Məhkəmə qərarları › İş №2(003)-2236/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2236/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2236/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı “borcun ödənilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - «xxxx» MMC) Cavabdeh qarşı “borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 10 sentyabr 2019-cu il tarixdə 01/159/19 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 2769,09 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib. cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan Ödəniş qrafikinə əsasən 07.04.2021 tarixinədək, ödənişləri üzrə 1376,40 manat, dəbbə pulu üzrə 1163,12 manat olmaqla, cəmi 2539,52 manat məbləğində borcu yaranıb.Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 375 gün müddətində gecikdirilib və beləliklə də. müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Müqavilənin müddəti 10.09.20 tarixində bitib. Yuxarıda göstərilənlərə əsasən, 01/159/19 saylı, 10 sentyabr 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş ödənişlər üzrə 1376,40 manat, dəbbə pulu üzrə 1163,12 manat, cəmi 2539,52 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəməiclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edirki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixdə 01/159/19 saylı Nisyə alqı-satqı müqaviləsi"nə əsasən iddiaçı qiyməti 2769,09 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib. İş materiallarında olan “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə 1 saylı Əlavəyə əsasən Cavabdeh 12 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 230,76 manat olmaqla, ümumilikdə isə 2769,09 manat məbləğində pulu “xxxx” MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktından aydın olur ki, Cavabdeh 1 (bir) ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını təhvil almışdır. İş materiallarında olan «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 1376,40 manat əsas və 1163,12 manat dəbbə pulu olmaqla, cəmi 2539,52 manat məbləğində borcu var. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, “xxxx” MMC hazırkı iddia üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1, Cavabdeh və “xxxx” MMC arasında bağlamış 10 sentyabr 2019-cu il tarixli 01/159/19 saylı “Nisyə alqı-satqı" müqaviləsindən aydın olur ki, iddiaçı qiyməti 2769,09 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. İddiaçı hazırkı iddia üzrə 30 manat dövlət rüsumu ödəmişdir. İş üzrə iddiaçı lizinq obyektiniCavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 428.4-cü maddəsinin tələbindən görünür ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verilə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, buna görə də iddia ərizəsində tələb olunan 1376,40 manat əsas borcu cavabdehdən tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmiş cavabdehə hesablanmış 1163,12 manatdəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edir və işin halları nəzərə alınmaqla cərimənin 100,0 manata qədər azaldılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlirki, 10 sentyabr 2019-cu il tarixli 01/159/19 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, iddiaçıya lizinq ödənişləri üzrə iddia edilən miqdarda borcunun yaranması, cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması tam təsdiq olunduğundan, bununlada iddiaçının pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yarandığından, Cavabdeh 1376,40 manat əsas borc və 100,0 manat cərimə (dəbbə borcu) olmaqla, ümumilikdə 1476,40 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, qalan 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 228.3-cümaddəsinəəsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1376,40 manat əsas borc və 100,0 manat cərimə (dəbbə borcu) olmaqla, ümumilikdə 1476,40 (bir min dörd yüz yetmiş altı manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul vəsaiti tutularaq «xxxx» MMC-yə ödənilsin. Dövlət rüsumunun 10,0 manat məbləği iddiaçının özünə aid edilsin. İddia qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar