onun övladları Əsgərov Şirəliyə və Əsgərov Nəbiyə müvəqqəti yaşayış sahəsi verilmişdir. -Bakı şəhəri Xəzər rayonu 130 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı2 Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi ev 3 mənzil 5 ünvanında İddiaçı1 ilə birlikdə qeydiyyatsız yaşayırlar. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 2*.0*.2023-cü il tarixli 05/6*-1528 saylı arayışdan görünür ki, X11 22.12.1*55-ci il tarixdə doğulmuşdur. Onun atası X14, anası X3r. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı 338433 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X8 nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi (Əzizbəyov rayon VVADQ) tərəfindən verilmiş AZ seriyalı 022*68 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 08.10.1***-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında 12.10.1***-cu il tarixdə 1*6 sayla qeyd edilmişdir. -Bakı şəhəri Xəzər RPİ tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olduğu üçün onların ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları mümkün hesab edilməmişdir. -ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 3 saylı evin 5 saylı mənzilinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-12/2- 1806/2024 saylı məktubundan görünür ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 18.11.1**2-ci il tarixli 572/11 saylı sərəncamı ilə X2 verilmiş Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi ev 3 mənzil 5 ünvanında yerləşən mənzillə bağlı order və ona aid digər məlumatlar (sənədlər) Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 200*-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən mübahisə predmeti olan mənzil İddiaçı1 qayınları Əsgərov Şirəli və Əsgərov Nəbiyə müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin mənzil iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi onun qaynanası X1 adına verilməmişdir. Ümumiyyətlə, İddiaçı1 həmin mənzildə yaşamaq üçün icazəsi olmamışdır. Həmçinin, o, mənzilin icarədarları olan Şirəli Əsgərov və Nəbi Əgərovun ailə üzvü hesab edilmir. Məhkəmə tərəfindən ƏMDK DƏDKR publik hüquqi şəxsinə sorğu verilmiş və nəticədə məlum olmuşdur ki, mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 3 saylı evin 5 saylı mənzilə dair hüquqların dövlət reyestrindən hər hansı çıxarış mövcud deyildir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 3 saylı evin 5 saylı mənzili Xəzər rayon MKTB-nin balansındadır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13*.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ *3). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi olmaqla cavabdeh Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi olmaqla cavabdeh Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar